Əli Kərimli: "Rusiyaya ümid olan rejimlər üçün gerisayım başlayıb..."
06-11-2022 15:39 / Bu xəbər 1064 dəfə oxundu
"Böyük Britaniya kəşfiyyatı təsdiq edir ki, Rusiya Ukrayna ilə savaşda gündəlik ortalama 40-dan artıq zirehli texnika itirir. Bu o deməkdir ki, Rusiya ayda ortalama 1200 zirehli texnika itirir".
AXCP sədri Əli Kərimli Rusiya-Ukrayna müharibəsini şərh edərkən belə deyib.
O bildirib ki, Rusiya ordusunun gündəlik canlı itkiləri də son vaxtlar daha da artaraq 500-1000 nəfər arası olur: "Belə dəhşətli itkilərə heç "dünyanın 2-ci ordusu" da tab gətirə bilməz. Putin səfərbərlik elan edəndə demişdik ki, Rusiyanın əlavə olaraq 300 minlik ordu səfərbər etməsi müharibədə köklü dəyişiklik yarada bilməyəcək. Tam əksinə, Rusiyanın itkiləri dəfələrlə artacaq. Rusiyanın silah, sursat ehtiyatı və canlı qüvvəsi sürətlə tükənəcək. O zaman proqnozlaşdırdıqlarımız indi baş verir".

"Rusiya hələlik səfərbər etdiyi 318 min hərbçinin, müdafiə naziri Şoyqunun dediyinə görə, 87 min nəfərini birbaşa savaş bölgəsinə göndərib. Görünür, digər 231 min nəfəri silahlandırmaqda çətinliklər yaşayırlar. Ancaq qarşıdakı aylarda həmin 231 min nəfərin də əksəriyyəti köhnə silahlarla da olsa, silahlandırılıb Ukraynaya qarşı savaşa göndəriləcək. O halda isə Rusiyanın itkiləri daha da artacaq. Bu tərəfdən də sanksiyalar və müharibə xərcləri Rusiyaya trilyonlarla dollarlıq zərər verib. Böyük 7-lər artıq Rusiya neftinə qiymət həddi qoymağa da razılaşdılar. Rusiya nefti dünya bazar qiymətindən bareli 30-40 dollar ucuz alınacaq ki, Rusiyanın müharibəni maliyyələşdirmək imkanı olmasın", - deyə Kərimli qeyd edib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı ciddi böhranla üz-üzədir: "Ukrayna ilə savaşın 9-cu ayında Rusiyanın gəldiyi nöqtə budur: Nəhəng ölkənin iqtisadiyyatı müflis olur, ordusu dəhşətli itkilər verib tükənir, səfərbər etdiyi əsgərləri kütləvi şəkildə savaşdan imtina edir, beynəlxalq aləmdən təcrid olunub, texnoloji baxımdan o qədər geri qalıb ki, ümidlərini İrandan, Şimali Koreya və Belarusdan silah yardımına bağlayıb. Rusiyaya ümid olub ömürlük hakimiyyət eşqinə düşmüş bütün avtorutar rejimlər üçün də gerisayım başlayıb artıq".
Tarixçə
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.












