“Emin Milli Avropada olduğu üçün, məni həbs ediblər” - Əfqan Muxtarlı

“Emin Milli Avropada olduğu üçün, məni həbs ediblər” - Əfqan Muxtarlı

17-08-2017 16:30 / Bu xəbər 1536 dəfə oxundu

Bu gün, avqustun 17-də Nəsimi Rayon Məhkəməsində vicdan məhbusu Əfqan Muxtarlı, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması haqqında qərar şıxarılan prosesdə bəyanatla çıxış edib. 

Vəkil Nemət Kərimli "Basta” əməkdaşı ilə söhbətində bildirib ki, Əfqan Muxtarlı öz çıxışında həbsinin birbaşa İlham Əliyev tərəfindən sifariş edildiyini deyib. 

"Mən 1993-cü ildən Əliyev hakimiyyətinin qanunsuzluqlarına qarşı mübarizə aparıram. Jurnalist kimi Azərbaycandakı korrupsiya və hakim ailənin biznesini ifşa edən araşdırmalar aparmışam, yazılar yazmışam. Mənim son dövrdəki yazılarım əsasən Əliyev hakimiyyətinin korrupsioner mahiyyətinin ən çox ifşa olunduğu Meydan TV-də dərc olunub. Meydan TV-nin qurucusu Emin Milli Avropada olduğu üçün, ona əlləri çatmadığı üçün mənim həbsimi sifariş ediblər. Emin Milli ilə əməkdaşlıq etdiyim üçün, onunla dostluq etdiyim üçün məndən qisas almaq qərarına gəliblər. Həbsimi birbaşa İlham Əliyev sifariş edib…

Biz Azərbaycanda azad, demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparmışıq. Mübarizəmizin məqsədi o deyildi ki, Əliyevlər hansısa məmurların, müstəntiqlərin, prokurorların əli ilə Azərbaycanda idbar bir bir rejim qursun. Repressiyaları nə qədər artırsanız da, biz mübarizəmizi davam etdirəcək və qalib gələcəyik”, – Əfqan Muxtarlı belə deyib.  

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.

Qətnamədə yazılır ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.

Arqument.Az