Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxdı

Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxdı

13-05-2022 17:51 / Bu xəbər 4893 dəfə oxundu

"Skandinaviya ölkələri sanki terror təşkilatları üçün qonaq evləri kimidir”

"Türkiyə Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13-də yerli jurnalistlərə deyib.

Ankaranın İsveç və Finlandiya ətrafında gedən prosesləri diqqətlə izlədiyini söyləyən Ərdoğan əlavə edib ki, PKK terrorçuları və onların əlaltıları hazırda Skandinaviya ölkələrində aktiv fəaliyyət göstərirlər.

"Təəssüf ki, Skandinaviya ölkələri sanki terror təşkilatları üçün qonaq evləri kimidir. Daha irəli gedirəm, öz parlamentlərində yer alırlar. Ona görə də biz buna müsbət baxa bilmərik”, – deyə o bildirib.

Finlandiya və İsveçin NATO-ya üzv olması gözlənilir.

Finlandiya Prezidenti Sauli Niinistö və Baş naziri Sanna Marin ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib və mayın 12-də birgə bəyanat yayıblar.

Bildirilir ki, bu, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək.

"Təşəbbüs parlament tərəfindən təsdiqlənərsə, Rusiyanın NATO ölkələri ilə sərhədi 1325 kilometr artacaq”, – deyə Sauli Niinistö qeyd edib.

Finlandiya Prezidenti Sauli Niinistö dünən keçirdiyi mətbuat konfransında deyib ki, Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün təhlükə yaratmayacaq.

Finlandiya II Dünya müharibəsindən sonra neytral status alıb, lakin 1994-cü ildən ölkə alyansla "Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq edir və alyansın Əfqanıstanda təşkil etdiyi missiyada iştirak edir.

NATO-nun Baş katibi Yens Stoltenberq iyunda Finlandiya və İsveçi alyansa dəvət edə bilər.

Rusiyanın da bu məsələyə reaksiyası gecikməyib.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Finlandiyanın NATO-ya üzv olması Rusiya üçün təhlükəlidir və Moskva öz təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görəcək.