Əli Kərimli: "Partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır"
20-03-2022 16:52 / Bu xəbər 1070 dəfə oxundu
Martın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Təşkilat Şöbəsinin üzvü Elxan Əliyev İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 sutka həbs edilib.
Qərar Nəsimi Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.
Məlumatı Azərbaycan Xalq Cəbhəsinin Mətbuat Xidməti yayıb.
Bldirilir ki, elektron məhkəmə portalında yayılan rəsmi məlumata görə, Elxan Əliyev İnxibati Xətalar Nəcəlləsinin 510-cu maddəsi ilə günahlandırılıb və barəsində inzibati tənbeh tətbiq edilib.
AXCP mətbuat xidmətindən "Amerikanın Səsi"nə deyiblər ki, Əliyev həmçinin İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə günahlandırlıb. Çünki 510-cu maddəinin sanksiyasında 15 sutkadan çox inzibati həbs yoxdur.
Polis Elxan Əliyevin hansı şəraitdə və hansı səbəbdən saxlanılması ilə bağlı məlumat verməyib.
AXCP Mətbuat xidməti bildirir ki, Elxan Əliyev avtomobili ilə hərəkət edərkən saxlanılıb: "O polisin çağırışına tabe olub və polslə birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gedib. Onun hərəkətlərində polsin çağırışına tabe olmamaq və xırda xuliqanlıq əlamətləri ümumiyyətlə olmayıb”.
AXCP sədri Əli Kərimli hesab edir ki, partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır.
"AXCP funksioneri Elxan Əliyevi şərləyərək son 6 ayda 3-cü dəfə 30 sutka müddətinə inzibati qaydada həbs etdilər. Elxan bəyin körpə övladlarını bayram axşamı atasız qoydular. Elxan bəy heç bir qanun pozuntusuna yol verməyib. Tez-tez həbs olunmasının tək səbəbi sərt tənqidi yazılarıdır”, - o qeyd edib.

Elxan Əliyev bundan öncə 2021-ci il dekabrın 1-də Bakıda Fəvvarələr meydanında siyasi məhbus kimi tanınan "Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılaraq 20 sutka inzibati həbsə məhkum edilib.












