Elçin Sadıqov barəsində yenidən intizam icraatı başlandı

Elçin Sadıqov barəsində yenidən intizam icraatı başlandı

10-07-2019 18:48 / Bu xəbər 1149 dəfə oxundu

Vəkil Elçin Sadıqov barəsəində yenidən intizam icraatı başlanıb. 

Bu dəfə bir müddət əvvəl onun barəsində başlanmış intizam icraatını aparmış, bir neçə gün əvvəl rəhmətə getmiş Sərdar Qasımovun həyat yoldaşının şikayəti əsasındadır. 

Bu barədə Elçin Sadıqov feysbukda yazıb.

"Bu gün səhər tezdən zəng edilərək saat 15:30-da Vəkillər Kollegiyasına gəlməli olduğumu dedilər. Barəmdə intizam icraatı olmadığı halda nə üçün çağırıldığımı soruşdum, səbəbini bildirmədilər. Devilən vaxtda VK-da oldum. Bir müddət gözlədildikdən sonra VK Rəyasət Heyətinin iclasına dəvət olundum. Mənə qarşı aqressiya nümayiş etdirildi. Məlum oldu ki, barəmdə "şikayət” yazılıb. Şikayəti 28.06.2019-cu il tarixdə vəfat etmiş, Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Qasımova Kəmalə Elxan qızı şikayət yazıb", - vəkil deyib. 

Vəkilin sözlərinə görə, şikayətdə deyilir: "Sərdar Qasımov uzun illər vəkillik fəaliyyəti ilə məşğul olub, vəkillərin İntizam Komissiyasının üzvü olub. Vəkillik fəaliyyəti göstərdiyi illərdə nüfuz qazanıb, onun bugünlərdə vaxtsız vəfatından ailəmizə və digər qohumlarımıza və onu tanıyanları hədsiz kədərləndirmişdir. Lakin bizim gözümüzün yaşı qurumamış vəkil Elçin Sadıqov onun barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymaqla bizim ailənin və doğmalarının mənəvi sarsıntısını və kədərini daha da artırmışdır. Həmin məlumatlarda Elçin Sadıqov guya Sərdar Qasımov tərəfindən sifarişlə mənfi rəy yazıldığını, onun (S.Qasımovu nəzərdə tutur) vəkil kimi xalq tərəfindən tanınmadığını və digər əsassız məlumatlar yazmışdır. Mən Sərdar Qasımovun həyat yoldaşı kimi deyə bilərəm ki, işində və əməlində həmişə düz olmuş, haqqı nahaqqa verməmiş və obyektiv olmuşdur. Buna görə də vəkil Sadıqovun məsuliyyətə cəlb olunaraq qanun çərçivəsində barəsində tədbir görülməsini xahiş edirəm”. Mənim facebook profilimin vəkillik fəaliyyəti ilə bağlı açılmış profil olmadığını, şəxsi profil olduğunu, həmin statusda S.Qasımova qarşı heç bir nüfuzdansalıcı ifadə işlətmədiyimi, vətəndaş və vəkil olaraq ifadə azadlığı hüququmun olduğunu, AR Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı yalnız məhkəmələrin səlahiyyətli olduğunu, bildirsəm də, barəmdə havadan bir intizam icraatı başlanıldı".

Bir neçə gün əvvəl E.Sadıqov mərhum S.Qasımov haqda status yazmışdı. 

Statusda qeyd etmişdi ki, S.Qasımov onun barəsində aparılan intizam icraatında sifarişli şəkildə mənfi rəy yazıb.