Əli Kərimlinin mühafizəçisi aclıq edir və koronavirusa yoluxub

Əli Kərimlinin mühafizəçisi aclıq edir və koronavirusa yoluxub

25-09-2021 18:48 / Bu xəbər 905 dəfə oxundu

"Əli Kərimlinin əleyhinə ifadə vermədiyinə görə günahsız bir gəncin həyatını bu şəkildə məhv edirlər”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun sentyabrın 24-dən aclıq aksiyasına başladığı bildirilir.

Partiyadan verilən məlumata görə, Niyaməddin Əhmədov qanunsuz həbsinə və prokurorun bu günlərdə ona 15 il həbs cəzası tələb etməsinə etiraz olaraq aclıq edir.

"Gənc bir adam heç bir cinayət törətmədiyi halda, 1 il 6 aydır ki, həbsdə saxlanılır. Prokurorun tam təqsirsiz olan bir gəncə saxta ittihamla 15 il həbs cəzası istəməsi ədalətsizliyin, qanunsuzluğun hansı həddə olduğunu göstərir. Nifrət, hikkə hansı həddədir ki, Əli Kərimlinin yanında olduğuna, işgəncələrə baxmayaraq, onun əleyhinə ifadə vermədiyinə görə günahsız bir gəncin həyatını bu şəkildə məhv edirlər. Niyaməddin Əhmədovun da buna etiraz olaraq, aclığa başladığı haqda məlumat daxil olub. Təəssüf ki, onun ailə üzvlərilə telefon danışığı hüququ hələ də pozulduğuna görə özü ilə danışıb, məlumatı dəqiqləşdirmək mümkün olmayıb”, - partiyadan bildirilib.

Bakı İstintaq Təcridxanasında saxlanılan Niyaməddin Əhmədovun həm də koronavirusa yoluxduğu haqda məlumat yayılıb.

Hələ sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokurorun ona 15 il həbs təklifilə çıxış etdiyi məhkəmə iclasında da AXCP üzvü səhhətində problem yaranmasından şikayətlənmişdi.

Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova da müvəkkilinin COVİD-19 virusuna yoluxması haqda məlumatlandırıldığını bildirib: "Mənə verilən məlumata görə, Penitensiar Xidmətdən məhkəməyə bu məzmunda məktub daxil olub”.

AXCP üzvünün aclıq etməsi və koronavirusa yoluxması haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir.

Öncə o, karantin rejimi qaydalarını pozmaqda ittiham olunaraq, 30 sutka inzibati həbs cəzası verilib. Bu cəza başa çatdığı gün isə Baş Prokurorluğun İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir. O, hələ inzibati həbsdə olduğu dövrdə təcridxanadan çıxarılıb DTX-ya aparıldığını, orada Əli Kərimlinin əleyhinə ifadə vermək üçün ağlasığmaz işgəncələrə məruz qaldığını bildirib.

Niyaməddin Əhmədov və Qabil Məmmədov Tovuz rayonunda eyni kənddə yaşayıblar.

AXCP üzvü bildirib ki, həmkəndlisi hələ Azərbaycanda olduğu dövrdə bir sıra şəxslərdən, o cümlədən ondan da borc pul alıb qaytarmamışdı. O, Almaniyaya köçəndən sonra müxtəlif adamlara olan borcunu hissə-hissə ödəyirdi. Məhkəmədə dindirilən şahidlər də bunu təsdiqləyib.