Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb

Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb

20-01-2021 21:36 / Bu xəbər 174 dəfə oxundu

Niyaməddin Əhmədovun istintaqı yekunlaşır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş, 2020-ci ilin aprelindən həbsdə saxlanılan Niyaməddin Əhmədovun işi üzrə istintaq yekunlaşır. 

İstintaqın sonunda ona qarşı yeni ittihamlar irəli sürülüb. 9 aydır terroru maliyyələşdirmə ittihamıyla həbsdə saxlanılan Niyaməddin Əhmədova yanvarın 18-də Cinayət Məcəlləsinin 233-1.2.1 (bir qrup şəxs tərəfindən mülki dövriyyədə olmasına yol verilməyən əşyaları hazırlama, saxlama) və 28.281.2 (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıq) maddələrilə də ittiham verilib.

İddia olunur ki, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin ifadələr səsləndirən Qabil Məmmədov Azərbaycanda dövlət çevrilişi, terror aktları planlaşdırıb. 

Bu məqsədlə internet üzərindən çağırışlar edib. İttihamda yazılıb ki, Qabil Məmmədov planlarını həyata keçirmək üçün Niyaməddin Əhmədovla əlbir olub, ona maliyyə göndərib. 

N.Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə bildirib ki, oğlu özünü təqsirli bilmir, ona qarşı irəli sürülmüş ittihamların yalan olduğunu deyir: "O, ittihamların heç birini qəbul eləmir. Necə qəbul eləsin, hamısı yalandır. Bu yalanları onun boynuna qoymaq üçün nə qədər işgəncə veriblər”.

AXCP də N.Əhmədova elan edilən ittihamları absurd hesab edir.

"Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini də, ona qarşı irəli sürülmüş ittihamları da absurd hesab edir. Çağırışa hazırlıq məqsədilə kimisə ittiham eləmək absurddur. Bu çağırış baş verməyibsə, kimisə bu əməldə necə ittiham etmək olar? Sadəcə, qərəzin göstəricisidir. Bu, həm də o deməkdir ki, hakimiyyət Niyaməddin Əhmədovla bağlı işi bilərəkdən daha da dərinləşdirir. Açıq qisasçılıq istiqamətində aparır işi”, - deyə AXCP-dən Meydan TV-yə bildirilib.

N.Əhmədov ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. 

Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.

AXCP sədri Ə.Kərimli də bəyan edib ki, Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi mitinq zamanı o, polislər tərəfindən tutulana qədər N.Əhmədov onun yanında olub. 

Bir neçə dəfə saxlansa da, onun yanına geri qayıda bilib. Ə.Kərimli hesab edir ki, N.Əhmədovdan həm də buna görə qisas alınır.