"Ən yüksək səviyyədə verilmiş siyasi qərardır"
25-08-2017 20:09 / Bu xəbər 1503 dəfə oxundu
Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə 3 ay həbs-qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin (CM) 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Beynəlxalq təşkilatlar, eləcə də ölkədəki ictimai-siyasi şəxslər Mehman Əliyevin həbsini ifadə azadlığına, müstəqil mediaya təzyiq kimi qiymətləndirirlər.
Hüquqşünas Ələsgər Məmmədli ToplumTv-yə bildirib ki, Azərbaycan mediasının gerçək sütunlarından biri hesab olunan "Turan” İnformasiya Agentliyini yaradan, "27 il Azərbaycana gerçək media necə olmalıdır" nümunəsini göstərən şəxsin - Mehman Əliyevin qondarma ittihamlarla həbs olunması, Azərbaycan mediasının sonuncu qalasının da fəth olunduğunun göstəricisidir:
"Düşünürəm ki, bu, Azərbaycan hökumətinin ifadə azadlığına verdiyi gerçək dəyərdir. Bu, ən xırda söz azadlığına belə dözümsüzlüyün nəticəsidir. Mehman Əliyev Azərbaycan mediasında satılmayan, heç bir tərəfdən, hətta dövlət büdcəsindən paylanan pullardan pay almayan, ev almayan və öz kollektivini də bunsuz, çətin vəziyyətdə yaşadan, eyni zamanda da obyektiv, qərəzsiz fəaliyyət göstərən bir media adamıdır. Mehman Əliyevin bu formada şərlənərək həbs olunması, qondarma ittihamların irəli sürülməsi açıq şəkildə Azərbaycan hüquq sisteminin çöküşüdür. Bu sistemdə fəaliyyət göstərən insanların da deqradasiyaya uğramasıdır. Mehman Əliyev bir ziyalı kimi cəmiyyətdə hər zaman optimist mövqe sərgiləyib. Onun həbsi ilə gələcəyə olan inam zədələndi. Ona görə də Mehman Əliyevə qarşı olan komple teorilər, bu səhnəciklərə son verilməli və o layiq olduğu azadlığa qovuşmalıdır. Ona qarşı bütün ittihamlar ləğv olunmalıdır”.
"Artıq Azərbaycan normal sivil bir ölkə olmaq üçün bütün potensiala malik ikən onun hüquq-mühafizə sistemini belə gözdən salmaq, belə qurama işlərdə istifadə etmək bir azərbaycanlı kimi məni olduqca üzür, qəzəbləndirir. Biz ölkənin bu vəziyyətə gəlməsi üçün əlimizdən gələn hər şey etmişik, amma buna baxmayaraq ölkəni təcrid etmək, beynəlxalq ictimaiyyətdə gözdən salmaq yolu seçilir ki, o da nəinki ölkəni idarə edənlərə, hətta bütün xalqa, hər birimizə başucalığı gətirmir. Ona görə də baş verənlər olduqca üzücüdür, olduqca nifrətə layiqdir. Bir an öncə bunlara son qoyulmalıdır”, - Ələsgər Məmmədli əlavə edib.
Hüquq müdafiəçisi Anar Məmmədli isə bildirib ki, Mehman Əliyevə və "Turan”a qarşı qaldırılmış ittihamlar siyasi xarakterlidir: ""Turan” İnformasiya Agentliyi Azərbaycanda indiki şəkildə müstəqil medianı təmsil edən, ifadə azadlığının həm qaranquşlarından olan, həm də sonuncu dayağı olan qurumdur. Azərbaycanın müstəqillik tarixindən belə daha artıq yaşı olan media orqanıdır. 90-cı ildən bugünə qədər ölkədə ifadə azadlığının, media azadlığının insan hüquq və azaldıqları ilə bağlı dəyərlərin ilhamçısı olan bir qurumdur. Belə bir quruma qarşı irəli sürülən ittihamlar yalnız siyasi ola bilər. Burada cinayət əməlindən deyil, siyasi sifarişdən söhbət gedə bilər. Hətta vergidən yayınma halı olsa belə, bu, əsas vermir ki, "Turan”a qarşı bir həftədə belə hadisələr yaşansın. Aparılan axtarışların, Mehman Əliyevin saxlanılması, hüquqi yardımla bağlı prosedurların pozulması siyasi sifarişin olduğunu göstərir. Bu, Azərbaycanda ən yüksək səviyyədə verilmiş siyasi sifarişdir”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli isə ümid edir ki, bu saxlanılma uzun sürməyəcək: "Mehman Əliyev Azərbaycan mediasında tanınan şəxsdir. Onun gördüyü işlər sırf Azərbaycanda medianın inkşafına xidmət məqsədi güdüb. Bu saxlanılmanın uzun müddət olmaması üçün çalışacağıq”.
Mehman Əliyev avqustun 24-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb və saxlanılıb.
Avqustun 25-də Yasamal Rayon Məhkəməsi "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə 3 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır.
"Turan" İnformasiya Agentliyi, hüquqşünaslar və ölkənin aparıcı müxalifət təşklatları, həmçinin beynəlxalq təşkilatlar Mehman Hüseynovun həbsini siyasi sifariş hesab ediblər.
Gülzar N. Məmmədli
ToplumTv












