Elmar Vəliyevin qapısı bağlı qalan villası – FOTOLAR

Elmar Vəliyevin qapısı bağlı qalan villası – FOTOLAR

14-07-2019 14:35 / Bu xəbər 1215 dəfə oxundu

Bir zamanlar o küçədə özünün, ailəsinin və evinə gələn qonaqlardan başqa kimsənin avtomobili görünməzdi. 

Baxmayaraq, onunla bərabər o küçədə qonşuları da ondan əvvəl yaşayıb. Amma onlar çarəsiz idilər. Söyüşcül başçsının qəzəbinə tuş gəlməmək üçün "lənət şeytana” deyib, evlərinə girirdilər. Halbuki Elmarın onlara qonşu gəldiyini eşidəndə çox sevinmişdilər. Çünki, şəhərin yeni rəhbəri ilə qonşu olmaq hər sakinə nəsib olmur.

Amma bu sevinci Vəliyev öz qonşularına belə çox gördü.

Əvvəlcə öz villasını inşa etdirdi. Sonra həyətini genişləndirmək fikrinə düşdü. Qonşularına mənzillərini ona satmalarını tələb etdi.

Zorən razılaşanlar oldu. Amma o evini belə hallalıqla tikmədi. Evini, torpağını ona satanların pullarının bir qismini vermədi.

Gəncə məhkəmələri isə o adamların iddialarını icraata götürməkdən imtina etdi. Çarəsiz, biçarə gəncəlilər "ilahi ədalət var” deyə gözlədilər.

Dostoyevski "Bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, o saray tar-mar olacaq” fikrini sanki bu adam üçün yazmışdı.

Elmarın uçurub, dağıtdığı o evlərdə bəlkə də nə qədər məsum körpənin göz yaşı axmışdı.

O göz yaşları Elmarın sarayının qapısını bağlı qoydu.

İndi  o villanın tikildiyi küçə qələbəliyi xatırladır. Park edilən avtomobillər, siqnal səsləri və gündəlik çörək puluna dayanan "parkovşik”…

O villa Gəncəyə rəhbər təyinatından sonra 40 günə inşa olunmuşdu və qısa zamanda tam şəraiti ilə Vəliyevlər ailəsinin ixtiyarına verilmişdi.

Bir zamanlar nəinki, yaşadığı mənzilin qarşından keçmək, ona baxanda belə polis və qoruyucular tərəfindən sorğu-suala tutulanlar var idi. İndi bunlar yoxdu. İnsanlar sakit həyatlarını yaşayır. Nə onları hədələyən polislər, nə də o polisləri küçə söyüşləri ilə söyən Elmar və Məharət cütlüyü var.

Deyirlər evindən küsüb, gəlmir.

Qapısı bağlıdır. Evinin işıqları yanmır. Darvazasının tutacaqları belə  toz içindədir.

Gununsesi.org