Ərdoğan: "ABŞ-ın məqsədi üzüm yemək deyil, bağbanı döyməkdir"

Ərdoğan:

16-12-2020 16:50 / Bu xəbər 704 dəfə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınan "S-400" zenit raket komplekslərinə görə, ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsinə münasibət bildirib. 

Xəbər "Anadolu" Agentliyi yayıb.

Ərdoğan sanksiyaların əsas məqsədinin ölkəsinin müdafiə sənayesində başlatdığı fəaliyyətin qarşısını almaq olduğunu deyib. 

Onun sözlərinə görə, bu yolla Türkiyəni asılı vəziyyətə salmaq istəyirlər. 

"Bu, necə müttəfiqlikdir?! Keçən həftə də Avropa Birliyinin Türkiyəyə qarşı sanksiya tətbiq etməsi məsələsi gündəmdə idi. Türkiyə niyə Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri alıb? Çünki ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin satışına icazə vermir. "F-35" təyyarələrinin minə yaxın hissəsini Türkiyə istehsal edib ABŞ-a verir. Senatda çıxan maneələrlə yanaşı, ABŞ bu sistemləri almaq üçün bizim tələblərimizin heç birini yerinə yetirmir və üzərimizə sanksiya silahını çəkir. Bu, bəhanədir. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bunu yaydıqları hesabatlarda da göstərirlər”, - deyə Türkiyənin dövlət başçısı qeyd edib. 

Ərdoğan CAATSA (Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsiylə Qarşı Çıxmaq Qanunu - red) ilə əlaqədar olaraq, Türkiyədən başqa heç bir ölkəyə bu sanskiyanın tətbiq edilmədiyini, ilk dəfə NATO üzvü kimi Türkiyəyə tətbiq edildiyini bildirib. 

"Bu qərar ölkəmizin suverenlik haqlarına qarşı aşkar bir hücumdur", - deyə Ərdoğan bəyan edib.(toplum.tv)