Enerji keçidi strategiyası olmayan hökumətin "yaşıl enerji" hədəfləri

Enerji keçidi strategiyası olmayan hökumətin

11-04-2022 13:51 / Bu xəbər 6000 dəfə oxundu

Rövşən Ağayev
İqtisadçı
 
Mediada yayılan xəbərə  görə, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarına tövsiyə edir ki, bu qurumlar öz vəsaitləri hesabına elektrik mühərrikli və hibrid avtomobilləri alan şəxslərə güzəştli kreditlər versinlər. Yəqin ki, AMB bu addımla ölkədə enerji keçidinə öz töhfəsini verdiyini düşünür. Amma bu da bir reallıqdır ki, Azərbaycanda bankların resursları ilə ayrılan kommersiya kreditləri o qədər baha (milli valyutada verilən kreditlər 15%-ə yaxın, istehlak kreditlərində isə 20%-dən yüksək), müddəti elə qısadır (maksimum 3 il) ki, faizlərdəki 2-3 bəndlik güzəşt belə yenə də insanları kreditlərlə elektromobillər almağa stimullaşdırmayacaq.

Amma məsələyə enerji keçidi prizmasından yanaşılırsa, bu heç də fundamental problem deyil. Əsas problem hökumətin məsələyə kompleks yanaşmasının olmamasıdır. Bu isə ilk növbədə özünü alternativ enerji mənbələrindən istifadəni və sürətli elektromobilləşməni nəzərdə tutan vahid enerji keçidi strategiyasının yoxluğunda göstərir. Hərçənd ki, hələ ölkə prezidentinin 11 il əvvəl imzaladığı sərəncam  alternativ enerji sektorunun inkişafı üzrə uzunmüddətli (2012-2020-ci illər) strategiyanın hazırlanmasını  nəzərdə tuturdu. Ancaq bu sərəncamdan heç nə alınmadı. 

2030 "yaşıl enerji" hədəfi  

Prezidentin ötən ilin fevralında təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  5 hədəfdən biri "yaşıl enerji"yə keçiddir. Sənədə əsasən, iqlim dəyişikliklərinin neqativ təsirlərinin azaldılması üçün  iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmalıdır. Eyni zamanda, bu məqsədə nail olmaq üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə stimullaşdırılacaq. 
 
Bu sənəddən 8 ay sonra  – 2021-ci ilin dekabrında hökumət daha bir sənəd qəbul etdi. "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsinə” dair Prezident sərəncamında qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaların tətbiqi, "yaşıl artım" yaradan və bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə investorlar dəstəklənəcək.

Bundan əlavə, 2021-ci ilin mayında imzalanmış daha bir sərəncama  görə, işğal edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üçün konsepsiya və baş plan hazırlanmalıdır. Hökumətin ilkin hesablamalarına görə, həmin ərazilərin günəş enerjisi potensialı 7200 MVt və külək enerjisi potensialı 2000 MVt olaraq müəyyən edilib. Eyni zamanda, elektrik istehsalı üçün əlverişli su mənbələrinin mövcud olduğu qeyd olunur. Məsələn, ərazidə hazırda ümumi gücü 241,3 MVt olan 45 su elektrik stansiyası (SES) olduğu və onlardan 34-nün bərpaya ehtiyacı olduğu bildirilir.

Energetika Nazirliyi bildirir  ki, 2030-cu ilə qədərki  dövrdə ‘yaşıl enerji’yə keçidin hədəfi alternativ enerjinin payının hazırkı 17%-dən 30%-ə çatdırılmasıdır. Bu hədəfə çatmaqda hökumətin əsas güvəndiyi mənbə də elə yuxarıda qeyd edilən SES-lərin  bərpası və onların hesabına mövcud istehsal güclərinin artırılmasıdır. Hələlik günəş və külək kimi alternativ enerji mənbələrindən istifadə sahəsində ortada olan real iş Səudiyyə   Ərəbistanının ACWA Power və Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətlərilə əməkdaşlıq əsasında qoyuluş gücü 230 MVt olan günəş, 240 MVt gücündə külək stansiyasının tikintisidir . Bu stansiyaların təməlqoyma mərasimi 2022-ci ilin 15 martında də baş tutub.

Əslində bu 2 layihə təşəbbüsü göstərir ki, Azərbaycan hökuməti ölkədə həm siyasi, həm də iqtisadi idarəçilikdə mövcud olan yüksək mərkəzləşmədən alternativ enerji siyasətində də əl çəkə bilmir. Hökumət ev təsərrüfatlarının timsalında kiçik günəş enerjisi, bələdiyyələrin və kiçik-orta biznes təmsilçilərinin timsalında bioenerji istehsalçılarını dəstəkləməyə heç bir maraq göstərmir.

Ev təsərrüfatları və kiçik biznes enerji istehsalçıları kimi necə dəstəklənə bilər?

"Yaşıl enerji"yə keçidin ən mühüm potensial üstünlüklərindən biri budur ki, enerji sisteminin nəhəng milli və transmilli şirkətlərin hegemonluğundan çıxması üçün şans yaranır. Hətta ayrıca götürülmüş bir ev təsərrüfatı, kiçik biznes subyekti də çox məhdud sərmayə ilə enerji istehsalçısına çevrilə bilir. ‘Yaşıl enerji’ hökumətlərin də enerji bazarında dövlət adından sərt inhisarçılığına son qoymaq üçün unikal fürsətlər yaradır. Amma vacib olan budur ki, həmin hökumətlər yeniliyə müqavimət göstərmək əvəzinə onun yolunu açsınlar, sərəncamlarında olan tənzimləmə alətləri və resurslar vasitəsilə prosesi sürətləndirsinlər. Hansı addımlar atıla bilər?

Birincisi, kənd yerlərində fərdi evlərin, şəhərlərdə isə çoxmərtəbəli binaların günəş panelləri əsasında özlərini avtonom şəkildə enerji ilə təminatı üçün dövlət proqramı qəbul edilməlidir. Bu istiqamətdə ilk addım atılıb. Azərbaycanda hazırda qüvvədə olan "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na görə, 150 kVt-dan aşağı gücə malik bərpa olunan stansiyaların quraşdırılması üçün nə vətəndaşlardan, nə də investorlardan hər hansı icazə tələb edilmir və hər hansı dövlət qurumu məlumatlandırılmadan belə qeyd olunan gücə malik enerji qurğuları quraşdırıla bilər.

Sual oluna bilər ki, 150 kVt enerji gücü nə qədər ev təsərrüfatının ehtiyacını qarşılaya biləcək həcmdə enerji istehsalına imkan verə bilər? İstehsal gücündən istifadə əmsalı orta hesabla illik 25% təşkil edərsə, bu ildə təxminən 350 min, ayda 30 min kVt/saat enerji istehsalı deməkdir. Bu isə 60-70 mənzildən ibarət çoxmərtəbəli binanın hətta istilik ehtiyaclarını da qarşılaya biləcək həcmdə enerji istehsalı deməkdir. Kənd yerlərində ayrıca götürülmüş bir fərdi evdə 6-8 kVt enerji gücündə günəş panelləri tələbata uyğun enerji istehsalını təmin edə bilər. Günəş panellərinin satışı və quraşdırılması ilə məşğul olan müxtəlif firmalardan əldə olunan məlumatlar göstərir ki, hazırda 1 kVt enerji gücünün quraşdırılması təxminən 1200-1500 manat intervalında dəyişir. Yəni hər hansı fərdi ev sahibinin bu layihəni gerçəkləşdirməsi üçün 7500-10000 manat arasında vəsait tələb edilir.

Hökumətin məhz yuxarıda qeyd olunan kiçik istehsalçıların, xüsusilə öz istehlakı məqsədilə lisenziyasız bərpa olunan enerji istehsal edən subyektlərin stimullaşdırılması üçün mexanizmlər hazırlaması mümkündür. Həmin mexanizmə əsasən, tələb olunan sərmayənin üçdə biri qrant şəklində dövlət tərəfindən (hazırda kənd təsərrüfatı texnikasının lizinqlə verilməsində 40% dövlət dəstəyi kimi) əvəzsiz, üçdə biri güzəştli bank krediti, üçdə biri isə ev təsərrüfatlarının öz vəsaiti formasında verilə bilər.

İkincisi,  dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında kiçik və orta biznes subyektlərinin bioenerji istehsalının dəstəklənməsi çox vacibdir. Söhbət, xüsusilə ölkənin regionlarında xüsusi poliqonların olmaması səbəbindən açıq havaya atılan məişət tullantılarından elektrik enerjisinin, eləcə də heyvan mənşəli tullantıların emalından bioqazın alınmasından gedir.

Yeri gəlmişkən, Azərbaycanda (Bakı şəhəri, Balaxanı qəsəbəsi) tullantıların yandırılması əsasında elektrik enerjisi istehsalı təcrübəsi var. Rəsmi statistikanın məlumatına görə, həmin emal nəticəsində ildə orta hesabla 201 mln. kVt/saata yaxın enerji istehsal edilir.
 
Amma bu layihənin tək üstünlüyü iqtisadiyyata elektrik enerjisi qazandırması deyil. Əlavə olaraq, qəbul edilən tullantılar çeşidlənir və yandırılmaya getməyən müəyyən həcmdə tullantılar (təxminən 200 min ton) təkrar emala gedir. Nəticədə iqtisadiyyat həm əlavə məhsullar və müəyyən sayda davamlı iş yeri qazanmış olur.
 
Ən mühümü isə tullantıların açıq havaya atılması təcrübəsinə son qoyulması ekoloji sağlamlığın təmin edilməsinə töhfə verir. Hazırda Azərbaycanda Bakı şəhəri istisna olmaqla ölkənin əyalətlərində tullantıların hamısı (istər məişət, istərsə də təsərrüfat tullantıları) faktiki olaraq təbiətə atılır. Məsələn, rəsmi statistikaya görə, 2020-ci ildə ölkə miqyasında 3.5 mln. tona yaxın istehsal və istehlak mənşəli tullantı formalaşıb ki, ondan cəmi 23.5%-nin və ya 802 min tonunun istifadə edildiyi və ya zərərsizləşdirildiyi bildirilir.
 
Aydın məsələdir ki, statistik mənzərə reallığı əks etdirmir. Çünki rəsmi statistika kommunal qurumlar tərəfindən toplanan tullantıların uçotunu aparır. Həmin qurumların fəaliyyəti isə iri şəhərlər və rayon mərkəzləri ilə məhdudlaşır. Əhalinin 50%-nin yaşadığı kənd yaşayış məntəqələrində isə məişət tullantıları açıq ərazilərə atılır və onun real həcminin uçotu aparılmır. Məsələn, əhalinin real sayı nəzərə alınsa, Abşeron yarımadasında hər nəfərə düşən illik bərk məişət tullantılarının həcmi təxminən 450 kq təşkil edir. Lakin ölkənin paytaxtdankənar bölgələri üzrə bu göstərici kifayət qədər aşağıdır.

Dünyada heyvan tullantılarının enerjiyə çevrilməsi sahəsində kifayət qədər uğurlu təcrübələr var. Məsələn, bu sahədə Avropada lider olan Almaniyada heyvan tullantılarını enerjiyə çevirən 8000-ə yaxın müəssisənin 4000 MVt-a qədər istehsal gücü var. Bu, Azərbaycanın bütün enerji sisteminin ümumi gücünün 60%-ni təşkil edir. Hesablamalara görə, bioqazın bütün mümkün potensialı istifadə edilərsə, dünyada elektrik istehlakının orta hesabla 20%-ni, biometan qazı kimi istifadə ediləcəyi halda isə təbii qaz istehlakının təxminən üçdə birini bu mənbə hesabına təmin etmək mümkündür.

Dünyada tullantılardan enerji alınması sahəsində ən uğurlu ölkə kimi ilk yerdə İsveçin adı çəkilir. Məlumata görə, ölkədə 1.250 mln. ədəd mənzilin qızdırılması, 600 min evin isə elektrik təminatı tullantıların enerjiyə çevrilməsi hesabına təmin edilir. Bu potensialın Azərbaycanda yaradılması o deməkdir ki, ölkə üzrə bütün mənzillərin təxminən 50%-nin istiliyi, 25%-nin isə elektriki tullantıların emalı sayəsində mümkün olur.
 
İsveçin Tekniska Verken şirkətinin məlumatına görə, 4 ton bərk tullantı 1 ton neftə, 1.6 ton kömürə, 5 ton oduna ekvivalent həcmdə elektrik enerjisi istehsal edir. İsveç bu enerji istehsalı üçün hətta bir çox ölkələrdən tullantıları idxal edir.  Tullantı emalı sayəsində İsveç təbiətə atılan karbon qazlarının həcminin 2.2 mln. ton azaldılmasına nail olub.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti 2018-ci ilin noyabrında Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya təsdiqləyib. Həmin sənədə görə, bərk məişət tullantılarının yığılması xidmətlərinin ölkədəki bütün yaşayış və biznes  obyektlərinə doğru genişləndirilməsi nəzərdə tutulur. Eyni sənəddə müəyyən edilən əsas istiqamətlərdən biri məhz müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görülməsidir. İndiki halda isə ən məqbul variant hökumətin 2030 prioritetləri çərçivəsində "tullantısız iqtisadiyyat” hədəfi müəyyənləşdirməsi və uyğun adda dövlət proqramı qəbul etməsi ola bilər.