Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"

Ərdoğan Fransa prezidentini tənqid edib:

09-12-2019 15:09 / Bu xəbər 978 dəfə oxundu

"Fransa Prezidenti Emmanuel Makron hələ də "İslam terroru” ifadəsini işlədir”. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının dekabrın 9-da İstanbulda keçirilən Sosial işlər nazirlərinin zirvə toplantısında bildirib.

"NATO toplantısında ona bir daha dedim ki, "İslam” sözünün mənası sülh deməkdir. Sən sülhlə terroru bir yerdə necə ifadə edə bilirsən? Bunu soruşanda susur. Ancaq sammitdə yenə təkrarlayıb”, - R.T.Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti Fransada bir neçə aydır davam edən "sarı jiletlilər”in aksiyalarına da toxunub:  "İndi "sarı jiletlilər” küçələrə çıxıb. Dayandır onları, biz də görək. Atalar deyib ki, "Alma məzlumun ahını, çıxar ahəstə -ahəstə”.
 
"Sarı jiletlilər” dekabrın 6-dan Fransanın müxtəlif şəhərlərində Prezident Emmanuel Makronun həyata keçirmək istədiyi pensiya islahatına qarşı növbəti etiraz aksiyası keçiriblər.