Elşad Hacıyev: "Toylarda rəqs edərkən maska taxmaq zəruri deyil"

Elşad Hacıyev:

29-06-2021 14:58 / Bu xəbər 1889 dəfə oxundu

"Əlli nəfərədək olan toy, nişan və ad günü tədbirlərində tibbi maska tələbi mütləqdir, çünki həmin məkanlarda yoluxma riski və COVID daşıyıcıları ola bilər. Bu həm də onunla bağlıdır ki, 50 nəfərədək olan tədbirlərdə COVID-19 pasportu tələb olunmur”.
 
Bu açıqlamanı Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report”a verib.
 
O daha sonra qeyd edib ki, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur: "Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq”.
 
DİN rəsmisinin 50 nəfərədək olan tədbirlərdə maskanın həm mütləq olduğu, həm də zəruri olmadığını qeyd etməsi bir sıra suallar doğurub.
 
"Toplum TV” mövzunu dəqiqləşdirmək üçün Elşad Hacıyevlə əlaqə saxlayıb.
 
O deyib ki, toy və şənliklərdə iştirak edənlər rəqs zamanı maska taxmaya bilərlər: "Orada ümumi demişəm, yəni rəqs edəndə istifadə etməyə bilər, çünki bu, tövsiyə xarakteri daşıyır”.
 
"Məcburiyyət tələbi belədir ki, ola bilsin adamın bir yerdə nəfəsi daralar, özünü pis hiss edə bilər. Tutaq ki, oynayır nəfəsi çatmır, yaxınlaşıb ona cərimə yazmaq insanlıqdandırmı?”, - Hacıyev qeyd edib.
 
Onun sözlərinə görə, əslində, yemək masasının arxasında da maska taxmaq məcburidir: "Amma yemək yeyəndə maska çıxarılmalıdır".
 
DİN sözçüsü bildirib ki, burada insanların səhhəti ilə bağlı məqama da diqqət etmək lazımdır.
 
"50 nəfərədək olan tədbirlərdə maskadan istifadə zamanı hansı halda cərimə yazıla bilər?” sualına isə o belə cavab verib: "Səhhətində nəfəs alma ilə bağlı problemi olmayan insanlar rəqs edərkən də maskanı taxa bilərlər. Yalnız yemək yeyən zaman çıxarmalıdırlar”.