"Əlvida, Azərbaycan albanşünaslığının Əfsanəsi!"

08-12-2021 17:33 / Bu xəbər 3367 dəfə oxundu

Arqument.az tarixçi alim Solmaz Rüstamovanın "Azərbaycan tarixşünaslığının iki sütunu" yazısının I hissəsini təqdim edir:
 
Solmaz Rüstamova

Eyni gündə ard-arda iki ağır xəbər, iki əvəzsiz itki… İki  böyük alim, iki həmkarımız - Fəridə xanım Məmmədova və Aydın Balayev… 

Ayrı-ayrı dövrlər üzrə görkəmli mütəxəssislər, amma hər biri öz sahəsinin Mogikanı. Xarakter etibarilə iki müxtəlif insan, amma elmi taleyinin qəribəliyi baxımından  adları haradasa çarpazlaşan tarixçilər…

Fəridə Məmmədova haqqında o qədər deyilib, yazılıb… Nələr deyilib, nələr yazılıb.

Azərbaycanda Fəridə Məmmədova miqyasında ikinci albanşünas alim yoxdur, olmayıb və hələ ki, görünmür.   Amma Azərbaycanda yəqin ki, öz elmi araşdırmalarına görə bu qədər hücuma məruz qalan ikinci alim də yoxdur. Və bu hücumların ermənilər tərəfindən gəlməsi nə qədər anlaşılan idisə,  yerli "hücumçuların”, Fəridə xanımın bildiyi dillərin birini də bilməyən, oxuduğu kitabların yüzdə birini oxumayan, həmin mövzularda bir sətir tədqiqatları olmayan elm "vızıltılarından” gələn "iradlar”  bir o qədər eybəcər idi. 

Leninqrad elmi məktəbinin yetirməsi, 90-larda erməni alimləri qarışında öz əsaslandırılmış arqumentləri və danılmaz məntiqi ilə duruş gətirən yeganə azərbaycanlı mütəxəssis alim idi Fəridə xanım! Və nə qədər ki Ziya Bünyadov sağ  idi, qiymətini, dəyərini bilən arxası var idi, aralarında elmi mübahisələri olsa belə, onu heç kəsin ayağına vermirdi, çünki özü böyük alim Ziya Bünyadov Fəridə xanım kimi mütəxəssisin  hələm-hələm, elmi rəhbərin dəstəyi, bir dissertasiya yazmaqla deyil, dərin istedad, analitik düşüncə tərzi və  uzun illərin ağır, gərgin əməyi sayəsində yetişdiyinin fərqinə varırdı.

Ziya müəllimdən sonra vəziyyət dəyişdi. Akademiyanın Tarix İnstitutunun ovaxtki rəhbərliyi,  xüsusilə də hər hansı sahədə alimlikdən uzaq, ikinci dərəcəli cılız rəhbər "kadrların” Fəridə xanıma görünməmiş böhtan, iftira kampaniyası başladı.

Fəridə xanım haqqında çox işıqlı bir xatirə yazmaq istəyirəm, amma nədənsə yaddaşımda yalnız bu ortaboylu, zərif qadının ağrı dolu gözləri canlanır. Mənim tədqiqat sahəm tamam başqa dövrə aid olduğundan onunla elə də sıx elmi təmasım yox idi, amma təbii ki, bir-birimizi tanıyırdıq. 

Bir dəfə Tarix İnstitutuna düşdükdə (bizim Şərqşünaslıq institutu bir mərtəbə yuxarıda yerləşir) Fəridə xanımın uzun foyenin ortasında tək durub ətrafa, gedib-gələn işçilərə tərəf boylandığını gördüm, əvvəl salamlaşıb keçmək istəyəndə nə hiss etdimsə ayaq saxladım, hal-əhval tutdum. 

Fəridə Məmmədova

Fəridə xanım bunu gözləyirmiş kimi əllərimdən yapışdı, ordan-burdan danışmağa başladı, sonra birdən gözlərində təlaşla: "Solmaz, hiss edirsən, hamı bizə baxır, bayaqdan mənə heç kəs yaxınlaşmır, gözləyirəm, qorxurlar, indi də qulaq asmaq istəyirlər ki, görən nə danışırıq…”. 

Düzü əhvalım çox pozuldu: "Fəridə xanım, əzizim, bu nə fobiyadır özünüzə təlqin etmisiniz, sizə kim nə deyə bilər…” Nə isə inandıra bilmədim. Özü də çox həssas idi, ermənilərin qarşısında dura bilmişdi, öz cılızlarımızın qarşısında Böyüklüyü ilə acız idi. 

Sonra Arif Paşayev onu Aviasiya İnstitutuna kafedra müdiri apardı, sakitləşdirdi, yaşayışını təmin etdi, ömrünü uzatdı. Dəyər verdi. Bu addım qarşısında Tarix İnstitutunun "yüksək rəhbərləri” Fəridə xanımı institutun ştatından çıxara bilməsə də, uzun illər davamlı "tənqidləri” ilə onu hər halda bu doğma elm ocağından kənarlaşdırdılar, incitdilər, bərk incitdilər.

Bir neçə il əvvəl Tarix institutunun əvvəlki rəhbəri ilə bağlı silsilə yazılarımın birində təkcə öz varlığı, kiçik bir söhbəti ilə ətrafında dərhal elmi mühit yaradan Fəridə Məmmədova kimi alimi bu institutdan uzaqlaşdırmağın fəsadlarını da qeyd etmişdim. 

Bir neçə gün sonra telefonuma Fəridə xanımdan zəng gəldi və cavab verməyimlə, titrək səslə:  "Solmaz, mən elə bilirdim bu dünyadan beləcə, həqiqəti eşitməmiş gedəcəyəm, sağ ol…”  və dəhşətli hönkürtü!

Səsi indiyədək qulağımdadır, bu sətirləri göz yaşı ilə yazıram. Yazıram ki, dünya miqyasında öz sahəsinin ən tanınmış, ən nüfuzlu bir Alimini, əsl Ziyalını, abırlı bir Qadını bu hala salan o elm "sürünənləri” heç olmasa bu gün onun ruhu qarşısında üzrxahlıq etsinlər.

Sözümü hər halda Fəridə xanıma layiq 2 xoş xatirə ilə bitirmək istərdim. Fəridə xanım özünün son xarici elmi səfərində 2014-cü ildə, Londanda olub. Bizim insititutun əməkdaşlarının da iştirak etdiyi və şahidi olduğu həmin beynəlxalq konfransda Fəridə xanımın məruzəsi daha çox erməni albanşünaslığı mövqelərində duran bir fransız qadın aliminin güclü narazılığına səbəb olub, diskussiya açılıb və Fəridə xanımın arqumentləri və inandırmaq qabiliyyəti qarşısında davam gətirməyən fransız alimi hirslənərək, qapını çırpıb və zaldan gedib. 

Bu hərəkət digər alimlərin etirazını doğursa da, belə "etiraz aksiyalarına” alışmış  Fəridə xanımın sakit, müdrik təbəssümü qarşısında konfrans işinə davam edib. Az sonra isə həmin alim yenidən zala qayıdaraq Fəridə xanımın qabağında dayanıb  və hamının qarşısında haqlı olmadığını etiraf edərək ondan üzr istəyib!

Albanşünaslıq tarixinin hazırda Azərbaycanda ən aktual elmi istiqamətə çevrildiyi məlumdur. Çox təqdirəlayiqdir ki, bu mövzuda ardıcıl beynəlxalq konfranslar təşkil edən, kitablar hazırlayan Bakı Multikultualizm Mərkəzi Fəridə xanımı daim diqqətdə saxlayır, onunla tez-tez görüşür və öz məclislərinə dəvət edirdi. 

Fəridə xanım da səhhətində problemlər olduğuna baxmayaraq hər dəfə bu elm məclislərinə gəlirdi, sanki ikinci nəfəsi açılırdı, canlanırdı, gözəl, ardıcıl, məntiqli nitqi ilə bu toplantılarda özünəməxsus elmi aura yaradırdı, onların səviyyəsini birə on qaldırırdı.

Həmin Mərkəzin icraçı direktoru Rəvan Həsənov belə konfransların birinə məni də moderator qismində dəvət etmişdi, çünki bu elmi yığıncaqlarda sözü qurtaranda səsini qaldıran bizim bəzi alimlərimizlə xarici iştirakçılar arasında daima bir münaqişə yaranırdı, mən də onları "söndürməli” olurdum. 

Növbəti  konfrans Qəbələdə təşkil olunmuşdu, Fəridə xanım da gəlməli idi, hazırlaşırmış, amma yaxınları onun uzaq yola çıxmasından narahat olaraq evdən buraxmamışdılar. 
 
Özüm şahidəm!  

İtaliya, Fransa, Gürcüstan, Rusiyadan gələn albanşünaslar Fəridə xanımı görmədiklərindən çox məyus oldular və hər biri öz çıxışında bunu etiraf etməklə bu konfransa daha çox onun adı ilə, onu görmək, eşitmək həvəsi ilə qatıldığını bildirdi.

Budur Alimin beynəlxalq Nüfuzu!

Əlvida, Azərbaycan albanşünaslığının Əfsanəsi! Dəyərli, əziz Fəridə xanım! Sizi qoruya bilmədiyimizə, xətrinizə dəydiyimizə, layiq olduğunuz o Akademik adını vermədiyimizə və çox-çox haqsızlıqlarımıza görə bizi bağışlayın. 

Əsərləriniz durduqca Varsınız! 

Gəncliyimiz sizi sevirdi, qulaq asmaqdan həzz alırdı, bizlərdən sonra xatirənizi onlar yaşadacaq, albanşünaslıq elminə gələn yeni alimlər nəsli isə qoyduğunuz o sütunu daha da möhkəmlədəcək!