Əli Zeynaldan xəbər var

Əli Zeynaldan xəbər var

15-08-2024 20:17 / Bu xəbər 839 dəfə oxundu

"Toplum TV işi" ilə bağlı həbs edilən jurnalist Əli Zeynal Bakı İstintaq Təcridxanasında qarşılaşdığı bəzi problemlərlə bağlı ailəsinə məlumat verib. 

O bildirib ki, ötən həftənin bazar günü - avqustun 11-də valideynlərinin gətirdiyi bəzi əşyalar, "Fənərbaxça" futbol klubunun forması, ilk dəfədir ki, aparılan kitablar, çay fincanları ona verilməyib. 

O düşünür ki, məhkəmələrə bu formada gəldiyinə görə, geyim ona çatdırılmayıb.

Jurnalist təcridxanada soyuducunun isə ümumiyyətlə olmadığını bildirib. 

O həm də deyib ki, telefonla danışanda həmişə yan-yörəsində kimsə olur, rahat danışa bilmir. 

Jurnalistin şikayətləndiyi digər bir problem isə kameranın isti olması ilə bağlıdır: "İsti isə təəssüf ki, həbsdə olan bütün dostlarımızın qarşılaşdığı ortaq problemdir. İstidən nəfəs almaq belə çətindir". 

Onlara 2 ventilyator veriləcəyi deyilsə də, 1-i verilib. O da kifayət etmir.

2024-cü ilin martın 6-da "Toplum TV”-nin ofisində əməliyyat keçirilib.

"Toplum TV” işi üzrə III Respublika Platformasının spikeri Akif Qurbanov, həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, "Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.