Elman Fəttah: "İlham Əliyevin bu hərəkətlərindən utanıram"

Elman Fəttah:

14-04-2021 12:46 / Bu xəbər 3184 dəfə oxundu

Aprelin 12-də Prezident İlham Əliyev "Hərbi Qənimətlər Parkı”nın açılışında iştirak edib.

Parkda müharibə dövründə həlak olmuş Ermənistan hərbçilərinin dəbilqələri də nümayiş olunub.

İ.Əliyevin açılış mərasimindəki çıxışı və əsgər dəbilqələrinin yanında şəkil çəkdirməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bu addımın müharibə şəraitində normal hal olduğunu deyənlər olsa da, sülh quruculuğuna zərər verdiyini iddia edənlər də az deyil.
Azər Qasımlı: "Bunu Hitlerin davranışları ilə müqayisə etmək olar"

Politoloq Azər Qasımlı "Toplum TV"-yə deyib ki, İlham Əliyevin belə davranışını dəstəkləmir.

Foto: BBC

O hesab edir ki, bu, 21-ci əsrə uyğun olmayan yanaşmadır: "Bunu Hitlerin davranışları ilə müqayisə etmək olar. Azərbaycan əsgərinin haqq davasına faşizm əlamətləri qatmaq doğru deyil. Xüsusən də, dövlət başçısına yaraşmayan davranışdır. Əgər regionda sülh istəyir və Qarabağda olan erməniləri öz vətəndaşlarımız hesab ediriksə, bu hərəkət bizə yaraşmır. Birinci vitse-prezident Mehriban Əliyeva da dəfələrlə erməni xalqı ilə dost olduğumuzu dilə gətirib. Ara-sıra İlham Əliyev də bu tip çıxışlar edirdi. Bir-birinə uyğun gəlməyən sözlərdir. Yəni bu həm barbarlıq, həm də dövlət marağımıza uyğun olmayan hərəkətdir".

İlkin Rüstəmzadə: "Atatürk deyib ki, bayraq hər bir xalqın qürurudur"

Foto:Sosial media

İctimai fəal İlkin Rüstəmzadə hesab edir ki, qalib ordunun komandanının erməni əsgərlərinin dəbilqələrini nümayiş etdirməsi etik deyil: "Qalib tərəf məğlub tərəflə ləyaqətlə davranmalıdır. Bunun tarixdə ən bariz örnəyi Türkiyədə olub. I Dünya müharibəsindən sonra - türklərin qurtuluş savaşında Mustafa Kamal Atatürk İzmirə girəndə ayağının altına yunan bayrağı səriblər. Çünki yunan kralı Konstantin İzmiri alanda türk bayrağını tapdalayıb keçmişdi. Amma Atatürk bu hərəkətə etiraz edib və əsgərə deyib: "Qaldır, övladım, bayraq hər bir xalqın qürurudur. Onu tapdalamaq olmaz". Bizdə də deyənlər var ki, ermənilər bizə çox zülm edib, biz də edək. İnsanlar başa düşməlidirlər ki, belə hərəkətlər müharibənin bitməsinə mane olur. Hətta ən faşist, ən militarist rejimlər də bir çox hallarda belə davranmırlar".

Seymur Həzi: "Orta əsr düşüncəsidir"
 

Foto:Sosial media

AXCP sədrinin müavini Seymur Həzi bunu orta əsrin feodal düşüncəsi kimi qiymətləndirib: "Bunu qədimdə başı nizəyə keçirdib gəzdirmək və ya orta əsrlərdə kəllələrdən qüllə hörməklə müqayisə etmək olar, çünki başqa bir qiymətləndirməyə uyğun gəlmir. Azərbaycan ordusu Ermənistan ordusunu məğlub edib və torpaqlarımızın bir hissəsini azad edib. Bundan sonrakı vəzifəmiz regiona sülh çağırışları etməkdir. Bütün dünya bilir ki, biz erməniləri məğlub etmişik. Belə hərəkət etməyə gərək yox idi. Mən bunu yanlış addım hesab edirəm".

Elman Fəttah: "Bu çıxış İlham Əliyevin xarakterini, düşüncəsini ortaya qoydu"

Müsavat Partiyasının üzvü Elman Fəttah da İ.Əliyevin bu davranışını təqdir etmir: "Şəxsən mən İlham Əliyevin bu hərəkətlərindən utanıram. Əslində, tarixdə müharibələrdən sonra muzeylərin yaradılması ənənəsi var, əsasən qənimətlərdən, müharibədə istifadə edilmiş texnikalardan ibarət olur.

Təəssüflər olsun ki, İlham Əliyev onları çox kobud şəkildə sərgilədi. Bu, çox ucuz bir formadır. Məsələnin məhz bu tərəfi təəssüf doğurur. Amma ümumilikdə belə parkların yaradılması normal haldır. Daha bir məyusedici məqam İlham Əliyevin müharibə ilə bağlı qeyri-insani fikirlər səsləndirməsidir. Eyni zamanda, Azərbaycan tarixi ilə bağlı müqayisələri də həddindən artıq yersiz idi".

Elman Fəttah İlham Əliyevin çıxışında nifrət nitqinə kökləndiyini deyir: "Əliyev müharibədə qan töküldüyünü, bu torpaqların qan tökülərək alındığını dedi. Birbaşa Azərbaycan əsgərinin qan tökdüyünü dilə gətirdi. Bir dövlət başçısının nitqində belə ifadələrin yer alması yolverilməzdir. Bu çıxış həm də İlham Əliyevin xarakterini, düşüncəsini ortaya qoydu. Aydın göründü ki, düşncəsi və ifadələri zərərlidir".

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bu mövzuda danışmaq istəməyib və suala belə cavab verib: "Siz erməni millətinin vəkilisiniz?”
 

Sosial media

Hüquq müdafiəçisi Rəsul Cəfərovsa məsələnin insan hüquqlarına birbaşa aid olmadığını deyir: "Bu, işğal faktını aradan qaldıran bir görüntüdür və normaldır, belə memorial abidələr dünyanın bir çox yerində var. İstər İkinci dünya müharibəsindəki işğallar, istərsə də 90-cı illərdəki Bosniya hadisələri zamanı da belə faktlar olub”.