Elnur Astanbəyli: “Müharibə istəməyənlərə “vətən xaini” damğasını vurmaq Sovet ənənəsidir”
13-10-2020 15:25 / Bu xəbər 1105 dəfə oxundu
Sahilə İbrahimova: "Mən insanlara deyə bilmərəm Şuşanı verin ermənilərə”
Azərbaycanla Ermənistan arasındakı son döyüşlər işğala son qoyulmasını istəyən və "Müharibə son çıxış yoludur” deyənlərlə savaş əleyhdarları arasındakı mübahisəni daha da qızışdırıb.
"ToplumTV” bəzi Azərbaycan yazarlarının bu polemikaya münasibətini öyrənib.
"Müharibə həmişə qandır, kədərdir, haqsızlıqdır. Bircə onu dəqiq bilirəm ki, Qarabağı qaytarmaq Azərbaycan xalqının seçimidir. Mən burda rəhbərlər tərəfindən insanların vətənpərvərlik hissindən istifadəni görmürəm.

Yazıçı Sahilə İbrahimova belə deyir.
O hesab edir ki, artıq azərbaycanlılar Qarabağsız yaşamaq istəmirlər: "Onların qətiyyəti məndə yoxdur. Amma onların seçimini görməzdən gələ bilmərəm. Xalqın kədərini hiss edirəm, ədalət savaşını görürəm və olduqca məyusam ki, xalqım bunları yaşamaq məcburiyyətində qalıb”.
Sahilə İbrahimova müharibəyə qarşı çıxmağın mütərəqqi mövqe olduğunu deyir. Amma onu da əlavə edir ki, azərbaycanlılar bu münaqişədə zərərçəkmiş tərəfdirlər, hücuma məruz qalıb, qurbanlar veriblər:
"Buna görə azərbaycanlılardan üzr istənməli və ədalət yerini tutmalı idi. Amma biz yenə qurban veririk ki, bizə aid olanı geri qaytaraq. Bunun özü haqsızlıqdır. Mən insanlara deyə bilmərəm Şuşanı verin ermənilərə. Xalq torpağı uğrunda şəhid olmaq istəyirsə, mən onun çarəsizliyinə ancaq üzülürəm".
Elnur Astanbəyli: "Sülh tərəfdarları nə müharibədə haqlı olduğumuzu, nə də Qarabağın bizim olduğunu inkar edirlər"
Şair, publisist Elnur Astanbəyli sülhə çağıranların fikirlərini ifadə etməkdə azad olduqlarını söyləyir: "İstənilən halda, məsələ nə qədər taleyüklü olursa-olsun, insanlar öz fikirlərini ifadə etməlidirlər. Müharibənin qalibi olmur, nəticəsi olur. Kimsə sülh istəyirsə, onu dərhal vətən xaini kimi damğalamaq Sovet ənənəsidir. İnsanlar ölüm istəməyə bilərlər, qan, göz yaşı istəməyə bilərlər. Sülh tərəfdarları nə müharibədə haqlı olduğumuzu, nə də Qarabağın bizim olduğunu inkar edirlər".
Onun sözlərinə görə, müharibə iqtisadi, siyasi, mənəvi, xüsusilə insan taleyi baxımından böyük faciələrə səbəb olur. Ancaq E.Astanbəyli Qarabağ müharibəsinin sülh yolu ilə həlli haqda fikirləri də "utopiya" sayır: "Könül istərdi ki, bu münaqişə danışıqlar yoluyla həll olsun, lakin tarixən qanla alınmış torpaq heç vaxt sülh masasında geri qaytarılmayıb".

Yazar Qarabağın işğalının xalqda mənəvi-psixoloji basqı, özünəinamsızlıq yaratdığını bildirir. O, torpaqların işğaldan azad olunmasının Azərbaycanın ictimai-siyasi həyatına çox fərqli bir enerji gətirəcəyinə, ölkənin demokratikləşmə prosesində mühüm rol oynayacağına əmindir.
E.Astanbəylinin fikrincə, xalqın öz taleyinin həllində aktiv iştirakı önəmlidir, "əgər bu, Qarabağ münaqişəsinin həllində iştirakla başlayacaqsa, qoy olsun".
Sabir Rüstəmxanlı: "Azərbaycan tələyə düşmədən haqlı mübarizəsini aparır”
Xalq şairi, deputat Sabir Rüstəmxanlının gəldiyi nəticəyə görə, sentyabrın 27-dən davam edən döyüşlər Azərbaycanın öz torpaqlarını heç vaxt güzəştə getməyəcəyini göstərdi: "Hər halda, 13-14 günlük döyüşlər Paşinyanın "Qarabağ Ermənistandır" fikrini və Ermənistanın ümidlərini heçə çıxardı”.

S.Rüstəmxanlı deyir ki, Ermənistan münaqişənin miqyasını genişləndirmək, beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin köməyindən istifadə etmək istəyir, amma Azərbaycan tələyə düşmədən haqlı mübarizəsini davam etdirir.
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.
Döyüşlər nəticəsində Azərbaycanın Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirilir.
Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.
Aytac Məmmədova












