Epistemoloji inqilabın anatomiyası: siyasi həbslər və vasitələr nəzəriyyəsi

Epistemoloji inqilabın anatomiyası: siyasi həbslər və vasitələr nəzəriyyəsi

23-11-2023 21:39 / Bu xəbər 2587 dəfə oxundu

Xalid Bağırov 

Tanınmış rus yazıçıları İlf və Petrovun məşhur "12 stul” romanında dillər əzbəri olmuş iki aforizm var: "Möhkəm olun, xaric bizə kömək edəcək” və"Suda batanların xilası batanların öz işidir”.

Vasitələrdən yalnız onlar sərfəli olmadıqda vaz keçilir. Yəni vasitənin yararsız ola bilməsi üçün onun bahalaşması (baha başa gəlməsi) lazımdır. Bu bir ümumi qaydadır, əksər hallarda işləyir.   

                                            I. Möhkəm olun, xaric bizə kömək edəcək!

Yuxarıda göstərdiyimiz qayda siyasi həbsləri bir vasitə kimi istifadə edən hakimiyyət üçün də işləyir. İndiyədək hesab edirdik ki, siyasi həbslər İlham Əliyev hakimiyyəti üçün ancaq beynəlxalq səviyyədə baha başa gələcək bir amilə çevrilə bilər. Bu məqsədlə siyasi məhbus siyahılarının tərtib edilməsindən tutmuş, beynəlxalq səviyyədə müxtəlif ictimai vəkillik səyləri göstərməyə çalışmışıq. Hətta ölkə daxilində aparılan çox azsaylı layihələrdən biri olan "Sing for democrasy” aksiyasının effektivliyi belə Azərbaycanda keçirilən beynəlxalq tədbirə - "Avrovisiya” yarışmasına hesablanmışdı. 

Bütün bu cəhdlər son nəticədə onu göstərdi ki, siyasi həbslər hakimiyyət  üçün bahalı vasitələrdən çox, Qərblə danışmaq üçün predimetidir. Hakimiyyət siyasi həbslər vasitəsilə onunla təmasları minimum həddə endirən Qərblə "alver” etməyi, ona mesajlar verməyi öyrəndi... 

Yeri gəlmişkən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları siyasi təqiblərlə mübarizə üçün effektiv vasitə olmadı. Yəni onun qəbul etdiyi qərarlar hakimiyyət üçün həm maddi, həm də siyasi nəticələr  baxımından bahalı deyildi, hətta hakimiyyət anladı ki, o qərarları iqnor etməsi onun üçün ciddi nəticələr doğurmayacaq. XXI əsrin əksər avtoritarları kimi İlham Əliyev beynəlxalq münasibətlər sisteminin konyukturasını düzgün mənimsədi... 

Bu bir tərəfdən də bizim səhvimiz idi. Biz hakimiyyətdən fərqli olaraq beynəlxalq konyukturanı düzgün dəyərləndirməmişdik... 

Qərb kimdir?

Birincisi, əslində Qərb deyilən konkret bir şey yoxdur. Sadəcə, bizim Qərb adı altında anladığımız,  ifadə etdiyimiz anlayışlar müxtəlif fikir və mövqelərdən, həmçinin onlardan irəli gələn maraq və iradələri özündə cəmləşdirən ideya toplusudur.

Bu fikirlər, mövqelər və maraqlar zaman-zaman üst-üstə düşür, bəzən isə ümumiyyətlə, düşmür. Bu səbəbdən həmişə yadda saxlamalıyıq ki, Qərb deyəndə əksər hallarda biz XXI əsrə xüsusu demokratiklik kültürü ilə gəlmiş mücərrəd və şərti subyektdən danışırıq...   

Azərbaycan Qərbin yuxusuna girirmi?

İkincisi, Azərbaycan Qərb üçün düşündüyümüz qədər önəmli bir ərazi deyil. Əgər Azərbaycana dünyadan baxmaq istəyiriksə, o zaman bunu Azərbaycanın içindən etməkdən vaz keçməliyik.  Azərbaycan bizim üçün daxildən dünya boyda görünə bilər, bəlkə də, əslində elədir.  

Məmməd Araz demişkən:

"Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində”.

Bəsit həqiqət var: Qərb ölkələrinin hakimiyyətləri son nəticədə öz insanları tərəfindən formalaşan və onların iradələrindən asılı olan, həmçinin həmin insanların ödədikləri vergilər hesabına formalaşan büdcələri xərcləyən hakimiyyətlərdir. Həmin hakimiyyətləri üçün məsələn Zimbabveyə maraq, həmin ölkənin insanlarının marağından bir az artıq ola bilər, vəssalam.  

Bəs Qərb həmin ölkələrdə olan azsaylı maraqlarını necə təmin edir? 

Üçüncüsü, Qərb zərurət yarananda, Azərbaycan kimi avtoritar ölkələrdə kiçik maraqlarını təmin etmək üçün həmin ölkələrdə formalaşan hakimiyyətlərlə əməkdaşlıq edir. 

Bizə görə legitim olmayan bu hakimiyyətlərlə əməkdaşlıq prinsipsizlik kimi görünsə də, artıq müasir dünyanın real politikində legitimlik başqa anlam daşımağa başlayıb.  

Maks Veberin legitimliklə bağlı formalaşdırdığı təsnifatı bir kənara qoysaq, ondan sonra, XX əsrin ikinci yarısından başlayaraq meydana gələn Azərbaycan tipli avtoritar rejimlər üçün "legitimlik” anlayışı başqa cür tərif edilir. Yəni necə seçilməsindən asılı olmayaraq dövlətin suveren ərazisinə "effektiv nəzarəti həyata keçirə bilən” istənilən avtoriatr lider dünya üçün müəyyən mənada legitim sayılır və onunla əməkdaşlıq etmək zərurəti yaranır. 

Bu baxımdan İlham Əliyev üçün necə seçilməsindən vacib, Azərbaycanda total və effektiv nəzarəti həyata keçirə bilməsini dünyaya nümayiş etdirməsi olduqca zəruridir. O da bütün idarəetmə mexanizmini məhz bu prinsiplə müəyyən edib. Bununla da dünyaya mesaj verir ki, bu ölkədə mənimlə danışmalısınız, hər şeyə mən nəzarət edirəm...  

Bəs dəyərlər?

Dördüncüsü, Qərb üçün "dəyərlər” bizdə anlaşıldığı kimi mücərrəd anlayış deyil. Konkret məna yükü olan bir qavramdır. Hər bir cəmiyyət bu qavrama öz mənasını yükləyir. Konkret məna daşıdığı üçün dəyərləri önəmliliyinə görə ierarxik sıralamaq olur. Yəni "insan” Qərbdəki cəmiyyətlərdə bu ierarxiyanın başında gələn dəyər olduğu halda başqa, cəmiyyətlərdə bu belə olmaya bilər. Bu da böyük anlamda Qərbin yox, həmin cəmiyyətlərin problemidir.  

Bəs Qərbin demokratiya yaymaq istəyi?

Beşincisi, Qərb üçün İkinci Dünya müharibəsindən sonra,  dünyada demokratiyanın bərqərar olması önəmli olsa da, bu onun prioritetləri arasında heç də ən başda gəlməyib. "Soyuq müharibə”nin bizdə saxladığı yalnış bir baxış var; biz elə bilirik ki, əlinə bayraq alaraq SSRİ bütün dünyada, "bütün dünyanın proletarları birləşin” şuarı altında sosializmin, ABŞ isə əksinə demokratiyanın bərqərar olması üçün savaşır. 

SSRİ üçün, bəlkə də, belə zərurət var idi. Çünki sosialist cəmiyyət ətrafında kapitalist sistemlər mövcud olduqca rəqabətcil deyildi, dağılmağa məhkum idi. Məhz bu səbəbdən SSRİ qapanmışdı, lakin bu belə onu dağılmaqdan xilas etmədi. Kommunizm (dövlətlərsiz cəmiyyət) isə ümumiyyətlə bir utopiya idi, yalnız bütün dünya bu kürkə büründükdə mümkün ola bilərdi. 

Qərbin "Soyuq savaş”da yeganə məqsədi "sosializm xəstəliyinin” yayılmasının qarşısını almaq, özlərində bərqərar etdikləri "insan” mərkəzli demokratik cəmiyyətləri qorumaq idi. Qərbin prioritetləri bu gün də elə də çox dəyişməyib. 

1990-cı illlərdən sonra Qərb sisteminin Şərqə genişlənməsi Qərb dövlətlərindən çox, Şərqi Avropa dövlətlərinin israrının nəticəsi (Putinin əksini iddia etməsinə rəğmən) idi. 

Əfqanıstan və İraqa hərbi müdaxilədən, həmçinin "Ərəb baharı”dan sonra Qərbdə belə bir fikir güclənib ki, demokratiya xüsusən müsəlman ölkələrində yayıla bilən nəsnə deyildir. 

Qeyri-demokrtik ölkələrin sayının demokrtik dövlətlərdən həm say, həm ərazi, həm də əhali baxımından çox olmasını nəzərə alsaq, əlinə bayraq alıb bütün dünyanın demokrtikləşməsi üçün "savaşmaq” ideyasının absurdluğu dərk ediləndir. Xüsusi ilə də, bunun qeyri-demokrtik cəmiyyətlərin insanları tərəfindən bir çox halda ekspansiya, bəziləri tərəfindən "yeni səlib yürüşü” kimi qəbul edildiyi təqdirdə qeyri-mümkündür. 

Bu yanaşmanı təsdiqi olaraq ABŞ-nın büdcə xərclərinə istinad etmək olar. ABŞ-nin 2023-cü ildəki büdcə xərcləri 5,792 trln ABŞ dolları təşkil edir. Bunlardan, 858 mlrd ABŞ dolları hərbi müdafiə məqsədləri, 3,166 mlrd dünyada demokratiya və insan hüquqlarını dəstəkləmək üçündür.  Yəni müdafiə məqsədləri üçün xərclərin 14,81 %-i, demokratiya və insan hüquqlarını dəstəkləmək üçün 0,056%-i nəzərə tutulub. 

Son olaraq, yuxarıda sadaladıqlarım üzərinə bir amili də gəlsək, bu gün dünyada beynəlxalq vəziyyətin artıq tam olaraq Qərbin nəzarətində olmasını iddia etmək çətindir. Qərb adlandırmadığımız qüvvələr köhnə beynəlxalq sistemi özlərinin yeni güclənməkdə olan iddiaları ilə sarsıda biliblər. Əgər 1990-larda dünya düzəni, beynəlxalq sistemi dedikdə Qərbi başa düşmək olurdusa, bu gün bu düzənin tarixə qovuşduğunu iddia etmək ərəfəsindəyik... 

Bəs belə bir halda, sizcə doğurdanmı, İlham Əliyev Azərbaycanda insan hüquq müdafiəçilərinin və aktivistlərin Qərbin agentləri olmasından çəkinir? Gəldiyim qənaətə görə yox, İlham Əliyevi narahat edən bu kəsimin Qərb tərəfindən dəstəklənməsindən çox, gördükləri fəaliyyətin daxildə yarada biləcəyi effektdir. Bu son cümlə, məncə, daha sonda təklif edəcəyim çıxış yolu üçün açar cümlə kimi qiymətləndirilməlidir. 

Etiraf edək ki, İlham Əliyev bu beynəlxalq konyukturanı bizdən daha yaxşı başa düşüb və daha effektiv istifadə edir. O, şiə məhzəbli dindar vətəndaşlarımızı həbs edərkən İrana mesaj verdiyi kimi (o qədər əlaqəsiz adamlar həbs edilir ki, buna başqa səbəb axtarmaq da mümkün deyil), insan hüquqları aktivistlərini, jurnalistləri də həbs etməklə Qərbə mesaj verir. Qərbi "dəyərlər” anlayışı ilə şantaj edir, masaya oturtmaq və "alver” etmək istəyir. 

Emin Hüseynov, Leyla və Arif Yunuslar, Əfqan Muxtarlı və başqa bir çox keysləri belə alverin necə mümkün ola biləcəyini göstərmək üçün önəmlidir. Bütün bu hallar vasitəsilə İlham Əliyev Azərbaycanda danışılmalı və bütün məsələləri həll edən yeganə adam olduğunu nümayiş etdirərək Qərb üçün legitimliyini təsdiq edir.
 
                                         II. Suda batanların xilası batanların öz işidir   

"O zaman bu yazının başında irəli sürdüyüm "vasitələr nəzəriyyəsi” bizdə necə işləyə bilər?” sualına cavab axtarmaq lazımdır. 

Bu hakimiyyət üçün siyasi həbslərin faydası zərərindən çox olduğu vaxta kimi o bu mexanizmdən istifadə edəcək. Beynəlxalq aləmdə belə "bahalı başa gəlməyə” nail ola bilmədiyimiz üçün bunu ölkə daxilində sınamaq lazımdır. Onsuz daxildə bahalaşan bir vasitə son nəticədə beynəlxalq səviyyədə bahalaşma ilə nəticələnəcək. 

Zatən, Azərbaycan ictimai şüurunda hakim olan bir yalnış "həqiqət” var. Bu həqiqət xarici və daxili siyasətləri bir-birindən ayrı görmək və dəyərləndirməkdən ibarətdir. Əslində, xarici siyasət tam şəkildə daxili siyasətin davamıdır. 

Dövlətlərin yaranış fəlsəfəsinin təməlində onların başqa dövlətlərlə əlaqələrə girib xarici siyasət aparmaqdan çox, müəyyən ərazidə bir hakimiyyət iradəsini bərqərar etmək məqsədləri durur. 

Xarici siyasəti geniş anlamda daxili siyasətdən ayırmaq mümkün deyil. Rusiyanın xarici aqressiv siyasətin mənbəyini daxildə formalaşan avtoritar idarəetmədən ayırmaq mümkünsqzdür. Həmçinin Qərb ölkələrinin xarici siyasətini istiqamətləri müəyyənləşdirən daxildə formalaşan ictimai rəydir. Eləcə də İlham Əliyevin xarici siyasəti konturları onun ölkədaxilində idarəetmə rejimindən doğur. Onun müəyyən etdiyi bütün xaric siyasət, ayrı-ayrı dövlətlərə münasibəti, 17 ildən sonra, Qarabağı müharibə yolu ilə həll etməyə qərar verməsi, regionla bağlı irəli sürdüyü "3+3” formatı daxildə siyasi situasiya ilə izah edilməlidir. Bu xarici siyasətin izahı  bir çox halda daxildə demokratiya görmək istəməməklə bağlıdır.    

Bu yanaşmanın davamı olaraq onu da deyim ki, bəsit dillə izah etsək, ayrı-ayrı xarici siyasətlərin toplamı olan beynəlxalq siyasət özü də daxili siyasətlərin təsirindən kənar deyil.  Məsələn, yaxın keçmişdə aparteid rejiminə qarşı mübarizənin beynəlxalq siyasətdə güclü vüsət almasının əsas səbəbi daxildə Nelson Mandela simasında dirəniş siyasətinin аpoqeya çatması idi.   

Bəs siyasi həbslər daxildə hakimiyyət üçün bahalı ola bilərmi? 

Bir çoxları sual edəcəklər ki, ümumiyyətlə daxili və ya daxildə resurs varmı? Daxildə ümumiyyətlə nəsə eləmək mümkündürmü? Bir çoxlarınızdan fərqli olaraq bu suallara müsbət cavab verə bilərəm. Hətta siyasi sifariş əsasında həyata keçirilən həbslərlə bağlı, bəlkə də, yeganə uğur hekayəsi olan ictimai vəkillik kampaniyasının (onu aparanlar bəlkədə bu anlayışın mənasını bilmirdilər) demək olar ki, heç bir beynəlxalq dəstək olmadan sırf yerli resurslar əsasında həyata keçirilməsinin nümunəsi var.

"Tərtər hadisəsi” ilə bağlı aparılan ardıcıl kampaniya onlarla öldürülmüş, yüzlərlə vəhşicəsinə işgəncə görmüş şəxsin cəmiyyətin gözündə "vətən xainləri”nə münasibət kimi stereotip yanaşmanı sındıraraq, ictimai rəyi dəyişə və hakimiyyəti geri addım atmağa məcbur etdi. Niyə hakimiyyət geri addım atdı, çünki "onlarla ölü, yüzlərlə adama vəhşi işgəncə” hakimiyyət üçün üzərinə götürə biləcəyi ağır yük idi. Bu yük hər gün efirdən paylaşılmaqla daha bahalaşırdı...  

Bununla yanaşı, "vasitələrin bahalaşması”nın digər nümunələri də olub. 

2013-cü ilin fevralında İlqar Məmmədov həbs edildikdən bir il sonra Avropa İnsan Hüquqları Məhkəməsi onun azadlığa buraxılmasını tələb edən qərarını vermişdi. Buna rəğmən Azərbaycan hakimiyyəti bütün beynəlxalq təzyiqləri dəf edib İlqar Məmmədovu azadlığa buraxmırdı. Hətta İlqar Məmmədov barədə Avropa Məhkəməsinin qərarı icra edilmədiyi üçün Avropada heç vaxt işə salınmamış bir mexanizm olan Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndi belə işə salındı. 

Xatırlayıram, mən ilk dəfə müxtəlif beynəlxalq görüşlərdə bu mexanizmin adını çəkəndə mənə "cin görmüş” kimi baxır və "siz nə danışırsınız, biz heç vaxt bu vasitəyə əl atmamışıq, bunun  nə qədər ciddi nəticələrinin olacağını təsəvvür edirsiz?” - deyirdilər. Lakin bu mexanizm işə düşsə də, heç bir "ciddi nəticələr” olmadı. Daha sonra "Osman Kavala işi”ndə Türkiyə ilə bağlı da istifadə edilən bu mexanizmin tam bir əhəmiyyətsiz vasitə olduğu ortaya çıxdı... 

Buna rəğmən artıq bir-iki il sonra hakimiyyət İlqar Məmmədovu necə azadlığa buraxlması barədə ciddi düşünməyə başladı. Çünki 2013-cü ildə çox dar siyasi çərçivədə tanınan İlqar Məmmədovu 2016-cı ilə gəldikdə "içəridə İlham Əliyevə dirənən”, "İlham Əliyevin əsas rəqibi” kimi ölkənin ucqar yerlərində də tanıyırdılar. Bu tanınma hər gün yüksələn xətt üzrə gedirdi. ReAl-a ciddi axın başlamışdı. İlqar Məmmədovu həbsdə saxlama artıq sərfəli olmaqdan çıxmışdı, baha başa gələn vasitəyə çevrilirdi. Elə bu məqsədlə də hakimiyyət ReAl-ın içindən olan emissarlarını İlqar Məmmədovun yanına göndərib, onu neytrallaşdıraraq azadlığa buraxmağın yollarını axtarmağa başladı. Daha sonra 2018-ci ildə İlqar Məmmədov azadlığa çıxdı və sonrası da cəmiyyətə bəllidir...  

Burada cəmiyyətdə yaranan daha bir mifi dağıtmaq lazımdır. Belə qəbul olunur ki, həbslər cəmiyyətdə ruh düşkünlüyü yaradır. İnsanlar aktiv fəaliyyət göstərməkdən çəkinir, prosesdən uzaqlaşırlar. Bu dediyim kimi, mifdən başqa bir şey deyil. 

Həm İlqar Məmmədovun həbsi, həm də 2013-cü ilin martından başlayan "Nida”-çı gənclərin həbsi bu prosesin tam əksini göstərdi. Həm İlqar Məmmədovun həbsindən sonra ReAl böyüməyə başladı, həm də gənc liderlərin həbslərindən sonra yüzlərlə gənc "Nida”-ya üz tutdu. Ömər Məmmədov, Əbdül Əbilov, Qiyas İbrahimli, Bayram Məmmədov gənc liderlərin həbsindən sonra böyüyən o müqavimətin yaratdığı hadisələr idilər. Hər iki halda görünən odur ki, həbslər hakimiyyət üçün zərərli tendensiyaya çevrilə bilir. 

Unutmayaq ki, bütün avtoritarlar öz ölkələrinin orta statistik təmsilçiləridir. Onlar öz ehtiyac və ehtiyatlarına rasioanal reaksiya verirlər. 

Bu prosesin sonrakı uğursuzluğunun səbəbini başqa yerdə axtarmaq lazımdır. Bir şey dəqiqdir ki, bu prosesin sonu həbslərlə gəlmədi, əksinə, ruh düşkünlüyünün əsl səbəbi içəridəkilərin dirənişinin bitməsi oldu. Bu dirənişin bitməsi hansı səbəbdən baş verirdi, bu artıq başqa müzakirənin mövzusudur. Hazırkı yazıda məqsədim  bu suala cavab axtarmaq deyil, sadəcə, prosesi enən xəttə yönəldən hakimiyyət üçün həbsləri faydalı vasitəyə çevirən amilləri ələ almaqdır. 

Sevinc Vaqifqızı, Ülvi Həsənli və Məhəmməd Kekalovun həbsinə cəmiyyətin ilk reaksiyası və "nə etməli?” sualına cavab olaraq bu yazıyı yazmağa qərar verdim. 
 
Biz bir damcı da olsa, ruh düşkünlüyü yaşamağa haqqımız yoxdur. Sevincin həbs olunacağını bilə-bilə ölkəyə qayıtması və məhkəmədə hakimə "nə sənə, nə də sənə sifariş verənlərdən heç nə xahiş etməyəcəm” kimi demarşı çox ilhamvericidir. Əminəm, tanıdığım Sevinc bütün həbsi boyu insanları yerindən oynadacaq hələ çoxlu demarşlar edəcək. 

Sevincin demarşı bizə və yüzlərlə prosesə qoşulacaq insanlar üçün yaşıl işıq ola bilər. Bu resursu gözardı etmək və həvəsdən düşmək kimi lüksümüz yoxdur. Bu resursu inkişaf etdirib həbsləri hakimiyyət üçün bahalaşdırmalıyıq. 

Yeni "Nelson Mandelan” mübarək, Azərbaycan!

P.S. Bu yazıda istinad və təsvir etdiyim Azərbaycanın yaxın tarixinə aid hadisələr kimlərisə qınamaq, ittiham etmək və ya hər hansı şəkildə fərdi münasibətlər müəyyən etmək üçün əsas kimi istifadə edilə bilməz. Belə fəaliyyəti çox faydasız və zərərli hesab edirəm. Yeganə faydalı münasibət tarixi hadisələri empirik nümunələr kimi öyrənməkdir. Özümüzdə epistemioloji inqilab etməyincə həqiqətə çata, həqiqətə çatmayınca da çıxış yolunu tapa bilmərik. 

P.S.S. Bu yazı bu ölkədə həbsləri sifariş edənlərin qəzəbinə səbəb olcaqsa, dalımca gəlmək üçün əziyyət çəkməyə bilərlər. Zəng vurmaqları yetərlidir, özüm hara desələr, gəlməyə hazıram.