Əlövsət Əliyevin saxlanılması təsdiqləndi

Əlövsət Əliyevin saxlanılması təsdiqləndi

14-11-2019 15:23 / Bu xəbər 1010 dəfə oxundu

Noyabrın 13-də Almaniyada fəaliyyət göstərən "Leqat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Azərbaycandan gedən daha bir neçə mühaciri yerli polisin saxladığı bildirilir.

AzadlıqRadiosu xəbər verir ki, Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib. 

O bildirib ki, Ə.Əliyev noyabrın 13-də səhər saatlarında Berlinə gedərkən saxlanıb. Saxlanma səbəbi hələ ki, bilinmir.

Ə.Əliyevin Azərbaycanda yaşayan qardaşı, şair, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə Azadlıq Radiosuna bunları deyib: "Nə üçünsə şübhələniblər ki, Əlövsət Almaniyaya miqrant daşınmasına kömək edib. Guya, qeyri-qanuni şəkildə Azərbaycandan oraya adamlar aparılmasına köməklik göstərib. İndi Azərbaycandan insanlar axıb Almaniyaya gedirlər, hüquqi yardım üçün müraciət edirlər. Əlövsət də kimə bacarırsa, köməyini əsirgəmir".

S.Rüstəmxanlı bildirib ki, bir neçə il öncə də Ə.Əliyevdən belə şübhələnmə olmuşdu. "Amma bu şübhələr təsdiqini tapmamışdı. Yəqin, indi də elə olacaq", - S.Rüstəmxanlı əlavə edib.

S.Rüstəmxanlı Ə.Əliyevin qanunsuz nəsə etməsinə inanmır: "Əlövsət Əliyev qanunsuz heç bir işlə məşğul olmayıb. Sadəcə, ora gedən vətəndaşlarımıza kömək edib. Bu da vətəndaşlarımız xeyrinə olan bir şeydir".

Bəzi mənbələr saxlananlar arasında Müsavat Avropa Koordinasiya Mərkəzinin də bir neçə üzvünün olduğunu iddia edib.

Müsavat Partiyasından bildiriblər ki, bu məsələni araşdırdıqdan sonra açıqlama verəcəklər.

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri olmuş Əlövsət Əliyev Azərbaycanda bəzi vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin istintaqa cəlb edildikləri vaxtda - 2014-cü ildə mühacirətə gedib. Mühacirət etdikdən sonra ona qarşı cinayət işi açıblar. O, Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşının qanunsuz olaraq ölkədən çıxarılmasına yardım etməkdə günahlandırılıb.

Ə.Əliyevin özü əvvəllər cinayət işinin qurama olduğunu, polis generalının onunla haqq-hesab çəkmək istədiyini açıqlamışdı.

Son günlər Almaniya polisinin ölkədəki qanunsuz miqrasiya halları ilə bağlı reydlər həyata keçirdiyi bildirilir.

«Spiegel» jurnalinın Almaniya federal polisinə istinadla yaydığı məlumata görə, 180 polisin cəlb olunduğu belə bir reyd Şimali Reyn-Vestfaliya və Hessendə qanunsuz yolla Azərbaycandan adam gətirən dəstəyə qarşı da keçirilib.

Polis Köln, Düsseldorf, Frankfurt və Visbadendəki 13 obyektdə axtarış aparıldığını, Koblenzdə iki nəfər haqqında həbs qərarı verildiyini açıqlayıb.

Almaniyanın swr.de saytı isə polisə istinadla 8 nəfərin şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu yazır. Xəbərdə qeyd olunur ki, həmin şəxslər 3 min-10 min avro müqabilində ən azı 20 nəfəri qaçaq yolla Azərbaycandan Almaniyaya aparıblar.

Bu əməliyyat tədbirləri təkcə Almaniyada deyil, digər Avropa ölkələrində də həyata keçirilməkdədir. Almaniya polisinin noyabrın 13-də yaydığı məlumatda deyilir ki, insan alveri şəbəkəsinin aşkarlanması üçün Britaniya, Macarıstan, Rumıniya və Türkiyə polisləri də bu əməliyyata cəlb olunublar.

Məlumatda ən azı 2 milyon avro qarşılığında azı 580 miqrantı Almaniyaya gətirməkdə şübhəli bilinən 36 nəfərə qarşı birgə əməliyyat aparıldığı bildirilir.

Oxşar əməliyyat Ukraynadan olan şəbəkəyə qarşı da keçirilib.