Əli Həsənovun şöbəsində çalışanlar etiraz edirlər

Əli Həsənovun şöbəsində çalışanlar etiraz edirlər

18-03-2020 13:09 / Bu xəbər 2056 dəfə oxundu

Gülsel Səfərova: "4 aya yaxındır ki, mənimlə birlikdə 20-dən artıq Administrasiya əməkdaşı səbəb qeyd edilmədən işindən kənarlaşdırılıb"
 
Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri, Prezident Adminstrasiyasının əməkdaşı Gülsel Səfərova prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Prezident Adminstrasiyasındakı işindən uzaqlaşdırıldığını deyən təşkilat rəhbəri bunun səbəbini öyrənmək istədiyini deyib: "4 aya yaxındır ki, mənimlə birlikdə 20-dən artıq Administrasiya əməkdaşı səbəb qeyd edilmədən işindən kənarlaşdırılıb. Mən hər zaman dövlətimə vicdanımla işləyib, Cənab Prezident və Birinci vitse-prezidentin həyata keçirdiyi siyasi kursun icraçısı olmuşam”.

AGAT sədri gənclər hərəkatında fəallığını, bir sıra beynalxalq konfranslarda Azərbaycanı təmsil etdiyini əsas gətirərək işdən səbəbəsiz uzaqlaşdırılmasını sorğulayıb.

O bildirib ki, indiyə qədər bir sıra yerlərə müraciət etsə də, şikayətinə cavab verilməyib: "Cənab Prezident, şəxsən mən ilk növbədə PA rəhbəri Samir Nuriyevə aidiyyatı problemlə bağlı məktub ünvanladım, lakin məktub aylardır cavabsız qaldı. 

Daha sonra sizə müraciət məktubu ünvanladıq. Bildiyim qədəri ilə bu məsələ ilə əlaqədar Prezidentin köməkçisi Anar Ələkbərov və PA rəhbəri Samir Nuriyev məşğuldur. Lakin onlara çatmaq hazırda qeyri-mümkün bir hadisəyə çevrilmişdir. Ona görə də müraciətimi "facebook” üzərindən etməyə məcbur qaldım. 

Məktublara cavab verilməmiş, hansı səbəbə kənarlaşdırıldığım barədə heç bir məlumat almamış və 2011-ci il iyulun 1-də imzaladığınız fərman icra edilməmişdir. Fərdi və ya kollektiv müraciətlərimə baxmayaraq, heç bir əlaqə yaradılmamışdır.

Sizin hər bir məsələyə olduqca ədalətli və diqqətli yanaşdığınızı bildiyimə görə bu müraciətin də öz müsbət həllini tapacağına inanıram”.

Gülsel Səfərova 2014-cü ildən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində çalışırdı. Şöbə müdiri Əli Həsənov vəzifəsindən azad edildikdən və şöbə ləğv edildikdən sonra 20 əməkdaş da işsiz qalıb. 

Qeyd edək ki, həmin şöbə 2019-cu ilin noyabrında ləğv edilib.///Toplum.Tv