“Əli Kərimliyə qarşı məhkəmə təqibi birbaşa İlham Əliyevin göstərişidir”
12-08-2024 12:48 / Bu xəbər 691 dəfə oxundu
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) beynəlxalq birliyə çağırış edib.
Bu barədə avqustun 12-də partiyanın yaydığı bəyanatda qeyd olunur.
Bildirilir ki, partiya beynəlxalq aləmdən Əli Kərimliyə qarşı başlanmış qanunsuz hərəkətləri diqqətlə izləməyi və avtoritar Əliyev rejimini durdurmaq üçün təsirli tədbirlər görməyi gözləyir.
Avqustun 9-da AXCP-nin keçmiş üzvü Aydın Əliyev partiya sədri Əli Kərimlini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Məlumata görə, avqustun 13-də saat 11:00-da Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin şikayətinə baxılacaq.
Aydın Əliyevin iddiası əsasında ötən ay Nəsimi Rayon Məhkəməsi AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv etmişdi.
Partiyanın yaydığı bəyanatda qeyd olunur ki, hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır: "Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir. Ən son olaraq, Aydın Əliyevin şikayəti ilə AXCP sədri Əli Kərimliyə Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başladılıb. Bundan əvvəl isə həmin adamın şikayətləri əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi AXCP-nin axırıncı qurultayının qərarlarını (o cümlədən Əli Kərimlinin AXCP sədri seçilməsi haqda qərarı) ləğv edib; Bakı Apelyasiya Məhkəməsi partiyanın fəaliyyətinin dayandırılması barədə iddiaya baxmağa başlayıb”.
Bəyanatda indiyə qədər də Əli Kərimliyə qarşı dəfələrlə cinayət işi başladıldığı qeyd olunur: "Bir neçə dəfə məhkəmələrdəki ifadələrlə təsdiq olunub ki, həbs edilmiş müxtəlif şəxslərdən işgəncə yolu ilə Əli Kərimlinin əleyhinə saxta ifadə almaq istəyiblər. Əli Kərimli dəfələrlə rejimin fiziki zorakılığına məruz qalıb (ən ağırı 19 oktyabr 2019-cu ildə razılaşdırılmamış yürüş-mitinq zamanı olub), onun 18 ildir vətəndaşlıq pasportu verilmir, 4 ildir internet və mobil telefon xidmətindən istifadəsi məhdudlaşdırılıb, özü daimi təqib və izləmə altındadır”.
AXCP bildirir ki, Əli Kərimliyə qarşı təzyiqlər və partiyanı qanundan kənar qoymağa hesablanmış məhkəmə təqibləri birbaşa İlham Əliyevin göstərişidir: "AXCP-ni fəaliyyət imkanından məhrum etmək üçün hakimiyyət buna qədər də çox cəhdlər edib. Partiyanın bir ofisi əlindən alınıb, birinin qapısı qanunsuz olaraq qaynaqlanıb, daha biri isə partladılıb; Son illərdə rəhbər şəxsləri də daxil olmaqla, 50 nəfərdən artıq üzvü uzun müddətə həbs olunub (12 üzvü hazırda da siyasi məhbusdur), 300 nəfərə qədər üzvü isə müxtəlif müddətlərdə inzibati həbsə məhkum edilib. AXCP-yə və onun sədrinə qarşı bütün bu repressiv tədbirlərin məqsədi ölkədə faktiki təkpartiyalı siyasi sistemə keçidə imkan verməyən yeganə təskilatlanmış maneəni aradan qaldırmaqdır. İlham Əliyev ölkədə müxalifətçiliyi faktiki qadağan etmək fikrindədir. Təəssüf ki, vaxtilə hakimiyyətə müxalif mövqeləri ilə fərqlənmiş bir sıra təşkilat və siyasətçilər müxtəlif amillərə görə indi ya tamamilə siyasi səhnəni tərk edib, ya da siyasi üslub və kursunu hakimiyyətin xeyrinə dəyişib”.
"AXCP hakimiyyətə real müxalifət mövqeyindən çıxış edən, etirazçı elektoratı ətrafında təmərküzləşdirmək və həlledici anda hərəkətə keçirmək potensialında olan yeganə siyasi partiyadır. Bu fakt formalaşmaqda olan yeni dünya düzəni fonunda siyasi gələcəyi görünməyən avtoritar Əliyev rejimini təbii ki, ciddi narahat edir. AXCP sədri Əli Kərimli isə partiyanı sadalanan keyfiyyətlərdə bir güc mərkəzi kimi qoruyub saxlamaqda oynadığı rola və avtoritarizmə qarşı mümkün demokratik hərəkatın lideri missiyasına hazır göründüyünə görə şəxsən hədəf seçilib. Hakimiyyətin məhz indi – dünyada və regionumuzda avtoritar rejimlərin əleyhinə proseslərin vüsət aldığı bir vaxtda ona qarşı cinayət işi quraşdırmağa ehtiyac duyması bu baxımdan təsadüfi deyil”, – deyə bəyanatda bildirilir.
Partiya hakimiyyətdən başlatdığı bu absurd məhkəmə təqiblərini dərhal dayandırmağı tələb edir: "İndiyə qədər olduğu kimi, bundan sonra da heç bir təzyiq, repressiya onu Azərbaycan xalqının hüquq və azadlıqları, Azərbaycanın demokratiyaya qovuşması uğrunda prinsipial mübarizədən çəkindirməyəcək. AXCP öz mübarizəsini istənilən situasiyada davam etdirmək əzmində və imkanındadır”.
Partiya əmindir ki, Azərbaycan xalqı onu bu dəfə də avtoritar rejimin repressiyası qarşısında yalnız buraxmayacaq, həm partiya sıralarını genişləndirməklə, həm də bütün başqa qanuni yollarla AXCP-yə dəstəyini, hakimiyyətə isə etirazını ifadə edəcək.
Bəyanatı AXCP-nin Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi qəbul edib.