Əli Kərimlinin həbsdə olan mühafizəçisinin şeirə görə “kars”a salındığı bildirilir

Əli Kərimlinin həbsdə olan mühafizəçisinin şeirə görə “kars”a salındığı bildirilir

14-03-2024 13:55 / Bu xəbər 901 dəfə oxundu

"Niyaməddin Əhmədov həbsdə də təzyiqlərə məruz qalır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində cəzalandırıldığı bildirilir.

Onun yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Niyaməddin Əhmədov cəzaçəkmə müəssisəsində cərimə kamerasına ("kars”) salınıb: "Öyrəndik ki, ona 6 günlük "kars” cəzası verilib. Səbəb də bu olub ki, onun olduğu yataqxanadan şeir tapıblar. O şeirdə də hakimiyyət tənqid olunubmuş. Buna görə cəzalandırıblar. Heç bir cinayət törətməyən adamı şərləyib həbsə atıblar, bununla da ürəkləri soyumur. Yenə də zülmlərini davam etdirirlər”.

AXCP-dən Meydan TV-yə bildirilib ki, Niyaməddin Əhmədov bundan öncə də bir neçə dəfə heç bir əsas olmadan cəzalandırılaraq, "kars”a salınıb: "Niyaməddin Əhmədov həbsdə də təzyiqlərə məruz qalır. Bundan əvvəl də müxtəlif bəhanələrlə onu dəfələrlə cəzalandırıblar”.

Niyaməddin Əhmədovun şeirə görə cəzalandırılmasıyla bağlı deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona karantin rejimi qaydalarını pozma iddiasıyla 30 sutka inzibati həbs cəzası verilib. 

Bu cəza başa çatan gün isə haqqında cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.

İddia olunub ki, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin ifadələrlə tənqid, bəzən də təhqir edən Qabil Məmmədov terror məqsədilə Bakıya pul göndərib. 

Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. 

Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.

Niyaməddin Əhmədov isə bu ittihamın absurd olduğunu, Qabil Məmmədovla eyni kənddən olmalarından istifadə edib, belə bir saxta ittiham quraşdırıldığını deyir.

Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qaldığını deyən AXCP fəalının sözlərinə görə, həbsinin əsl səbəbi partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmasıdır. 

O vurğulayıb ki, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi etiraz aksiyasında Əli Kərimli tutularkən sona qədər onu tək buraxmadığına görə cəzalandırılıb.