Elmar Hüseynov məzarının başında anıldı: qətlindən 17 il keçir

Elmar Hüseynov məzarının başında anıldı: qətlindən 17 il keçir

02-03-2022 17:11 / Bu xəbər 466 dəfə oxundu

Mehman Əliyev: "17 il ərzində azad mətbuat, demək olar ki, tamamilə məhv edilib"

Martın 2-də bir qrup jurnalist "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət edib.

Bu gün jurnalistin qətlindən 17 il keçir.

Jurnalistin məzarı başında çıxış edən "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Elmar Hüseynovun qətlinin ölkədə azad mətbuatı susdurmaq məqsədi daşıdığını bildirib.

"Elmar Hüseynovun qətlindən sonra 17 il ərzində azad mətbuat, demək olar ki, tamamilə məhv edilib. Bu yaxınlarda qəbul edilmiş "Media haqqında" Qanun müstəqil KİV-lərin boğulması siyasətinin davam etdiyinin və gücləndiyinin daha bir təsdiqi olub. İndi artıq söhbət azad mətbuatın yox edilməsindən getmir, bu, artıq, demək olar ki, həyata keçirilib", - deyə Mehman Əliyev qeyd edib.

Onun sözlərinə görə, indi informasiya cəmiyyətinin tamamilə aradan qaldırılması siyasəti aparılır: "Amma hakimiyyətin bütün səylərinə baxmayaraq, informasiya cəmiyyətini nəzarəti altına götürə bilməyib. Bütün hallarda son nəticədə Azərbaycanda informasiya cəmiyyəti qalib gələcək".

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib ki, Elmar Hüseynovun qətlinin üstünün açılması siyasi iradədən asılıdır: "Siyasi iradə olsa, peşəkarlardan ibarət ciddi istintaq qrupu yaradılsa, Elmarın qatilləri tapılıb cəzalandırılacaq".

Elmar Hüseynov 2 mart 2005-ci il tarixində öz mənzilinin qapısı ağzında güllələnib. 

Jurnalistin qətlindən sonra onun həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

E.Hüseynov 1967-ci ilin iyulunda Bakıda dünyaya gəlib.

E.Hüseynov jurnalistikaya 1995-ci ildə başlayıb, "Trend" agentliyinin həmtəsisçilərindən olub. 

1996-cı ildə "Monitor" jurnalının əsasını qoyub. 

Müxtəlif illərdə "Bakinskiy bulvar" və "Bakinskie vedomosti" qəzetlərini dərc edib.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda Hüseynovun qətlinin səmərəli təhqiqatının aparılmadığını etiraf edib.

AİHM Azərbaycan hakimiyyətinin üzərinə mərhumun həyat yoldaşına mənəvi ziyana görə 20 000 avro və məhkəmə xərcləri üçün 10 000 avro ödəmək öhdəliyi qoyub.