Əli Kərimlinin məhkəməsi: "Bu hakimiyyəti dəyişmək lazımdır"
14-10-2024 17:09 / Bu xəbər 662 dəfə oxundu
Oktyabrın 14-də Bakının Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri Əli Kərimliyə qarşı şikayətinə baxılıb.
Prosesə Babək Pənahov sədrlik edib.
İclas zamanı ittihamçı tərəfin təkidilə dinləmələr oktyabrın 22-nə təxirə salınıb.
Əli Kərimli hesab edir ki, qarşı tərəf prosesi süni şəkildə yubadır.
O hesab edir ki, şikayət hüquqi əsaslardan məhrumdur və ona qarşı cinayət işi tamamilə uydurmadır: "Niyə vaxtımı məhkəmələrdə itirməliyəm? Niyə bizi ofisdən məhrum edirlər? Niyə 18 ildir mənə pasport vermirlər? Niyə 4 ildir internetdən məhrum olmuşam? Sadəcə, ona görə ki açıq şəkildə bəyan edirəm ki, bu hakimiyyət ölkəni idarə etməyə qadir deyil və onu dəyişmək lazımdır".
Fərdi ərizəçi Əliyev Kərimlinin Azərbaycan Cinayət Məcələsinin 147.1-ci (böhtan) maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir.
İddiaçı məhkəmənin Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının qərarını Aydın Əliyevin şikayətindən sonra ləğv etməsilə bağlı Kərimlinin şərhini "böhtan" adlandırıb.
Əli Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi həmin şəxsin şikayəti əsasında 24.06.2023-cü il tarixli qurultayda 287 "lehinə", bir "əleyhinə" səslə qəbul edilmiş qərarları etibarsız sayıb".
Kərimli iddianın əsassız olduğunu, "hakimiyyətin sifarişi" ilə məhkəmə tərəfindən qəbul edildiyini bildirib.
Şikayət təmin edilsə, Əli Kərimlini 6 ayadək azadlıqdan məhrumolunma təhlükəsi gözləyə bilər.