Elina Hacıyevanın anası direktorun həbsi üçün şikayət verib

Elina Hacıyevanın anası direktorun həbsi üçün şikayət verib

13-11-2019 14:07 / Bu xəbər 1008 dəfə oxundu

Keçmiş direktor məhkəmə qərarından narazı qalıb, bəraət istəyir

Bu ilin aprelində təhsil aldığı 162 saylı orta məktəbdə özünü üçüncü mərtəbədən atmış Elina Hacıyevanın ölümüylə bağlı hökmdən həm onun anası, həm də məktəbin sabiq direktoru Sevinc Abbasova narazı qalıb. 

Hər iki tərəf Səbail Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.

E.Hacıyevanın anası Sevil Hüseynovanın vəkili Sevinc Əliyeva bildirib ki, noyabrın 12-də apelyasiya şikayətini məhkəməyə təqdim ediblər. 

Onlar şikayətdə keçmiş direktora verilən cəzanın ağırlaşdırılmasını, ona azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş ediblər. 

Zərərçəkmiş həmçinin maddi və mənəvi ziyanın ödənilməsi tələbilə Təhsil Nazirliyi və sabiq direktora qarşı qaldırılmış mülki iddianın da tam təmin olunmasını istəyir.

Səbail Rayon Məhkəməsi yalnız direktorla bağlı hissədə mülki iddianı qismən təmin etmiş, maddi ziyana (dəfn, yas xərcləri və s.) görə 8500, mənəvi ziyana görə 10000 manat ödənilməsinə qərar vermişdi. Təhsil Nazirliyilə bağlı hissədə isə mülki iddia təmin olunmamışdı.

Keçmiş direktor isə apelyasiya şikayətində bəraət istəyir.

Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində 14 yaşlı Elinanın ölümündə günahlandırılan keçmiş direktor S.Abbasovaya 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması, 18 min 500 manat da pul cəzası cəzası kəsilib. O, Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314-cü (səhlənkarlıq) maddələrilə təqsirli bilinib.

S.Abbasova isə iddia edir ki, Elinanın ölümündə onun heç bir günahı yoxdur.///Meydan.tv