Əli Kərimlinin sürücüsü günahsız olduğunu deyir

Əli Kərimlinin sürücüsü günahsız olduğunu deyir

27-10-2020 18:15 / Bu xəbər 1078 dəfə oxundu

Paşa Umudov: "O narkotikin mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, tamamilə saxta işdir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən şikayət verib. 

Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə onun şikayətinə baxılıb.

Məhkəmədə P.Umudov və vəkili Zibeydə Sadıqova bir sıra vəsatətlər qaldırıb – şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması, AXCP funksionerinin əleyhinə ifadə vermiş şahidlərin dindirilməsi və s. Bu vəsatətlərin heç biri təmin edilməyib.

P.Umudov bildirib ki, onun haqqındakı cinayət işi də, hökm də qanunsuz və əsassızdır. Onun sözlərinə görə, bir çox siyasi kimi, onu da həbs eləmək üçün narkotikdən vasitə kimi istifadə olunub, əslində isə ona heç bir aidiyyəti yoxdur. P.Umudov xatırladıb ki, onu Milli Şuranın 2019-cu il oktyabrın 19-na təyin etdiyi mitinq öncəsi həbs ediblər: 

"Əvvəlki mitinqlərdə olduğu kimi, onda da artıq cəbhəçilərin həbsi başlamışdı artıq. Mən də həbsimi gözləyirdim. Bunu bilə-bilə kim cibində narkotik saxlayardı? O narkotikin mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Tamamilə saxta işdir. Mən narkotik satanamsa, niyə evimdə axtarış aparılmayıb? Çünki məni həbs edənlər yaxşı bilirdilər ki, mənim evimdə narkotik ola bilməz”.

Vəkil müvəkkilinin günahsız olmasını vurğulamaqla yanaşı, onun yaşının, səhhətindəki problemlərin, ailə vəziyyətinin də nəzərə alınmasını və Nərimanov Rayon Məhkəməsinin hökmünün ləğv olunmasını istəyib.

Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. P.Umudovun 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə saxlanılıb.

Vəkil Z.Sadıqova Meydan TV-yə bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

P.Umudov 2019-cu il oktyabrın 19-da həbs olunub. O, Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir və Ə.Kərimlinin sürücüsü olduğuna görə cəzalandırıldığını bildirir.

Ə.Kərimlinin sürücüsü ilə yanaşı, ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov da həbsdədir.

Azərbaycan hökuməti isə müxalifətçilərin təqib olunması, siyasi motivlərlə həbsi barədə iddiaların yalan olduğunu bəyan edir.///Meydan.Tv