Ərdoğan: “Makron Fransanın başına bəladır”
04-12-2020 18:59 / Bu xəbər 964 dəfə oxundu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Milli Assambleyasının "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsinə kəskin reaksiya verib.
"Anadolu" Agentliyinin dekabrın 4-də yaydığı məlumata görə, Türkiyə Prezidenti hər şeydən əvvəl Fransanın Minsk Qrupunun vasitəçisi olduğunu xatırladıb, vasitəçilik missiyasını üzərinə götürən ölkənin belə qərarlar verməməli olduğunu bəyan edib.
"Fransanın onsuz da vasitəçilik missiyası qalmayıb. Makron Fransanın başına bəladır. Fransa hədsiz təhlükəli dövrdən keçir. Ümid edirəm, Fransa tezliklə Makron bəlasından qurtular. Əks təqdirdə o, "sarı jiletlillər”dən qurtula bilməyəcək. "Sarı jiletlilər” sonra "qırmızı jiletlilərə” çevrilə bilər. Belə bir bəla ilə qarşı-qarşıyadırlar. Dəyərli qardaşım İlham Əliyev fransızlara belə bir tövsiyə verib: "Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər”. Eyni tövsiyəni mən də verirəm. Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır. 28 ildir buralar işğal altında idi. ABŞ da, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti Bakıda keçiriləcək paradda iştirak etmək üçün tezliklə Azərbaycana səfər edəcəyini də bildirib.












