Elmlər Akademiyasının prezidenti istefa verib

Elmlər Akademiyasının prezidenti istefa verib

23-10-2019 12:50 / Bu xəbər 833 dəfə oxundu

Bu gün AMEA-da yeni prezident seçkiləri planlaşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə oktyabrın 23-də istefa verib.

Bu barədə Meydan TV-yə AMEA-nın mətbuat xidmətindən məlumat veriblər.

Bildirilib ki, bu gün AMEA-ya yeni prezident seçiləcək. Ancaq namizədlərin kimliyi məlum deyil.

Akif Əlizadə 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olub.

Orta məktəbi gümüş medalla bitirən A.Əlizadə Azərbaycan Sənaye İnstitutuna daxil olub. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib.

Akif Əlizadə 2013-cü ildən AMEA-nın prezidentidir.

O, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti; Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri; Prezident yanında Elmin İnkişafı Fondunun və Dövlət Neft Şirkətinin Elm Fondunun himayədarlar şurasının üzvü; Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədridir.

Akif Əlizadə 2013-cü ildə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.