Əli Kərimlinin sürücüsü: Videonu təzyiq altında çəkiblər

Əli Kərimlinin sürücüsü: Videonu təzyiq altında çəkiblər

25-10-2019 18:03 / Bu xəbər 1875 dəfə oxundu

Paşa Umudovun apelyasiya şikayəti təmin olunmayıb

Milli Şuranın 19 oktyabrda keçirdiyi mitinqdən üç gün öncə həbs olunan AXCP fəalı Paşa Umudovun şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə bu məhkəmə prosesi qapalı keçirilib.

Şikayət Nərimanov Rayon Məhkəməsinin qərarından verilib. Həmin qərarla P.Umudovun barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2 (narkotik satma) maddəsilə ittiham olunur. Oktyabrın 24-də yerli telekanallarda P.Umudovun videosu yayılıb. Yayılan kadrlarda o, narkotik satdığını etiraf edir.

AXCP-dən Meydan TV-yə bildirilib ki, P.Umudov bugünkü məhkəmədə sözügedən videodan da danışıb: "Məhkəmədə deyib ki, özünü təqsirli bilmir, şərlənib. Onun üzərindən iki bükümdə narkotik tapıldığı iddia olunur, üç nəfər tapıb üzünə qoyublar. Bildirib ki, etiraf ifadəsinə psixoloji təzyiq altında imza atıb. Telekanallarda yayılan video da təzyiq altında çəkilib. Hakimlərə də xatırladıb ki, onu "Bandotdel"in əməkdaşları tutub, təzyiqlərə də orada məruz qalıb".

P.Umudov deyib ki, əvvəlki mitinqöncəsi baş verən həbsləri nəzərə alıb, 19 oktyabr ərəfəsində həbs olunmasını gözləyirdi. Vurğulayıb ki, məhz elə buna görə həmin vaxt onun cibində narkotik saxlaması inandırıcı deyil.

Hakim apelyasiya şikayətini təmin etməyib və üç aylıq həbs-qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

AXCP-dən bildirilib ki, bu məsələ ilə bağlı növbəti hüquqi addım Avropa Məhkəməsinə şikayət göndərmək olacaq.

P.Umudov həm də AXCP sədri Əli Kərimlinin sürücüsü olub. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.2 maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.