Əli Kərimli: "Azərbaycanda uşaqpulu korrupsiya layihələrinə xərclənir"

Əli Kərimli:

01-06-2021 18:23 / Bu xəbər 759 dəfə oxundu

"Azərbaycanda uşaq pulunun verilməməsinin səbəbi hakimiyyətin uşaqlara ögey münasibətidir".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Toplum TV”-yə belə deyib. 

BMT-nin Baş Assambleyası 1950-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması barədə qərar qəbul edib. 

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Uşaqlar Günü qeyd olunur.

Bir neçə ay öncə isə Azərbaycanda uşaqpulunun verilməsi gündəmə gətirilmiş və bu da müzakirələrə səbəb olmuşdu. 

AXCP sədri deyir ki, Azərbaycanda digər vəsaitlər kimi, uşaqpulu da korrupsiya layihələrinə xərclənir, regionların inkişafı adı altında mənimsənilir: "Uzun müddətdir ki, ölkədə uşaqpulunun verilməsini tələb edirik. Azərbaycanın maddi imkanları yetərincə çoxdur. Azərbaycandan dəfələrlə kasıb ölkələr uşaq pulunu verirlər, amma Azərbaycan hakimiyyəti öz prioritetlərini müəyyənləşdirən zaman insanlara, o cümlədən uşaqlara xidməti prioritet hesab etmir”.

Əli Kərimli 

Ə.Kərimli hesab edir ki, Azərbaycanda uşaqpulunun verməmək üçün heç bir iqtisadi səbəb yoxdur: "Azərbaycanın dövlət rezervləri çox böyükdür və artmaqda da davam edir. Rəsmən də etiraf olunur ki, neft pulları arasında bizim gələcək nəsillərin uşaqlarının da payı var, amma artıq o pay da yeyilib. Çünki neft gəlirlərinin əksəriyyətini artıq əldə edilib və 75%-i artığı xərclənib”.

Onun sözlərinə görə, müharibədən sonra Azərbaycanda inşa edilən bahalı, yəni 100 milyonluq binalara çəkilən xərclə uşaqpulunu həll etmək olardı: "Büdcədə 700 milyon profisit ola-ola uşaqpulu haqqında heç nə fikirləşmirlər". 

"Bu gün biz ikiqat məsuliyyətlə uşaqlarımızın sabahını düşünməliyik. Onları ehtiyacdan qurtarmaq üçün uşaq pulu verilməsini hökumətdən hamılıqla tələb etməliyik. Uşaqlarımız üçün yaxşı təhsil, səhiyyə, sosial müdafiə xidmətləri göstərən, onların hüquqlarını qoruyan, inkişaflarına zəmin yaradan dövlət qurmaq vəzifəmizi bir an öncə yerinə yetirməliyik. Özümüz üçün edə bilmədiklərimizi də uşaqlar üçün - övladlarımız üçün etməliyik”, - Əli Kərimli "Feysbuk" hesabında isə belə yazıb. 

Vahid Əhmədov: "Uşaqpulu mütləq verilməlidir"

"Ola bilər ki, uşaqlara ünvanlı yardımlar verilir, amma bu pulların ünvana çatmasında problemlər yaşanır. Uşaqpulu ilə bağlı vəziyyət isə belə deyildi", - deputat Vahid Əhmədov "Toplum TV"-yə açıqlamasında belə düşünür. 

Vahid Əhmədov

Onun fikirincə, ümumiyyətlə, uşaqpulu həmişə gündəmdə olan məsələdir: "Müəyyən arqumentlər var. Deyirlər ki, uşaqlara müəyyən müavinətlər verilir və bu müavinatlar kifayət qədərdir. Ona görə də uşaqpulu verilməsi böyük vəsait tələb edir. Amma biz təklif edirik ki, uşaqpulu mütləq verilməlidir. Çünki uşaqpulu uşaqların normal yaşaması üçün vacibdir”.

"Biz müharibədə qalib gəldik. Ora kifayət qədər vəsait xərclənəcək. Hətta bizdə buna görə uşaqpulunu gündəliyə çıxartmırıq. Başa düşürük ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün milyardlarla vəsait sərf olunacaq", - deyə deputat bildirib. 

Qubad İbadoğlu: "Əsas problem İlham Əliyevin siyasi iradə nümayiş etdirməməsidir"

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri (ADR), iqtisadçı-ekspert Qubad İbadoğlu isə deyir ki, ölkə başçısı bu məsələ ilə bağlı siyasi iradə nümayiş etdirmir: "Əsas problem İlham Əliyevin bu işə qərar verməməsi, siyasi iradə nümayiş etdirməməsidir. Biz valideynlər uşaqlarımızın layiq olduqlarını hakimiyyətdən ala bilmirik. Azərbaycanda uşaqpullarının verilməməsinin günahı uşaqlarda deyil, onların valideynlərindədir. Bu gün biz valideynlər haqqlarımız uğrunda mübariz olmadığımıza görə uşaqlarımız hələ də yarımçıq və keyfiyyətsiz təhsil alır, onlar icbari tibbi sığortaya malik deyillər, normal qidalana və sosial-iqtisadi tərəqqinin nailiyyətlərindən faydalanmırlar”. 

Qubad İbadoğlu

"Bu hakimiyyətdən uşaqlarımızın haqqını almayana qədər heç vaxt uşaqpulu verilməyəcək. Belə olan halda uşaqlar da inkişafdan geri qalacaqlar. Odur ki, mən günahı hakimiyyətdə deyil, özümüz də görürəm. Təəssüf ki, layiq olmadıqlarımıza razılaşaraq, hazırkı susqunluğumuzla ölkənin gələcəyini də kor
edirik”.