Əli Kərimli: “Heç nəyi dəyişmək istəməzdim”

Əli Kərimli: “Heç nəyi dəyişmək istəməzdim”

28-04-2021 18:33 / Bu xəbər 581 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin doğum günüdür. 

"Toplum TV” onunla müsahibəni təqdim edir:

- Əli bəy, 56 yaşınız tamam olur. Yaşadığınız ömrü necə qiymətləndirirsiniz? Nəyisə dəyişmək şansınız olsaydı, bu, nə olardı?

- Çox şükür edirəm Allahıma ki, peşmanlıq hissi keçirmədən yaşayıram. Özümü xalqım, ailəm, dostlarım qarşısında alnıaçıq, üzüağ hesab edirəm. Verdiyim mühüm qərarlara görə peşmanlıq hissi keçirmirəm. Ona görə də nəyisə dəyişmək istəməzdim. Yenidən yaşasaydım, həlledici məqamlarda indiki həyatımda verdiyim qərarları seçərdim. 

- İndiyə qədər siyasi fəaliyyətinizdə etdiyiniz ən böyük səhv, Sizcə, hansıdır?

- Mən siyasətçiyəm, mənə xalqımız qiymət verməlidir. Özümün müəyyən mülahizələrim ola bilər. Amma nəzərə alın ki, mən fəaliyyətdə olan siyasətçiyəm, memuar yazmıram, istefada deyiləm. Ona görə bu barədə cavabı xalqımızın öhdəsinə buraxıram, yəni hansı səhvimi böyük, hansını kiçik hesab edirlər. Hakim xalqımızdır. Mənim özümün müəyyən mülahizələrim var, amma bunları paylaşmaq istəmirəm. 

- 56 illik həyatınızın, demək olar ki, yarısı repressiyalardan ibarətdir. Heç peşman olmusunuzmu? 

- Xeyr. Mənim üçün çox önəmlidir ki, insan öz vicdanının səsi ilə hərəkət eləsin. Mənim aləmimdə ən önəmli məsələ vicdanı rahat etməkdir. İnsanın daxili səsi necə hərəkət etməyi tələb edirsə, o cür də etmək lazımdır. Əgər bunun müqabilində zaman pisdirsə, şərtlər ağırdırsa və sənin vicdanla, doğru bilib etdiyin hərəkətlər müəyyən repressiyalara səbəb olursa, bu əsas deyil ki, sən daxili səsinlə verdiyin qərarlara görə peşman olasan. Çünki bunun alternativi qorxaqlıq və ikili həyat yaşamaq olar. 

Sovet vaxtı, 1987-ci ildə tələbə olanda dostlarımla birlikdə mövcud rejimə qarşı atdığım böyük addım hüquq fakültəsində oxuya-oxuya gizli təşkilat yaratmaq idi. O vaxtdan başlayıb bu silsilə addımlar. Sonra univesiteti buraxıb Qarabağa da getmişəm. Sonra başqa addımlar da olub. Bunların hamısının nəticələri ola bilər, olub da. Onların heç birinə görə peşman deyiləm. Çünki bu qərarların hamısını daxili istəyimlə vermişəm. Mənim üçün çox önəmlidir ki, haqsızlıq görəndə ona qarşı çıxış edə bilim; kimsə, hansısa qüvvə nümayişkaranə şəkildə qanunları, qaydaları pozursa, mən ona açıq şəkildə etiraz edə bilim. Bu, mənim bir az da xarakterimlə bağlıdır, siyasi mövqeyim deyil. Açığı, mən orta məktəbdə də, ali məktəbdə də, əsgəri xidmətdə də, işlədiyim yerdə də ədalətsizlik görmüşəmsə, ona etiraz eləmişəm. O cümlədən, güclülərin gücündən, vəzifəsindən, pulundan, başqa imtiyazlarından istifadə edib zəifləri incitməsinə heç zaman səssiz qalmamışam. Açığı, bununla fəxr edirəm. Bir daha vurğulayıram ki, bu mənim siyasi fəaliyyətimlə bağlı deyil, siyasi fəaliyyətə qədərki ömrümdə də belə olmuşam. 

- Bəziləri hesab edirlər ki, Azərbaycanda ideoloji mübarizə yoxdur. Sizcə, AXCP ideoloji mübarizə aparır?

- İndi də onu atıblar ortalığa ki, Azərbaycanda guya idoeloji mübarizə yoxdur. Bilirsiniz, hər işi bir az dərindən bilib danışmaq lazımdır. Əlbəttə ki, aparılan mübarizə məhz ideya mübarizəsidir. İdeologiya sözü köhnəlib artıq. Xalq Cəbhəsi yaranandan elə ideya ətrafında yaranıb. Əsas birləşdirici ideya Azərbyacanın müstəqilliyi, ərazi bütövlüyü, Qarabağ üzərində suverenliyimizi bərpa etməklə yanaşı, həm də demokratiya idi. Biz hələ heç demokratiya ideyasını gercəkləşdirməyə nail olmamışıq. Yəni müstəqilliyimiz var, Qarabağın xeyli hissəsini azad etmişik, keçmiş Dağlıq Qarabağın əksər hissəsi, təəssüf ki, qalır, o mübarizə də davam edəcək. Amma ideoloji zəmində də xalq hərəkatında insanları birləşdirən totalitarizmə etiraz idi. Demokratiya, insan haqqları - bu, çox böyük dəyərlər sistemidir. Bunu ideologiyadan kənar mübarizə kimi qiymətləndirənlərin özlərinə yazıq olsun, bu böyük bir dəyərlər sistemidir, bəşəriyyət məhz bu dəyərlərə qovuşmaq, yəni seçib-seçilmək, bərabərhüquqlu olmaq, qanun qarşısında bərabər olmaq; təhlükəsizliyə, insan həyatına təminat vermək – bu dəyərlərin bərqərar olması üçün onlarla inqilab edib. Ən böyük ideya bunlardır və bunun uğrunda da mübarizə aparırıq. Sonradan ümumi demokratiya ideyasının içindən çeşidlər çıxacaq. Orda insanlar öz dünya görüşlərinə görə sıralanacaqlar. Mülkiyyətə, dövlət büdcəsinə, iqtisadiyyata, dəyərlərə münasibətinə görə mühafizəkar, liberal, sosial-demokrat, millətçi, dindar olacaqlar və sairə. Müxtəlif ideoloji cərəyanlarda birləşəcəklər. Bu, artıq demokratiyanın sonrakı halıdır. Bütün ölkələr ya totalitarizmdən, ya avtoritarizmdən demokratiyaya keçəndə, əvvəlcə ümumi demokratiya, ümumi insan haqları ideyası ətrafında birləşiblər. Onlar demokratiyanın hansısa cərəyanına, məsələn, liberal-demokratiyaya görə birləşib inqilab etməyiblər. Demokratiyaya keçid məhz ümumdemokratik dəyər və prinsiplər uğrunda mübarizədən başlayır. Biz o mərhələdəyik. Ona görə də bizdə demokratiyanın içindəki o çalarlar keçib arxa plana. Ona görə bir çoxları hesab edir ki, guya indi hökumətlə mübarizə ideyadan, ideologiyadan kənar mübarizədir. Elə deyil. Əslində, əgər ortada ideya, dəyərlər sistemi olmasaydı, insanlar bu qədər uzun müddətə bu qədər böyük fədakarlıqlar etməzdilər. 

- Gənc ictimai fəalların bir qismi apardığınız mübarizə üsulunun artıq köhnəldiyini, müasir dövrlə ayaqlaşmadığını deyir. Bu iddianı haqlı hesab edirsinizmi? Yeni nələrsə gətirməyə və ya nəyisə dəyişməyə ehtiyac varmı?

- Əvvəla, onu deyim ki, mən tənqidə açığam və hesab edirəm ki, hər zaman müxtəlif fikirlər, müxtəlif qiymətləndirmələr olmalıdır. Cəmiyyətdə belə düşünən insanların fikirlərinə də normal, təmkinlə yanaşıram. Amma haqlı bilmirəm. Çünki illər boyu oturub bizim etdiklərimizi tənqid etməkdənsə, ondan daha yaxşısını ortaya qoymaq daha ağlabatan olmazmı? Bu ölkədəki şərtlər altında, bu mühitdə bizim etdiklərimizdən daha yaxşısını etmək imkanı varsa, niyə bunu etmirlər? Etsinlər. Mən çox böyük şövqlə arzulayıram - elə böyük qüvvələr çıxsın ki, bizim etmədiklərimizi etsinlər. Daha çox insanı mübarizəyə səfərbər etsinlər. Daha yeni kreativ üsullarla insanlarda sabaha ümid yaratsınlar. Biz də həmin qüvvələrə öz potensial çiyindaşımız, müttəfiqimiz kimi baxaq. Mən ad çəkmək istəmirəm, yeni nəsli təmsil edən və şəxsən məndə aaz-çox ümid yaradan bütün siyasətçilərə, ictimai fəallara bacardığım qədər dəstək verirəm. Çox arzulayıram ki, yeni nəsil siyasətçilər çıxsın ortalığa və bizim bacarmadıqlarımızı da bacarsınlar. Siyasət bir peşədir, onun vasitələri də aşağı-yuxarı bütün dünyada eynidir və bu, prinsipcə yaşla bağlı deyil. Azərbaycanda tətbiq edilməsi mümkün olan hansı yeni üsul və vasitələr var ki, biz onu tətbiq etmirik - həmin o tənqidi fikirdə olan adamlar bu barədə konkret danışsaydılar, çox yaxşı olardı. Biz də bilmədiyimizi öyrənərdik. Mən hələlik bizim istifadə etmədyimiz elə bir üsul və vasitə görmürəm. Nəinki dünyanın müxtəlif ölkələrində, heç Türkiyədə tətbiq olunan üsul və vasitələri biz tətbiq edə bilmirik. Çünki burda şərait yoxdur, bu ölkə özü boyda həbsxanadır. Bu ölkədə 7-8 ildir siyasi məhbus sayı yüz nəfərdən aşağı düşmür. Heç bir siyasi azadlıq, azad media imkanı, seçki sistemi yoxdur. Ona görə də oturub heç nə olmamış kimi "Dünyada filan şey var, bizdə niyə yoxdur” demək düzgün olmaz. Burda tətbiqi mümkün olan hansı yeni üsul və vasitələr var ki, biz tətbiq etmirik, mən o barədə təklifləri gözləyirəm. 

- Vaxtilə AXC üzvü olmuş şəxslərin zaman-zaman ayrılıb öz partiyalarını yaratdıqlarını, çox zaman da AXC-yə qarşı çıxdıqlarını görürük. Bunu necə qarşılayırsınız? Bütün bunları partiyanın, yoxsa həmin şəxslərin fəaliyyəti ilə bağlayırsınız?

- Burda obyektivə bənzər bir səbəb var ki, Xalq Cəbhəsi partiya kimi yox, böyük bir xalq hərəkatı kimi yaranmışdı. Bizi birləşdirən üç əsas faktor var idi: müstəqillik, demokratiya və Qarabağ uğrunda mübarizə. Maksimum proqram həyata keçəndən sonra insanların öz cığırlarını ayırması təbiidir. Yəni demokratiya uğrunda mübarizəyə bir az fərqli cığırlarla, fərqli yollarla getmək müəyyən qədər təbiidir və bu mənə qədər də olub. Azərbaycandakı xalq hərəkatından çıxmış əksər böyük partiyalar mən AXCP sədri olana qədər artıq Xalq Cəbhəsindən ayrılmışdılar. Əksər partiyalar o zaman xalq hərəkatında olmuş adamlar idi, sonradan hərəsi öz böyük-böyük partiyalarını yaratdılar. Bu daha çox ideoloji zəmində ayrılma idi, onlara elə gəlirdi ki, bir az fərqli bir yolu sınamaq lazımdır. Amma onlar da müxalifət mövqeyindən hərəkət edirdilər. Hətta zaman-zaman həmin o Xalq Cəbhəsindən ayrılmış partiyalar ana müxalifət ola bilmişdi. Elə məqam olmuşdu ki, Xalq Cəbhəsindən də güclü olmuşdular. Amma mən sədr olandan sonrakı illərdə olan ayrılmaların əksəriyyəti süni şəkildə olub. Əvvəla, bu hökumətin planı olub ki, AXCP-nin çoxsaylı nüsxələrini çıxarsınlar, camaatı çaşdırsınlar. Sadə insanları bezdirsinlər ki, "Nə qədər Xalq Cəbhəsi olar axı?”, lağlağı etsinlər ki, hansı AXCP? Çoxsaylı təşkilatlar yaradıb hamısından tələb ediblər ki, adını Xalq Cəbhəsi qoysunlar. Bilirsiniz ki, mən sədr seçiləndən bir il sonra, partiyamızın hətta qeydiyyatını ləğv etmişdilər. Beynəlxaql qınaq oldu, 9 gündən sonra partiyanın qeydiyyatı bərpa olundu. Bunun ardınca öz aləmlərində bizi başqa cür məhv etməyə başladılar. Oxucular baxsınlar, qiymətləndirsinlər, süni şəkildə bizdən qopardılaraq yaradılan həmin partiyaların hansı əsl Xalq Cəbhəsi ola bildi? Bu sualın cavabını oxucuların öz öhdəsinə buraxıram. Onların əksəriyyəti indi parlamentdə deputat kimi hökumətin ətrafında deyillərmi? Həmin o qrupları ona görə hökumət bizdən qoparıb ki, bizi - onunla əsas mübarizə aparan təşkilatı yıpratsın, gözdən salsın. Bu adamlar ideoloji parçalanmaya, şəxsi narazılığa görə getməyiblər. Bunlara hökumət pul verib, mandat vəd edib. Bunlar satılıblar. 

- İkinci Qarabağ müharibəsi dövründə dövlətin yanında olduğunuzu elan etdiniz. Buna baxmayaraq, İlham Əliyevin sizə olan mövqeyi dəyişmədi, çıxışlarında sizin haqqınızda "anti-milli ünsürlər" kimi ifadələrdən istifadə edir. Sizcə, İlham Əliyevin Milli Şura və AXCP-yə aqressiv münasibətinin səbəbi nədir?

- Birincisi, mən dövlətin, millətin yanında oldum, İlham Əliyevin yox. Ona görə də onun bizə münasibətinin dəyişəcəyini gözləmirdim. Korrupsiyadan, saxtakarlıqdan danışırıq, xalqımızın sosail problemlərinin həllini tələb edirik, mənbələr göstəririk, ofşorlara daşınan milyardların xalqımıza qaytarılmasını tələb edirik, biz nə ediriksə, hamısı dövlətə, millətə xidmətdir və dövlətə xidmət etdiyimizə görə İlham Əlieyvin bizə münasibəti yalnız və yalnız şiddətlənir, daha da pisləşir. Dövlətin və millətin maraqları ilə İlham Əliyevin təmsil elədiyi ailə hakimiyyətinin maraqları tərs düşür. Eyni vaxtda hər iki marağı təmin etmək mümkün deyil. Ona görə də kimsə siyasətə atılırsa və səmimi şəkildə dövlətin, millətin marağından çıxış edəcəksə, o, hökumətin qarşısında olur və hökumətin sərt münasibətini görür. İlham Əliyevin Xalq Cəbhəsinə, Milli Şuraya, şəxsən mənə sərt, hətta aqressiv münasibətinin kökündə isə əsasən iki faktor dayanır. Ən önəmlisi odur ki, biz real qüvvə olmağı bacarırıq. Yəni hökumətə elə gəlir, hər şey edib ki, bu ölkədəki situasiyaya nəzarət etsin, real müxalifət olmasın, müxalifət adı ilə fəaliyyət göstərənləri də idarə etsin, idarə edə bilmədiklərini məhv etsin. Hökumət belə bir maksimalist düşüncədədir. Amma biz hər dəfə o planları pozuruq, hökumət bundan narahat olur. Hökumətin bizə qarşı aqressiyasının kökündə birinci bu durur, bizim real alternativ olduğumuzu bilir. Bilir ki, bu qüvvə həqiqətən də hakimiyyətə alternativ ola bilib, xalqın nəzərində elə də qəbul olunub və nə zamansa xalqa xidmətini də göstərə bilər. Ikincisi isə biz mətbuatın tamamilə susdurulduğu, söz azadlığı indeksinə görə 167-ci yerdə olan bir ölkədə həqiqətləri danışırıq. Bəzən azadlığımız, bəzən sağlamlığımız, bəzən də həyatımız bahasına da olsa. Və o həqiqətlərin məmur müxafilətçiliyi səviyyəsinə endirilməsinə imkan vermirik. İlham Əliyev istəyir ki, şəxsən onu tənqiddən kənar qoysunlar, bütün ölkədəki yaramazlıqların səbəbini də ayrı-ayrı məmurların fəaliyyətində görsünlər. Biz bu tabunu aradan qaldırırıq. Bunu biz etdiyimizə görə bizə münasibət belə sərtdir.

- Bu gün həm də Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu gündür. Bir əsr sonra Rusiya hərbçilərinin təkrar Azərbaycana gəlməsini necə qiymətləndirirsiniz? Sizcə, bu, Azərbaycanın müstəqilliyinə təhlükə yaradırdımı?

- Doğum günümlə Azərbaycanın işğal tarixi üst-üstə düşdüyünə görə mən ümumiyyətlə ad günümü qeyd etmirdim, yaxın adamlarıma da imkan vermirdim. Açığı, yeniyetmə vaxtlarımda bunun fərqində olmamışdım, amma 80-ci illərin ikinci yarısından müstəqillik əldə olunana qədər mən bu günü işğal günü kimi öz çevrəmdə qeyd edirdim və o vaxt zarafatla dostlarıma deyirdim ki, inadına məhz bu gün doğulmuşam, bu işğalla ömrüm boyu mübarizə aparacam – o vaxt bilmirdim bu işğal nə vaxta qədər çəkəcək.

İkincisi, sülhməramlı adı altında Rusiya qoşunlarının yenidən Azərbaycana qayıtması çox böyük təhlükədir. Dağlıq Qarabağı de-fakto ələ alıblar. Bizim nəzarətimizə keçmiş Şuşa şəhəri və Hadrut qəsəbəsindən başqa, bu saat Dağlıq Qarabağın ərazisi 30 illik müharibədən sonra nə Azərbaycanındır, nə də Ermənistanın, Rusiyanındır. 70 faizdən artığı Rusiyanın birmənalı nəzarətindədir. Rusiya ordusunun Qarabağda olması təkcə Qarabağa yox, bütövlükdə Azərbaycana təhlükə yaradır. Son zamanlarda atılan bir neçə provokativ addımları yada salaq. Orda on min nəfərlik hərbi düşərgə yaratmaq istəyi, Ermənistandakı 102 nömrəli hərbi bazanın bir hissəsini düz Qarabağın yaxınlığına, Ermənistanın şərqinə köçürmək planı və 9 maya planlaşdırılan parad - bunların hamısı birbaşa Azərbaycan dövlətinə də, elə bütün dünyaya da Qarabağla bağlı məsələlərin, təəssüf ki, bitmədiyini, yeni fazaya qədəm qoyduğunu göstərməkdir. Qarabağı bizdən alan Ermənistan yox, Rusiyadır və Rusiya öz ordusunu Qarabağa yerləşdirməklə Azərbaycanın daxili siyasətinə və onun bütövlükdə dövlət olaraq xarici siyasətinə də nəzarəti ələ keçirmək istəyir. Ona görə də biz qətiyyən arxayınlaşmamalıyıq. Bilməliyik ki, müstəqilliyimizin otuzuncu ilində həm Qarabağ uğrunda, həm də müstəqilliyimiz uğrunda mübarizə aktual olaraq qalmaqdadır.