Əliyevin köməkçisindən beynəlxalq çağırışlara reaksiya: “Jurnalist fəaliyyətinə görə həbs olunmayıblar”
12-11-2024 15:31 / Bu xəbər 489 dəfə oxundu
Hikmət Hacıyev Azərbaycanda siyasi məhbusların olmadığını deyir
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli və xarici təşkilatların həbs olunan jurnalistlərin və digər fəalların azad edilməsi haqda çağırışlarına reaksiya verib.
O, bu barədə noyabrın 12-də COP29 sammitinin II günündə yerli jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Hikmət Hacıyev Azərbaycanda siyasi məhbusların olmadığını deyib: "Azərbaycanda tam şəkildə qanunun aliliyi, o cümlədən də media azadlığı qorunur. Əgər siz kiminsə həbsi ilə əlaqədar danışırsınızsa, burada gəlin qanunun aliliyindən danışaq”.
Hacıyev hesab edir ki, qeyd edilən şəxslər jurnalist fəaliyyətinə görə təqib olunmayıblar: "Söhbət onların jurnalistikadan kənar fəaliyyəti ilə bağlı proseslərdən gedir. Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundankənar imtiyazlara sahib olmaq anlayışı deyil. Dediyiniz şəxslərlə də bağlı mən konkret rəqəmləri deyə bilərəm. Burada böyük miqdarda qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır”.
O fikrini sualla bitirib: "Özlərini media orqanları adlandıran təsisatlar belə qanunsuz maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarını pozduqlarını dərk etmirlər?”.
Noyabrın 11-də Avropa İttifaqının (Aİ) BMT və ATƏT-dəki nümayəndəliyi Jurnalistlərə Qarşı Cinayətlərə görə "Cəzasızlığa Son Qoyulması Günü” münasibətilə bəyanat yayıb.
Bəyanatda münaqişələri, böhranları və fövqəladə halları işıqlandıran jurnalistlərin durumuna diqqət yönəldilərək bildirilib ki, media azadlığı və jurnalistlərin təhlükəsizliyi vacib komponentlərdir və onsuz nə təhlükəsizlik, nə də demokratiya ola bilər.
Dünən həmçinin Tbilisidə Azərbaycanın COP29-a ev sahibliyi əleyhinə aksiya keçirilib.
İştirakçılar həbsdə olan jurnalist və ictimai fəallara da azadlıq tələb ediblər.
Noyabrın 6-da "Human Rights Watch” da daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı COP29-da iştirak edəcək Avropa İttifaqı liderlərinə çağırış edərək siyasi motivlərlə həbs edilənlərin məsələsini birbaşa Azərbaycan hakimiyyəti ilə müzakirəyə çıxarmalı və onların azadlığa buraxılmasını təmin etmələrini istəmişdilər.
Bundan əvvəl, sentyabrın 25-də "Human Rights Watch” və 10 insan haqları təşkilatı Avropa Şurası Parlament Assambleyasına (AŞPA) ünvanlanan çağırış etmişdi.
Həmin bəyanatda qeyd olunurdu ki, Azərbaycanın öz nümayəndə heyətinin assambleyaya qayıtmazdan əvvəl yerinə yetirməli olduğu aydın meyarları işləyib hazırlamalı və tətbiq etməlidir.
Noyabrın 4-də BMT-nin ətraf mühitin müdafiəsi üzrə xüsusi məruzəçisi Mişel Forstın (Michel Forst) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlini dərhal və qeyd-şərtsiz azad etməyə çağırmışdı.
Mişel Forst iki həftə əvvəl hesabatında Bakıda keçiriləcək COP29-dan əvvəl hüquq müdafiəçisi Anar Məmmədliyə münasibətin pisləşməsindən və vətəndaş cəmiyyəti subyektlərinə qarşı təzyiqlərdən ciddi şəkildə narahatlığını ifadə etmişdi.