Ərdoğan Ermənistanda özünə xüsusi təmsilçi təyin edib

Ərdoğan Ermənistanda özünə xüsusi təmsilçi təyin edib

11-01-2022 17:52 / Bu xəbər 163 dəfə oxundu

Türkiyə Prezidenti yanvarın 10-da sərəncam imzalayıb

Sərdar Kılıç Türkiyənin Ermənistanda xüsusi təmsilçisi təyin olunub.

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi, Tokio və Vaşinqtonda səfir vəzifələrində çalışan Sərdar Kılıçın dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın "güvəndiyi bürokrat” kimi xarakterizə edilir.

Bu barədə "Sputnik-Turkiye” məlumat yayıb.

Bildirilir ki, Prezident Ərdoğan yanvarın 10-da bu Sərdar Kılıçın təyinatı haqda fərman imzalayıb.

Türkiyənin rəsmi qəzetində Prezidentin bazar ertəsi imzaladığı fərmanla Sərdar Kılıçın Ermənistan nəzdində Türkiyənin xüsusi təmsilçisi təyin olunması haqqında məlumat dərc edilib.

Məlumatda qeyd olunur ki, Sərdar Kılıçın atası İlyas Kılıç 1961-1980-ci illərdə Cümhuriyyət Xalq Partiyasının Samsundan deputatı olub.

Qardaşı Sinan Kılıç isə Ərdoğanın hələ İstanbul bələdiyyə sədri olanda şəxsi həkimi imiş.

Qardaşı oğlu Akif Çağatay Kılıç keçmiş gənclik və idman naziri, hazırda isə hakim partiyanın təmsilçisi kimi parlamentin xarici siyasət komissiyasının rəhbəridir.

Eyni zamanda, dünən Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin "Pegasus Airlines” aviaşirkətinə İstanbul-Yerevan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.

Bundan əvvəl Ermənistanın "Flyone” şirkətinə də analoji icazə verilib.

"Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq.

2021-ci ilin sonunda Ermənistan hökuməti Türkiyə istehsallı malların idxalına qoyulan qadağanı ləğv edib.

Dekabrın 27-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri yaxın vaxtlarda Moskvada görüş keçirə bilərlər.

Türkiyə-Ermənistan sərhədləri 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra bağlanıb.

Ermənistan Kəlbəcərə daxil olduqdan sonra, Ankara 1993-cü il aprelin 3-də bu ölkəylə bütün sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan etdi.

Kəlbəcər rayonu ötən ilin noyabrın 25-də Ermənistan ordusu tərəfindən boşaldılıb.(Meydan TV)