Elman Rüstəmov: "Əhali öz hərəkəti ilə bizə kömək etməlidir"

Elman Rüstəmov:

11-03-2020 15:12 / Bu xəbər 1465 dəfə oxundu

Rövşən Ağayev: "Hökumət 2015-ci ildəki səhvlərini başqa formada təkrarlayır”

"Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var”.

Bunu martın 11-də jurnalistlərlə söhbətində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"Hazırda strateji valyuta ehtiyatlarından istifadə barədə düşünmürük. Kifayət qədər cari ehtiyatımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. AMB-nin öz ehtiyatları var. Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik”.

Baş bankir güman edir ki, problem onların gözlədiyindən daha tez başa çatacaq: "Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək”.

"Problemin tez həlli Azərbaycandan asılı deyil”

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, Elman Rüstəmovun açıqlaması hökumətin stressli vəziyyətə hazır olmadığını göstərir: "Əsas gümanları odur ki, neftin qiyməti yenidən qalxması nəticəsində problemi həll edəcəklər”.

Natiq Cəfərli xatırladıb ki, Rusiya kimi avtoritar ölkədə 2 ay əvvəl neftin 30 dollara enməsi ilə bağlı hazır senarilər ortaya qoyulmuşdu.

Natiq Cəfərli
Mənbə: Meydan TV

"Maliyyə və iqtisadiyyat nazirliklərində dinləmələr keçirib müzakirələr açdılar. Azərbaycanda isə hazırlığın olmadığı açıq şəkildə görünür. Elman Rüstəmovun açıqlamasının tərcüməsi odur ki, ay insanlar, hökumətə kömək edin, dollar çox almayın və bu da manata təzyiqi azaltsın. Mövcud panikanın əsas səbəbi odur ki, vətəndaş əlində olan manatı valyutaya çevirə bilmir”.

Natiq Cəfərli strateji valyuta ehtiyatlarının olduğunu inkar etmir. Bununla belə o xatırladıb ki, Elman Rüstəmovun səhvinə görə 2015-ci ildə gözləmə mövqeyi səbəbindən Mərkəzi Bankın 11 milyard dollara yaxın ehtiyatı havaya sovruldu. "Nəticədə bu da kömək olmadı və ölkə bir ildə iki devalvasiya qərarını gördü. İndi də eyni səhvin təkrarlamağın ilkin işartıları görünür. Cənab Rüstəmov yenə valyuta ehtiyatlarının çox olmasından danışır və ümid edir ki, problem tez həll olunacaq. Amma problemin tez həlli Azərbaycandan asılı deyil. Çünki Azərbaycanın neft bazarına təsiri yoxdur. Deməli, ümidləri Səudiyyə Ərəbistanı ilə Rusiyanın barışıb süni şəkildə neftin qiymətini qaldırmağadır. Belə yanaşma ilə Azərbaycanda iqtisadiyyatı idarə etməz olmaz!”

"Hökumət strateji valyuta ehtiyatlarından maksimum 15 faiz banklara verməklə panikanı yatırda bilər”

İqtisadçı Rövşən Ağayev də həmkarının fikirlərini bölüşür.

Rövşən Ağayev bildirib ki, Elman Rüstəmovun açıqlaması panikanın yatırtmaqdan çox, alovlandırmağa yönəldir: "Təəssüf ki, hökumət 2015-ci ildəki səhvlərini başqa formada təkrarlayır”.

Rövşən Ağayev
Mənbə: Foto: Meydan TV

Rövşən Ağayev strateji valyuta ehtiyatlarının indiki situasiyada istifadəsini məqbul sayır: "Əlbəttə, hökumət məmurları bazarın indiki durumundan daha çox məlumatlıdırlar. Amma mənin informasiyam kifayət qədər olmasa da, iqtisadi təhlilçi kimi bilirəm ki, indi 2015-ci ildəki situasiya deyil. 2015-ci ildə 10 il ərzində toplanmış nəhəng manat kütləsi vardı. O baxımdan həmin dövrdə riski anlamaq olardı. Ancaq hökumət strateji valyuta ehtiyatlarından maksimum 15 faiz banklara verməklə panikanı yatırda bilər. Bəli, neftin qiyməti uzun müddət 30-35 dollar qalarsa, problem həll olunmayacaq. Mən yaxın 3-5 ayda müəyyən sabitliyin yarana biləcəyindən danışıram. Amma 6 aydan sonra neftin qiyməti dəyişməyəcəksə, başqa situasiya yaranacaq. O zaman hökumət sərt qərarlar verə bilər”.