Emin Əmrullayev: “Təhsil sistemimiz sanki tərs qurulub”
11-09-2023 14:44 / Bu xəbər 1209 dəfə oxundu
Bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib
"Sertifikatlaşdırma göstərdi ki, təhsil sistemimizdə orta məktəb proqramını nəinki yaxşı, kafi belə verə bilməyən müəllimlər çalışıb”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
E.Əmrullayev bildirib ki, 2026-cı ilə qədər aparılacaq sertifikatlaşdırma çərçivəsində pedaqoji heyətin 10-15 faiz yenilənməsi düşünülür: "Yaxşı hal odur ki, müəllimlərin işə qəbulu prosesi çərçivəsində işə qəbul edilənlərin 80 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərir. Bu ildən etibarən Bakı şəhərində pilot olaraq metodiki xidmət başladacağıq. Müəllimə dəstək sistemi yerində olmalıdır. Hazırda bu sistem çox zəifdir. Yüksək bal toplamış müəllimlər arasından metodist müəllimləri seçib, digərlərinə təlim keçmələrini təşkil etməyi düşünürük".
Nazir qeyd edib ki, təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq. O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq: "Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki, təhsili bir addım irəli apara biləcəyik. Bizə sadəcə səbr və vaxt lazımdır".
E.Əmrullayev vurğulayıb ki, Azərbaycan dili fənni ilə bağlı problemlər kifayət qədərdir: "Bu fənn üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdır. Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik. Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik. Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir. Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir. Məzmunla bağlı ciddi islahatlara ehtiyac var".
Elm və təhsil naziri təhsilsiz bağça müəllimləri məsələsinə də münasibət bildirib. O qeyd edib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür: "Digər ölkələrdə təhsilin bütün pillələrində eyni səviyyəli inkişaf gedib. Çox zaman Finlandiya təhsilini misal göstərirlər. Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən hətta doktorantura təhsili tələb edilir. Yuxarı pillərlərdə isə bu tələb bir qədər aşağıdır. Lakin Azərbaycanda təhsil sistemimiz sanki tərs qurulub. Bizdə bu pillədə çalışanların müəyyən bir hissəsi təhsili olmayanlardır. Tale elə gətirib ki, bizim təhsilimiz təkməzhəbli olub".
Elm və təhsil naziri müəllimləri pandemiyadan sonra təhsilə dəymiş mənfi təsirləri müzakirə etməyə çağırıb.
"Pandemiya bitdi. Biz artıq onun mənfi təsirlərini görməyə başlayırıq və görməyə davam edəcəyik. Bu, dünyada baş verən bir proses idi. İki tədris ilində təhsilin çətin vəziyyətdə idarə olunması öz mənfi təsirlərini göstərir. Bunu müzakirə etməkdən qorxmaq lazım deyil. Bütün müəllimləri bunun fəsadlarını müzakirə etməyə çağırıram", - deyə nazir bildirib.