Əliyev İranla Azərbaycanın münasibətini pozmaq istəyənləri “düşmən” adlandırdı
10-11-2023 02:23 / Bu xəbər 1361 dəfə oxundu
İbrahim Rəisi Qarabağın bərpasına dəstək verməyə hazır olduqlarını deyib
İran şirkətlərinin Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında kömək etməyə hazır olduqlarını bildirilir.
Bu barədə noyabrın 9-da Daşkənddə İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə danışıb.
İran Prezidenti Qarabağın azad olunmasına sevindiklərini qeyd edib: "Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”.
İbrahim Rəisi nəqliyyat və tranzit sahələrində vəziyyətin gündən-günə yaxşılaşdığını müşahidə edildiyini vurğulayıb: "Ölkələrimiz arasında nəqliyyat işi getdikcə artır. Bu həm sizin, həm də bizim hədəflədiyimiz məsələdir. Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bizim orada bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır”.
"Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur”, – deyə İran Prezidenti əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabr ayında hərbi əməliyyatları xatırlayaraq bildirib ki, Azərbaycanda separatizmə son qoyulub: "Bu, Azərbaycanın daha fəal inkişafına şərait yaratmaqla yanaşı, həm də bütün regionda əlverişli mühit yaradır. Siz ikitərəfli münasibətlərimizin tarixində mühüm mərhələni, yəni Ağbənd yaxınlığında Araz çayı üzərindən körpülərin tikintisinə başlanılmasını qeyd etdiniz. Bu, böyük perspektivi olan layihədir”.
Əliyevin sözlərinə görə, Ermənistan böyük səhvə yol verdi: "İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir. Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər”.
"İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq”, – Əliyev qeyd edib.
"Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”, - deyə Əliyev vurğulayıb.
İranla Azərbaycan arasında nə baş vermişdi?
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
"Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Prezident İlham Əliyev hücumu "terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.(Meydan TV)