Ərdoğan: "İsveçin NATO-ya üzvlük müraciətini qəbul etməyəcəyik"

Ərdoğan:

01-02-2023 15:21 / Bu xəbər 818 dəfə oxundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin qəbul edilməyəcəyini bəyan edib. 

Dövlət başçısı bu barədə parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi fraksiyanın iclasında bildirib. 

Eyni zamanda o, Finlandiyanın alyansa qəbulu məsələsinin müsbət həll oluna biləcəyini vurğulayıb.

"İsveç vaxt itirməməlidir. Nə qədər ki, müqəddəs kitabımızın - "Quran"ın yandırılmasına, cırılmasına icazə verirsiniz və bunun fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətsiz qalırlar, biz sizin NATO-ya daxil olmanıza "hə" deməyəcəyik. Bununla belə, bu məsələdə Finlandiyaya müsbət münasibət bəsləyirik”, - deyə Ərdoğan bildirib.

Xatırlatma

"Quran" sentyabrın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında ifrat sağçı siyasətçi və anti-İslamçı təxribatçı Rasmus Paludan tərəfindən yandırılıb. 

O həm İsveç, həm də Danimarka vətəndaşıdır. 

İsveç mediası Paludanın Rusiyanın gizli kəşfiyyatının sifişiylə aksiya keçirdiyini yazır. 

Məlumata görə, onun sevgilisi rusdur və Rusiyanın İsveçdəki agentura şəbəkəsi ilə əlaqədədir. 

"Quran"-ın nümayişkəranə yandırılması İslam dünyasında tənqidlərə səbəb olub və İsveçin NATO-ya üzv olmaq üçün Türkiyə ilə qarşıdurmasını dərinləşdirib. 

Türkiyə Paludana "Quran"ı yandırmaq aksiyasını keçirmək üçün rəsmi icazə verilməsini qəbuledilməz adlandırır. 

İsveç və Finlandiya Rusiyanın Ukraynadakı işğalı fonunda NATO-ya üzvlük üçün müraciət ediblər. 

Ankara hər iki ölkənin PKK və YPG-yə "qahmar çıxdığını" bildirərək onların NATO-ya üzvlüyünə qarşı çıxır.