Ənvər Ağamalızadənin saxlanıldığı deyilir
19-09-2023 14:30 / Bu xəbər 719 dəfə oxundu
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadənin saxlanıldığı bildirilir.
Partiyadan "Turan"a bildirilib ki, səhər saat 9 radələrində evindən dükana alış-veriş məqsədilə çıxan Ə.Ağamalızadə yaşadığı binanın həyətində saxlanılaraq naməlum istiqamətə aparılıb.
Bu saata qədər onunla əlaqə saxlamaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Ə.Ağamalızadə ötən ay da polis tərəfindən saxlanılmışdı. Onun sözlərinə görə, saxlanılarkən fiziki təzyiqə məruz qalmışdı.
Qubad İbadoğlunun həbsi
ADR sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.
Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Avqustun sonunda ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.