Əli Kərimli prokurorluğu məhkəməyə verdi

Əli Kərimli prokurorluğu məhkəməyə verdi

24-02-2020 21:25 / Bu xəbər 1190 dəfə oxundu

Bakı Şəhər Prokurorluğu cinayət işini rədd edib

AXCP sədri Əli Kərimli prokurorluğu məhkəməyə verib. 

Səbəb isə Milli Şuranın 19 oktyabrda keçirdiyi mitinqdə tutulması və işgəncəyə məruz qalmasıyla əlaqədar cinayət işi başlanmaması, polislərin cəzalandırılmamasıdır.

Bakı Şəhər Prokurorluğu Ə.Kərimlinin 24 oktyabr 2019-cu il tarixli şikayətində qanunsuz tutulması, zorakılığa məruz qalması barədə yazılanların təsdiqini tapmadığını, polislərin hərəkətində cinayət tərkibi aşkarlanmadığını iddia edir. Ona görə də 5 dekabr 2019-cu ildə cinayət işinin rədd olunması barədə qərar qəbul edib.

Ə.Kərimli də bu qərarın əsassız olduğunu bildirərək, onun ləğvi üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.

AXCP sədri bildirir ki, bu qərar prokurorluğun ona işgəncə verənləri himayə etməsinin sübutudur.

"Prokurorluq hər hansı araşdırma aparmadan mənə qarşı işgəncə faktını ört- basdır edib, işgəncə verənləri məsuliyyətdən yayındırmağa çalışıb. Üstəlik, mənə işgəncə verilməsi faktı ilə bağlı cinayət işinin başlanmasından imtina barədə qərarını da qəsdən gizlədib. Məqsəd də bu olub ki, həmin qərardan vaxtında şikayət edə bilməyim”, - deyə Ə.Kərimli bildirib.

AXCP sədrinin sözlərinə görə, Bakı Şəhər Prokurorluğunun bu qərarından iki ay yarım sonra xəbər tutub. Ə.Kərimli deyir ki, birinci dəfə hadisədən dərhal sonra - oktyabrın 24-də prokurorluğa şikayət edib. Üstündən iki ay keçsə də, ona cavab verilməyib. Dekabrın 27-də yenidən Bakı Şəhər Prokurorluğuna məktub yazıb. Bu məktuba da fevralın 13-də cavab alıb. Bu cavabdan məlum olub ki, Bakı Şəhər Prokurorluğu 5 dekabr 2019-cu ildə onun birinci şikayəti üzrə cinayət işi başlanmasının rədd olunması haqda qərar qəbul edib. O da qeyd olunub ki, qərarın surəti onun yaşadığı ünvana da göndərilib.

Lakin Ə.Kərimli bildirir ki, ona qərarın surətini göndərməyiblər. Heç bu dəfə də qərarın surəti əlavə olunmayıb.

Ə.Kərimlinin sözlərinə görə, ikinci şikayətinə cavab məktubunda göndərilmə tarixi 22 yanvar 2020-ci il göstərilib. Amma ona fevralın 13-də gəlib çatıb: "Cavab məktubunu Bakının içində mənə 21 gün sonra çatdırıblar. Məqsəd mənim hüquqlarımı pozmaq və prokurorluğun qərarından məhkəməyə şikayət etmək imkanımı məhdudlaşdırmaq olub. Şikayətimin Avropa İnsan Hüquqları Məhkəməsinə gedə bilməməsi üçün. İlham Əliyev hətta vəzifəsi qanunçuluğa nəzarət etmək olan prokurorluq orqanlarını da işgəncə və repressiya mexanizminin bir hissəsinə çevirə bilib. Yaradılan maneələrə baxmayaraq, hüquq müstəvisində mübarizəmiz davam edir”.

Ə.Kərimli prokurorluğa şikayətində hadisədən sonrakı günlərdə ekspertizadan keçirilməsi, kamera görüntülərinə baxış keçirilməsi, onu saxlayan və işgəncə verən polislərin dindirilməsi haqda vəsatətlər qaldırsa da, təmin olunmayıb.///Meydan.tv