Əli Kərimlinin məhkəməsi: həbslər, cərimələr, təzyiqlər... (Yenilənib)

Əli Kərimlinin məhkəməsi: həbslər, cərimələr, təzyiqlər... (Yenilənib)

02-12-2024 19:22 / Bu xəbər 204 dəfə oxundu

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində saxlanılan AXCP üzvləri Ruslan Əmirov, Elməddin Muradov və Fuad Abdullayev sərbəst buraxılıblar.

Bu barədə AXCP üzvləri məlumat veriblər.

***

AXCP sədri Əli Kərimlinin məhkəməsi zamanı saxlanılan və məhkəməyə çıxarılan cəbhəçilərlə bağlı qərar verilib.

Barəsində qərar çıxarılan cəbhəçilər İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə ittiham olunublar.

AXCP üzvlərinin verdiyi məlumata görə, partiya üzvləri Rövşən Asvarov 15, Mikayıl İsmayılov isə 30 sutka inzibati həbs alıb.

Partiyanın digər üzvləri Elçin Hacıvəlli, Rövşən Rəhimov, Rövşən Səfərov və Elçin Nuruşovun hər biri 200 manat cərimə edilib.

Rövşən Rəhimov jurnalistlərə deyib ki, telefonu geri qaytarılmayıb.

Polis əməkdaşları ondan telefonunun şifrəsini də alıblar.

AXCP üzvü Rövşən Səfərov isə jurnalistlərə işgəncəyə məruz qaldığını deyib.

Onun gözünün altında xəsarət izləri müşahidə olunub.

O, Ruslan Əmirovun da bölmədə işgəncəyə məruz qaldığını deyib.

Ruslan Əmirov və digər cəbhəçilər barədə hələ ki məlumat yoxdur.

***
 
AXCP sədri Əli Kərimlinin məhkəməsi zamanı saxlanılan cəbhəçilərdən 3 nəfər - Elçin Hacıvəlili (AXCP Goranboy təşkilatının sədri), təşkilatın Ağdaş şöbəsinin üzvü Rövşən Asparov və Göyçay şöbəsinin üzvü Mikayıl İsmayılov Nəsimi Rayon Məhkəməsinə çıxarılıb. 

Bu barədə AXCP-dən Meydan TV-yə bildirilib. 

Onların haqqında məhkəmədə qərar veriləcəyi gözlənilir. 

Təşkilatın üzvü Gülnara Rəhimova deyib ki, onlara polis bölməsində zor tətbiq edilib, dırnağı qopub, bədənində müxtəlif xəsarətlər var. 

AXCP sədrinin mühafizəçisi Ruslan Əmirovun da döyüldüyü bildirilir, amma onun hazırda harada saxlanıldığı bilinmir.

DİN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

***

Partiya sədri böhtan atmaqda təqsirli bilinib

Azərbaycan Xalq Cəbhəsinin Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Nəsimi Rayon Məhkəməsində hökm çıxarılıb.

Hakim Babək Pənahovun çıxardığı hökmlə Əli Kərimli Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə təqsirli bilinib və 1500 manat cərimələnib.

Bu hökm AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Aydın Əliyev AXCP sədrinin 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Əli Kərimli qərarı siyasi sifariş sayıb və hökmdən apelyasiya şikayəti verəcəyini deyib.

Məhkəməyə gələn AXCP üzvlərindən isə 12 nəfərdən artıq şəxs saxlanılıb.

Bunlar Gülnarə Rəhimova, Ruslan Əmirov, Elçin Hacıvəlli, Rövşən Asavrov, Vidadi Mirkamal (Milli Şuranın üzvü),  Rövşən Səfərov, Elməddin Muradov, Şəkər Şükür, Rövşən Rəhimov, Tünzalə Əmirov,  Mətanət Turan, Ziyafət Abbasova (Milli Müqavimət Hərəkatı üzvü) və Sevda İsmayılovadır.

Saxlanılanlardan Vidadi Mirkamal, Tünzalə Əmirova və Mətanət Turan sərbəst buraxılıb, digərləri barədə məlumat yoxdur.

AXCP üzvü Mətanət Turan Meydan TV-yə bildirib ki, onları əvvəlcə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə, daha sonra isə 19-cu Polis Bölməsinə aparıblar.

O, bölmədə təzyiq və təhqirlə üzləşdiklərini deyib.

Əli Kərimli niyə məhkəməyə verilib?

AXCP-dən 2019-cu ildə xaric olunmuş Aydın Əliyevin Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya görə, Əli Kərimli müxtəlif internet kanallarında çıxışlarında ona böhtan atıb.

O, AXCP sədrinin Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsilə cəzalandırılmasını tələb edib və 6 ay həbs edilməsini istəyib.

Əli Kərimli isə deyib ki, çıxışlarında böhtan, insan ləyaqətini aşağılayan heç nə olmayıb.

Onun sözlərinə görə, dedikləri həqiqətdir və korrekt şəkildə ifadə olunub: "Açıq-aşkar partiyanın siyasi kursuna qarşı çıxıb. Rəyasət Heyəti də buna görə onu uzaqlaşdırıb”.

AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.

"Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.