Elman Quliyev: "Mənim işimə vəkilsiz baxılıb"

Elman Quliyev:

02-08-2019 14:40 / Bu xəbər 1335 dəfə oxundu

"Mənə yaxşı maaşlı iş və imkanlar qarşılığında əməkdaşlıq təklif edilib''

Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Elman Quliyevin şikayətinə baxılıb.

E.Quliyev iyulun 29-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs olunub. Müsavat Partiyasının fəalı, həmin günlərdə həbsdə aclıq aksiyası keçirən Azad Həsənova azadlıq tələbilə etiraz aksiyasında iştiraka görə o, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə ittiham edilib.

E.Quliyev bildirib ki, sərbəst toplaşma azadlığından istifadə edib, heç bir pozuntuya yol vermədiyi halda, saxlanması da, daha sonra məhkəmənin qərarı ilə həbs edilməsinin özü də qanunsuzdur.

Haqqındakı qərarın əsassız olduğunu vurğulayan E.Quliyev bildirib ki, onun müdafiə hüququ da pozulub: "Mənim işimə vəkilsiz baxılıb".

Vəkil Osman Kazımov vəsatət qaldırıb ki, aksiya zamanı çəkilmiş görüntülərə baxış keçirilsin. Videogörüntlərin obyektiv sübut olduğunu, həqiqəti ortaya qoyduğunu deyən vəkil əlavə edib ki, onlara baxılsa, əslində, E.Quliyev və digər aksiya iştirakçılarının yox, polislərin qanunu pozduğu görünər: "Oradan görünür ki, polislər özlərini necə aparırlar, necə söyüşlər söyürlər".

Hakim vəsatəti təmin etməyib.

E.Quliyev apelyasiya şikayətində onu da qeyd edib ki, saxlandığı təcridxanaya özünü DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsi kimi təqdim edən bir nəfər gəlib. Ona yaxşı maaşlı iş və imkanlar qarşılığında əməkdaşlıq təklif edib. Müsavatçı gəncin sözlərinə görə, təklifdən imtina edəndə özünü polkovnik kimi təqdim edən həmin şəxsin hədələrilə üzləşib. Ona deyilib ki, 30 günlük bu cəzası başa çatandan az sonra yenidən həbsə göndəriləcək. Amma bu dəfə həbsi uzunmüddətli olacaq. Çünki haqqında cinayət işi qaldırılacaq.

E.Quliyevin dediklərinə əsaslanan vəkil də çıxışında bu məsələyə toxunub. O, məhkəmədən E.Quliyevin təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülməsini istəyib.

E.Quliyevin apelyasiya şikayəti təmin olunmayıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə bildirib ki, iyulun 29-da gənclər Azad Həsənovun ad günü ilə əlaqədar flaş-mob keçirib, həm də ona azadlıq tələb ediblər:

"Orada iştirak edən 15-20 gəncə qarşı 60-a qədər polis qeyri-adekvat güc tətbiq edib. Onlara dağılışmaq təklif olunmayıb, birbaşa zor tətbiq edilib. Biz apelyasiya məhkəməsindən ciddi, ədalətli nəticə gözləmirdik. Çünki bu, siyasi prosesdir. Elman Quliyev hansısa pozuntuya yol verdiyinə görə yox, Müsavat Partiyasının Gənclər Təşkilatının sədri olduğuna görə həbs edilib. Dinc aksiyaya görə onun həbsi qanunsuzdur".

E.Quliyevin həbsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq.