Əliyevin ictimai hakimiyyət gücü: yalançı vədlər, intriqa...

Əliyevin ictimai hakimiyyət gücü: yalançı vədlər, intriqa...

27-01-2021 21:53 / Bu xəbər 1020 dəfə oxundu

Akif Qurbanov

Əslində, şəhid ailələrinin üzləşdiyi problemlər və ya elə hər bir insanımızın günlük yaşadığı çətinliklər saymaqla bitməz. Belə davam etdikcə də azalmayacaq, əksinə daha da artacaq. Çünki bu kiminsə, xüsusən ali rəhbər şəxslərin yaxşı-pis insan olmasına, istəyib-istəməməsinə bağlı məsələ deyil. 

Problemlərin mənbəyi və davam etməsi sistemin fundamenti ilə əlaqəlidir. Yəni siyasətçinin təfəkkürünə, hədəfinə, vizyonuna, missiyasına, həm də ictimai fiqur olaraq şəxsiyyətinə və daşıdığı dəyərlərə söykənir. 

Gerçəkçi olmalıyıq, problemin ətrafında var-gəl etmək yox, çətin də olsa, mahiyyətinə baxmaq, vacibdir! Özümüzü aldatmamalıyıq! 

Ölkəmizdə fundamental problemlərin əsası İlham Əliyevin rəhbərlik etdiyi idarəetmə sisteminə bağlıdır. Bu idarəetməni özü qurmayıb, sələfindən alsa da, xeyli "təkmilləşdirib", müxtəlif rənglər qatıb, amma təməl olaraq eynidir. Bu idarəetməni də şərti adlandırsaq, iki fundamental əsasla saxlayır: 

I. Gerçək hakimiyyət gücü

Gerçək hakimiyyət deyərkən səlahiyyətində olan inzibati və maliyyə resurslarının idarəedilməsindən yaranan güc başa düşülür. Bunun da əsasları belə formalaşır:

1. Yalnız şəxsi sədaqət üzərinə qurulan kadr siyasəti
2. Maliyyə hesabına loyallığın təmini 
3. Zor aparatı

II. İctimai hakimiyyət gücü

İctimai güc deyərkən "Gerçək hakimiyyət" gücünün təsirilə cəmiyyətin rəyində formalaşdırdığı və idarə etdiyi fikir, düşüncə axını nəzərdə tutulur. Nə qədər inanmasaq da, beynəlxalq təsirləri nəzərə almaqla belə rejimlər (modernləşmə imitasiyası yaradan avtoritar) ictimai rəyi nəzarətində saxlamağı çox vacib bilir. Çünki ictimai nəzarət ona real politikdə beynəlxalq münasibətləri saxlamağa və idarəetməyə imkan verir.  

Bu hakimiyyət gücünün da əsası iki istiqamətdə qurulur: 
1. Yalançı vədlər, 
2. İntriqa. 

Biz cəmiyyət olaraq dəyişməyi düşünürüksə, məhz hədəfi  İlham Əliyevin ictimai hakimiyyət gücünə kökləməliyik. Çünki belə idarəetmənin (yəni gerçək hakimiyyət gücünün) dəyişməsi üçün ya İlham Əliyevin özünün dəyişməsi lazım, ya da sistemini başqasına ötürərək dəyişdirmək istəməsi...

Kimsə düşünürsə ki, 60 yaşı haqlayan, 18-ci ilinə qədəm qoyaraq bu idarəetməni saxlayan və gücləndirən İ.Əliyev bundan sonra dəyişəcək, o sualı özünə bir də versin. Kiməsə ötürərək dəyişdirməsi (söhbət kerçəkdən gedir, formal yox) ideyası isə sadəcə bir insan üçün həyati hiss olan təhlükəsizlik səbəbindən mümkün deyil, başqa çox əsaslı səbəblər də saymaq olar. Ümumən islahatlar məsələsinin mümkünlüyü barədə uyğun vaxtda ayrıca yazmağı düşünürəm, burada əlavə edib mətni uzatmaq istəmirəm.

Bizim isə onu bir başa dəyişdirmək imkanlarımız hələ real deyil, məhz "Gerçək hakimiyyət gücü"nə görə. Ona görə də ilk növbədə ölkədə dəyişiklik istəyənlər onun "İctimai hakimiyyət gücü"nü dəyişdirməyə çalışmalıdır. Bu gücün də əsası onun "intriqa siyasəti"nin alətinə çevrilməmək, əksinə yeri gəldikcə ifşa edərək, müstəvini dəyişərək, bəzən lətifə qoşaraq mahiyyətini öldürmək lazımdır. 

Eyni zamanda təsir dairəsində olan bir başa ictimai rəy alətləri və dolayı alətləri olan "yumşaq gücü"ndən (yəni cəmiyyətin etimad etdiyi, formada adı müstəqil və ya müxalif olan, amma gerçəkdə isə onun sifarişini yerinə yetirən ictimai-siyasi təşkilatlar, rəy adamları, media və s.) istifadə edərək tətbiq etdiyi qulağa şirin gələn "yalançı vədlər siyasəti"nə nə inanmaq, nə də onun potensial olaraq yaşaması üçün münbit şəraitə imkan vermək lazımdır. Çünki yalançı vədlər çətinlik şəraitində, çarəsiz insanların tutunmaq istədiyi rahat yol olur. 

"Bəlkə"lər isə hər bir insanın istər şəxsi həyatında, istərsə iş həyatında çox rol oynayır. Çox zaman da məyus etsə də, insan övladı o şirin "bəlkələr"dən vaz keçə bilmir. Bu sistemin "yalan aparatı" da çox zaman insan övladının belə "damarını yaxşı tutur". 

Adi günlük həyatını yaşamaq istəyən insanları təbii ki, seçimlərinə görə  müzakirə etmək yerinə düşməz. Amma ictimai olan şəxslərin "papaqlarını qarşılarına qoyaraq" (bu ifadəni hərfi olaraq qəbul etməyək, obrazlı nəzərdə tutulur) yaxşı düşünməsi lazım. 

"Yalançı vəd"lərə uzağı bir dəfə aldanmaq olar, deyək ki, test üçün. "İntriqa"lara isə ümumən düşməmək gərək. Lap tutaq ki, fərqinə varmadan oldu, amma zamanında "ayılmaq" da önəmlidir. Beləliklə, əsas fokus ikincinin üzərində qurmaqla ictimai rəyi nəzarətindən çıxarmağa nail olunsa, birincini də dəyişdirməyə, ya da ümumən özünü dəyişdirməyə nail olmaq olar. Maraqlı olsa, bu barədə fikirlərimi daha da inkişaf etdirə bilərəm. Eyni zamanda sizlərin sual və rəyləri, qarşıduran düşüncələri daha da aydınlıq gətirilməsinə təsir edə bilər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Müəllifin mövqeyi ilə arqument.az-ın mövqeyi üst-üstə düşməyə bilər.