Əli Kərimli: "Həbsxanada Taleh Bağırzadəyə işgəncə verilib"

Əli Kərimli:

27-11-2022 17:33 / Bu xəbər 649 dəfə oxundu

"Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə işgəncə verilib". 

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli "Feysbuk" hesabında yazıb.

O bildirib ki, 20 il müddətinə azadlıqdan məhrum edilmiş Tale Bağırzadə qapalı həbsxanada 7 il cəza çəkdikdən sonra 12 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib: "Cəzaçəkmə Müəssisəsinə göndərilən Tale bəyə orada bir qrup şəxs tərəfindən işgəncə verilib". 

Əli Kərimli bu işgəncə aktını pislədiyini bəyan edib: "Azərbaycan hakimiyyətinin öz siyasi rəqiblərinə, ictimai-siyasi fəallara qarşı işgəncə tətbiq etmək siyasətini qəti şəkildə pisləyirəm. İşgəncəni hamımız pisləməliyik. Orta əsrlərdən qalma bu antiinsani mübarizə vasitəsini durdurmağı Azərbaycan hakimiyyətindən hamımız birlikdə tələb etməliyik. İşgəncə verənlər və verdirənlər də ağır cinayət törətdiklərini və cinayətə görə cəzanın labüdlüyünü unutmasınlar".

"Arqument.az" Penitensiar Xidmətdən məsələyə münasibət öyrənə bilməyib. 

Taleh Bağırzadə, Abbas Hüseynov və Müsəlman Birliyi Hərəkatının digər üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat zamanı həbs edilib. 

Həmin əməliyyatda ikisi polis, dördü Nardaran sakini olmaqla, 6 nəfər öldürülüb.

Taleh Bağırzadə və Abbas Hüseynovun hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. 

Həmin əməliyyatda həbs olunan digərlərinə 14 il 6 aydan 19 ilə qədır həbs cəzası verilib. 

Onların bir qismin sonradan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbs olunanlar dövlət çevrilişinə cəhd, terrorçuluq və s. maddələrlə ittiham olunsalar da, heç biri bu ittihamları qəbul etmir. 

Taleh Bağırzadə və digərləri polislər də daxil öldürülənlərin hamısının əməliyyatçıların özləri tərəfindən qətlə yetirildiyini, onlarda silah olmadığını bildirir. 

Onlar həmçinin saxlanılarkən və aparılarkən, eləcə də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.