Əliyev Milli Məclisin ilk iclasında: “Bizə qarşı yeni plan hazırlanır”

Əliyev Milli Məclisin ilk iclasında: “Bizə qarşı yeni plan hazırlanır”

23-09-2024 15:51 / Bu xəbər 673 dəfə oxundu

Ölkə başçısı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirdi

Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclası keçirilib.

Toplantıya sədrlik edən 84 yaşlı deputat Ziyad Səmədzadə yeni mandat almış deputatların siyahısını oxuyandan sonra gündəliyi təqdim edib.

Ardınca Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri vəzifəsinə təklif etdiyi Sahibə Qafarova sədr seçilib. S.Qafarova 2020-ci ildən bu vəzifədədir. Ona qədər Oqtay Əsədov spiker idi, o, bu dəfə deputat mandatı almayıb.

Əvvəlki çağırışlardan fərqli olaraq bu dəfə sədrin müavinlərinin sayı artıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov müavinləri seçiliblər.

İndiyə qədər Milli Məclis sədrinin üç müavini ( I müavin və iki müavin) olurdu.

Əli Əhmədov 2013-cü ildən Baş nazirin müavinidir.

Ziyafət Əsgərov 2000-2020-ci illərdə spikerin birinci müavini idi.

Rafael Hüseynovun Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyasını, Musa Qasımlının isə bitərəfləri təmsil etdiyi bildirilir.

Musa Qasımlı, Əli Əhmədov, Rəfael Hüseynov və Ziyafət Əsgərov. 
Foto-kollaj Meydan TV

Əvvəlki çağırışda sədrin müavinləri Fəzail İbrahimli və Adil Əliyev idi.

Adil Əliyev iyul ayında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Milli Məclisin ilk iclasında çıxış edən ölkə başçısı İlham Əliyev bildirib ki, Azərbaycanın II Qarabağ savaşında qələbəsini həzm edə bilməyən xarici dairələr yeni planlar hazırlayırlar: "Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

"Artıq 30 ilin işğalı arxada qalıb. İndi genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşuq, nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”, – deyə Əliyev əlavə edib.

Ölkə başçısı həmçinin Azərbaycana qarşı ideoloji təxribatların davam etdiyini də vurğulayıb: "Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. Bu çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir”.

İlham Əliyev deyib ki,Ermənistanda revanşist qüvvələr də baş qaldırıblar: "Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar II Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk Qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Yəni Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətllərinin planları göz qabağındadır”.

Prezidentin sözlərinə görə, birinci vəzifə hərbi gücün artırılmasıdır: "Baxmayaraq ki, II Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası da ölkə qarşısında duran vəzifədir. Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

O, quru sərhədlərin bağlı qalmasına da toxunub: "Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Azərbaycanda daxili risklər yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir ki, təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.

Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) "ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.

Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.