Elman Nəsirov: "Deputatın sürücüsü əfv siyahısına adam saldırırdı"

Elman Nəsirov:

17-09-2020 16:50 / Bu xəbər 1559 dəfə oxundu

"Bu gün bəzi şəxslərin amnistiyaya düşməsinin qarşısı alınır”

"Əfv Məsələləri Komissiyanın üzvü olan bir deputatın sürücüsü kimlərinsə əfv siyahısına salınmasına nail olurdu”.

Bunu deputat Elman Nəsirov parlamentin İnsan hüquqları komitəsinin iclasında deyib.

O bildirib ki, komissiyının bundan əvvəlki tərkibinin üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə ona məlumatlar daxil olub:

"Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib. Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, komissiyasının deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib. Həmin sürücü vasitəsilə əfv siyahısına adlar daxil edilib”.

Komitə sədri Z. Oruc deyib ki, bu, olduqca ciddi məsələdir:

"Bu məsələ araşdırılmalıdır. Bilmirəm, bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox”.

Deputat Naqif Həmzəyev də bildirib ki, əfv məsələləri ilə bağlı müəyyən problemlər var:

Naqif Həmzəyev
Mənbə: google.az

"Bu gün bəzi şəxslərin amnistiyaya düşməsinin qarşısı alınır. Bu məsələ ilə bağlı dinləmələr keçirməyi təklif edirəm”.

Prezident İlham Əliyevin sentyabrın 8-də imzaladığı sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.

Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib.

İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi.

Bundan başqa, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Ukraynadakı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllim) Komissiyanın tərkibindən çıxarılıblar.

Yeni tərkibdə Samir Nuriyev (Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri), Gündüz Kərimov (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi), Zahid Oruc (Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri), Fazil Mustafa (Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini), Sədaqət Vəliyeva (Milli Məclisin deputatı), Bəyimxanım Verdiyeva ("Xan Şuşinski” Fondunun rəhbəri), Mehriban Vəliyeva (Akademik Zərifə Əliyeva adına liseyin direktoru) yer alıb.///Meydan.Tv