“Çənəmi sındırandan sonra bilmişəm ki, dişimi çəkən stomatoloq deyilmiş”

“Çənəmi sındırandan sonra bilmişəm ki, dişimi çəkən stomatoloq deyilmiş”

08-06-2022 22:44 / Bu xəbər 971 dəfə oxundu

Sənan Əhmədov iki ildir ki, diş texnikindən və özəl klinikanın sahibindən prokurorluğa şikayət edib, amma…

"Diş çəkimi zamanı çənəmin sındırılması bəlkə kənardan adi bir hadisə kimi görünə bilər. Ancaq burda problem iki ildir ki, prokurorluğun maddi marağa görə bir diş texnikini, kiçik bir diş kabinetinin sahibini necə himayə etməsindədir. Bacardın-bacarmadın, al əlinə kəlbətini, adamların çənəsini yerindən çıxart, prokuroru "gör”, sənə gözün üstə qaşın var, deyən olmayacaq”.

Bərdə şəhər sakini Sənan Əhmədov Meydan TV-yə danışır ki, iki il əvvəl Bərdədəki özəl klinikalardan birində diş çəkdirərkən çənə sümüyünü sındırıblar:

"Həsən Məmmədov diş texniki imiş, çənəmi sındırandan sonra bilmişəm. Bir dəfə çənəmi əməliyyat ediblər, çənəmdə yenə əməliyyat aparılmalıdır, artıq çənə nahiyəmdəki problem burnuma da fəsad verib. Üz nahiyəmə sümük köçürülməlidir, yəni belə bir ciddi fəsadlarla qarşılaşmışam. İki ildir ki, məni bu vəziyyətə salan adam cəzasız qalıb. Prokurorluqla məhkəmə arasında qalmışam”.

İki ildir ki, həm bunu edən həkimin cəzalandırılmasını tələb etməklə, həm də çənəsinin sınması səbəbindən yaranmış fəsadları aradan qaldırmaqla məşğuldur. 

Ancaq hüquq-mühafizə orqanlarına və məhkəməyə etdiyi müraciətlər nəticəsiz qalıb: "Bərdə Rayon Prokurorluğu hansısa maraqlardan klinikanın sahibi Yaşar Babayevə, diş texniki Həsən Məmmədova az qala vəkillik edir. Sağlamlığıma zərər dəyib, hələ də fəsadlarını yaşayıram, prokurorluqda deyirlər, bir çənəylə sənə nə olacaq ki? Halbuki, mənim şikayətim həm də diş texnikinin stomotoloqluqla məşğul olmasındandır. Deyirəm, axı, bu adamın diş çəkmək kimi vəzifəsi yoxdur, diş çəkmək üçün gərək ali tibbi savadı olsun, sizin yanaşmanızdan belə çıxır ki, hər yoldan keçən əlinə bir kəlbətin alıb adamların çənəsini sındıra bilər? Üstəlik də, mənim təkcə çənəm sınsaydı, nə vardı ki, adam məni elə günə salıb ki, iki ildir müalicələr də kömək olmur. Çənəmi əməliyyat edən cərrah deyir, bunun fəsadı həmişəlik qalacaq. İndi də burnum şişib, burnumdakı tənəffüs yolları qapanıb, nəfəs ala bilmirəm. Üz nahiyəmə sümük köçürülməlidir. Çənəmdə yenə əməliyyatlar aparılmalıdır”.


Bərdə Rayon Prokurorluğunun cavab məktubu

Elə Sənan Əhmədov da bir neçə dəfə ekspertizadan keçdiyini deyir. Ancaq həm də əlavə edir ki, hər dəfə rəylər saxtalaşdırılıb. Hazırda o, yenə prokurorluğa müraciət edib və çənəsindəki vəziyyətlə bağlı rəy alınması üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Ancaq deyir, yenə əvvəlki kimi saxtakarlıqlarla üzləşib: "Rentgenoloq Rüstəm Süleymanov çənəmi çəkməkdən başımı çəkib. Demişəm ki, məni çənəyə görə göndəriblər sənin yanına. Deyir, aparat çənə çəkmir. Dedim, çəkmir, yaz ki, çəkmir, məni başqa yerə göndərsin prokurorluq. Dedi, elə şey edə bilmərəm, mənə necə deyiblərsə, elə etməliyəm, götürüb yazdı ki, çənədə problem yoxdur”.

Bərdə Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Sənan Əhmədovun şikayətləri dəfələrlə araşdırılıb, eksperiza təyin olunub. Müəyyən edilib ki, diş çəkimi tibbi qaydalara tam əməl olunmaqla baş verib, hadisədə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işi başlanması rədd edilib. 

2020-ci ilin sonunda həmin stomotoloji kabinetin sahibi, həkim-stomatoloq Yaşar Babayevin İnzibati Xətalar Məcəlləsinin 215.1 (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsiylə inzibati xəta haqqında iş üzrə icraat başlayıb, baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib. O, 800 manat cərimələnib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, Sənan Əhmədovun rentgenoloqla bağlı dedikləri araşdırılacaq.