Əli Kərimli: "Hakimiyyət mitinqin Bakıda keçirilməsindən qorxur"
26-09-2019 18:24 / Bu xəbər 4701 dəfə oxundu
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
Bu barədə "Report” xəbər yayıb.
Məlumata görə, BŞİH-də müraciətə baxılıb və mitinqin sentyabrın 28-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində, Neftçi İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, Milli Şuranın üzvü Əli Kərimli isə bu qərara etiraz edib.
O bildirib ki, hakimiyyət Milli Şuranın Bakıda mitinq keçirməsindən qorxur: "Açıq-aşkar Bakıda mitinq keçirməyimizdən qorxurlar. Konstitusiyanı, qanunu tapdalayıb, mitinq müraciətimizə vaxtında (mitinqə 3 iş günü qalmış) cavab vermədilər. Mitinqə cəmi 1 iş günü qalmış – indi bizə cavab veriblər. Bakı Şəhər İcra Hakimiyyəti 28 sentyabr mitinqinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində razılıq verib. Həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə etmişdik. Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik. Lökbatanda mitinq keçirmək təklifini əslində mitinqə "yox” demək kimi qiymətləndiririk".
"Aydındır ki, bu şəraitdə 28 sentyabr mitinqini keçirmək alınmayacaq. Ancaq belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək. AXCP və Milli Şurada müzakirələrdən sonra növbəti qərarlarımız barədə ictimaiyyətə məlumat veriləcək", - Kərimli bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-də mitinqin keçirilməsi üçün təklif etdiyi yerlərin ayrılmasına razılıq verməməsinin səbəbini açıqlayıb.
BŞİH-dən "Report”a bildirilib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zolaqlarında dinc toplantıların keçirilməsi qadağan edilir.
"Təklif edilən sayda insanın metronun "Nərimanov” stansiyasının qarşısındakı parkda toplanması ictimai təhlükəsizliyin təmin edilməsi baxımından mümkün deyil. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan məktubuna əsasən, mitinq keçirilməsi təklif edilən yerlərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin daha sıx fəaliyyətdə olduğu metrostansiyalarının çıxışlarının yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, eyni zamanda həmin ərazidəki ticarət-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneə törədəcəyindən göstərilən yerlərdə mitinq keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq. Alternativ olaraq, toplantının sentyabrın 28 - də saat 15:00 – dan 17:00 – dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ təlim – idman bazasında keçirilməsini təklif edirik”, – qeyd olunub.