Elmin Bədəlov: Bizə Qış parkında yer versinlər

Elmin Bədəlov: Bizə Qış parkında yer versinlər

30-09-2019 15:15 / Bu xəbər 5004 dəfə oxundu

"Mədəniyyət Nazirliyindən nə ev, nə də maşın istəmirik, bizə küçəni versinlər, tamaşalarımızı oynayaq”

ADO teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) kollektivinə paytaxtda küçə tamaşalarını keçirmək üçün izacə verilmir.

Teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov iki ildir aidiyyatı qurumlara bununla bağlı müraciət etsə də, konkret cavab almadığını deyir.

O, Meydan TV-yə bildirib ki, yenidən Mədəniyyət Nazirliyinə, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib və teatrın küçə tamaşaları keçirmək arzusuna aydın cavab verilməsini tələb edib. Lakin hər iki qurum müraciəti hələ də cavablandırmayıb:

"İcra Hakimiyyəti ilə nazirlik məsələsini bir-birinin üstünə atır”

"İki ildir, küçə tamaşası üçün icazə ala bilmirik, Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti məsələni bir-birinin üstünə atır. Nazirlik deyir ki, bu işə Bakı şəhər İcra Hakimiyyəti baxır. İcra da deyir ki, icazə məsələsini nazirlik həll edir. Halbuki, Gürcüstanda bunu üç saatın ərzində edə bilmişik. Üç saatın bir saatı məktubumuzun notariusda gürcü dilinə çevrilib təsdiq olunmasına getdi. Yerdə qaldı iki saat, onun da bir saatı tamaşa oldu. Dedilər ki, istədiyiniz yerdə oynaya bilərsiniz. Biz oynadıq da, insanların böyük marağı oldu. Burada isə iki ildir, dalaşırıq, vuruşuruq, çarpışırıq, yazırıq, yorulmuruq. Yorulmayacağıq da, cavab alana kimi yazacağıq.

Mədəniyyət Nazirliyindən ev istəmirik, maşın istəmirik, heç nə istəmirik. Bu ölkənin vətəndaşlarıyıq, aktyorlarıyıq. Haqqımız çatmır ki, yaşadığımız ölkənin küçəsində özümüzü ifadə edək? Bizim yaradıcı ifadə azadlığımız pozulur.

Mədəniyyət Nazirliyindən ev istəmirik, maşın istəmirik, heç nə istəmirik
Mənbə: meydan.tv

Qış parkında, fəvvarələrin yanında çox maraqlı bir yer var, amfiteatr stilindədir. Bilərəkdən, ya bilməyərəkdən oranı küçə teatrı tərzində düzəldiblər, mənim də gözüm oranı tutub. İcazə versinlər, orada tamaşalar oynayaq”.

"Nazirlikdən dedilər ki, sizə bir şərtə bina ayırarıq, oynayacağınız tamaşalara biz qərar verək”

Elmin Bədəlov deyir ki, nazirlik onların bina ilə təmin olunması müraciətini də həll etməyib. Daha doğrusu, kollektivə paytaxtdan kənarda, Mərdəkanda bina veriləcəyi bildirilib:

"Bina məsələsi ilə bağlı açıq məktubla Prezident İlham Əliyevə və Mədəniyyət Nazirliyinə müraciət etdik. Məktubda iki yüz əməkdar və xalq artistlərinin də olduğu mədəniyyət və incəsənət nümayəndələrinin imzası vardı. Onlar bu məktuba qoşuldular ki, ADO teatrına məkan verilsin. Məktubumuzdan sonra nazirliyin əməkdaşları gəldilər, "Stop” tamaşasına baxdılar. Dedilər ki, bu nə tamaşadır, oynayırsız? Yaxşı tamaşalar oynayın. Sonra dedilər ki, sizə Mərdəkanda yer ayırarıq, amma şərtimiz var, tamaşalara biz qərar verək, sonra oynanılsın. ADO üçün bu, həm senzura, həm də bizi şəhərdən qovmaq idi. İmtina etmək məcburiyyətində qaldıq, dedik ki, heç olmasa, küçəni bizə verin, pulsuzdur. Bunu da etmirlər, küçəni bizə vermək istəmirlər”.

"Teatrlar izləyicini tamaşaya şirkətlərə məcbur bilet sataraq gətirir”

"Sonra da deyirlər ki, Azərbaycanda teatra maraq ölüb. Buna görə tamaşaçını qınamaq yanlışdır. Bunu teatr adamları özləri edib. Təbii ki, burada Mədəniyyət Nazirliyinin, digər qurumların da rolu var”, - rejissor deyir:

"Sonra da deyirlər ki, Azərbaycanda teatra maraq ölüb"
Mənbə: meydan.tv

"İzləyicini tamaşaya məcbur, hansısa şirkətlərə bilet satmaqla gətirirlər. Bu ayıbdır, düzgün üsul deyil. Məcburi şey həmişə insanları incidir. Tamaşaçını küsdürmək olmaz. Teatr adamları bunun üçün gərək özləri tamaşaçıların ayağına getsin. Mən özümüzdə bu gücü görürəm, tamaşaçıda teatra qarşı marağı yarada bilərəm. Bunun üçün də küçəni istəyirəm, bizə Qış parkında yer versinlər. Gedib, orada oynayacağıq, insanlar tamaşalarımıza pulsuz baxacaqlar. Onlarda maraq yarananda, sabah özləri könüllü teatra gələcəklər. Yaxud kimdəsə maraq yaranacaq, gedib, dostuna deyəcək. Beləcə, biz tamaşaçını teatra qaytarmaq istəyirik.

Mən Fransada, Oriyakda ən məşhur küçə teatrları festivalında olmuşam. Həmin vaxt festivala dünyanın müxtəlif ölkələrindən yeddi yüzdən çox truppa gəlmişdi, Oriyakda adam əlindən tərpənməyə yer yox idi. Eyni anda, şəhərin müxtəlif yerlərində küçə tamaşaları nümayiş olunurdu. Dörd gün səhərdən-axşamadək belə oldu. Niyə Azərbaycanda da olmasın? Ona görə də düşünürəm ki, birinci küçədən başlayaq, insanlarda bu marağı yaradaq. Sonra isə bir gün küçə festivalı da etmək olar. Bu, turizm, teatr truppalarının bir-biri ilə mübadiləsi, incəsənətlərin inteqrasiyası üçün çox maraqlı bir təcrübə olar. Bunu reallaşdıra bilsək, teatrlarımız üçün əla inteqrasiya, uğurlu mübadilə olacaq, həm də tamaşaçıda diqqət yaradacaq. Təəssüf ki, Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti bu məsələdə maraqlı deyil. İmkan vermirlər ki, çıxaq küçədən, tamaşaçını bir-bir yığıb gətirək”.

Bakı Şəhər İcra Hakimiyyəti İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin Allahverdi Meydan TV-yə bildirib ki, ADO teatrının müraciətinə baxılır: "Ərazi olaraq icazəni biz versək də, Mədəniyyət Nazirliyinin rəyi olmalıdır. Yəni nazirlik teatrın tamaşa oynamasına etiraz etməməlidir. Biz bu məsələni müzakirə edəcəyik, lazım olan cavabı teatra göndərəcəyik”.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, qurum küçədə və ya açıq havada hər hansı bir kütləvi tamaşaların nümayişi ilə bağlı icazə vermək səlahiyyətində deyil.