Əli Kərimli Şəhla Hümbətovadan yazdı

Əli Kərimli Şəhla Hümbətovadan yazdı

05-03-2021 17:50 / Bu xəbər 2146 dəfə oxundu

"Şəhla xanım yüksək peşəkarlığı ilə seçilən bir hüquqşünasdır"

"Təkcə bu fakt ölkə hakimiyyətinin mahiyyətini qoyur ortalığa. Azərbaycanda Vəkillər Kollegiyası nə ilə gəlir gündəmə? Bir qayda olaraq müstəqil fikirli vəkilləri cəzalandırmaqla. 
İndiyə qədər ölkənin xeyli sayda tanınmış, peşəkar, insan hüquqlarını müdafiə etmiş vəkilini kollegiyadan çıxarmış Vəkillər Kollegiyası bu dəfə də Şəhla Hümbətovanı Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıb". 

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.

Kərimli feysbuk hesabında yazıb: "Şəhla xanım yüksək peşəkarlığı ilə seçilən bir hüquqşünasdır. Ötən il ABŞ-ın "Cəsarətli qadınlar" mükafatını alıb. Mükafatı ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo və keçmiş birinci xanımı Melanie Tramp təqdim edib". 

"Azərbaycan hakimiyyəti ölkəni savaşdan əvvəlki vəziyyətə qaytarmaq üçün çox tələsir. Yenə də bütün "cəbhələrdə" hücuma keçiblər. Görünür onları cəmiyyətin hələlik baş verənlərə adekvat reaksiya verməməsi cürətləndirir", - Kərimli qeyd edib. 

O bildirib ki, cəmiyyət bu məsələlərdə susmamalıdır: "Ona görə də cəmiyyət olaraq heç bir haqsızlığa susmamalı, haqqımız olanı tələb etməyi bacarmalıyıq".

Martın 5-də Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb.

Məhkəmə Kollegiyanın iddiasını təmin edib və hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən iclasda Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

Bu barədə Meydan TV-yə Şəhla Hümbətovanın vəkili Elçin Sadıqov məlumat verib.

Kollegiya məhkəməyə müraciətində bildirib ki, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib.
 
Bu əsasla da onun Vəkillər Kollegiyasındakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib.
 
"Əslində isə üzvlük haqqının ödənilməməsi ilə bağlı müvəkkilimə məlumat verilməyib. Vəkillər Kollegiyasının çıxardığı qərardan 2 gün sonra isə Şəhla Hümbətova üzvlük haqqını tam ödəyib”, - Elçin Sadqıov belə deyib. 

Şəhla Hümbətova isə deyib ki, qərar siyasidir, məhkəmə də siyasi qərarı icra edib.

Onun sözlərinə görə, insan hüquqları ilə məşğul olan vəkilləri Kollegiyadan uzaqlaşdırmağı dövlət orqanları tələb edir: "Əvvəllər bunu açıq şəkildə icra edirdilər. Amma indi Kollegiya da bu siyasi sifarişi müxtəlif bəhanələrlə pərdələyərək gerçəkləşdirir".

Qərar kollegiyanın 2020-ci il noyabrın 28-də keçirdiyi iclasda qəbul edilib.

Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.

2020-ci il martın 4-də ABŞ Dövlət Departamenti Şəhla Hümbətovaya "Cəsarətli qadınlar” mükafatını (IWOC) təqdim edib.