Əli Kərimli xüsusi ittiham qaydasında məhkəməyə verilib

Əli Kərimli xüsusi ittiham qaydasında məhkəməyə verilib

09-08-2024 12:23 / Bu xəbər 697 dəfə oxundu

"Heç bir həbs təhdidi, hətta real həbs belə azadlıq və ədalət uğrunda mübarizəmizi durdura bilməz"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli xüsusi ittiham qaydasında məhkəməyə verilib, amma səbəb göstərilməyib.

Bu barədə Əli Kərimli özü Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, iş üzrə hazırlıq iclası avqustun 13-də, saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq.

Partiya sədri qeyd edib ki, elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib: "Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var”.

"Aydındır ki, mən heç kimi təhqir etməmişəm, heç kimə böhtan atmamışam. Bu, repressiya maşınının növbəti saxtakarlığı, növbəti üzəduranlığıdır. İşin lap əvvəlində deyim ki, heç bir cinayət işi, heç bir həbs təhdidi, hətta real həbs belə azadlıq və ədalət uğrunda mübarizəmizi durdura bilməz”, – deyə Kərimli vurğulayıb.

2000-ci ildən AXCP sədri olan Əli Kərimli I və II çağırış Milli Məclisin deputatı olub.

Əli Kərimli 2006-cı ildən xarici pasport ala bilmir. Bu imtina Əli Kərimli barəsində 1994-cü ilin sentyabrında açılmış cinayət işinin ləğv olunmaması ilə əsaslandırılır.

2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ə.Kərimliyə qarşı Avropa Konvensiyasının 2-ci protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) pozulduğunu tanıyıb, hökumət isə Strasburq Məhkəməsinin Böyük Palatasına apelyasiya verməyib.